Tarix : 2023 Sep 28
Kod 63999

İran İsrail rejimi baş nazirinin son nüvə təhdidi ilə bağlı BMT-yə sərt etiraz edib

İranın BMT-dəki səfiri bu təşkilatın Baş katibi, Baş Assambleyası və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, sionist rejiminin baş nazirinin ritorikasını qətiyyətlə pisləyib və bu rejim tərəfindən beynəlxalq qanunların davamlı və açıq şəkildə pozulmasına etiraz edərək bildirib: “Biz milli maraqlarımızı müdafiə etmək üçün qanuni və təbii hüquqlarımızdan istifadə etməkdən çəkinməyəcəyik.”
arannews:irna- İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvaninin sentyabrın 25-i bazar ertəsi göndərdiyi məktubunda bildirilir: “Hökumətimin tapşırığına əsasən, Təhlükəsizlik Şurasının diqqətini İsrail rejiminin baş nazirinin İrana qarşı nüvə silahından istifadə ilə bağlı son xəbərdaredici və ciddi hədəsinə cəlb etmək istərdim.

İsrailin baş naziri Benyamin Netanyahu 22 sentyabr 2023-cü ildə BMT Baş Assambleyasının 78-ci iclasındakı çıxışında BMT-nin üzvü olan müstəqil ölkəyə qarşı nüvə silahından istifadə ilə bağlı açıq təhdidlər qaldırılmış və vurğulamışdır ki, “hər şeydən əvvəl, İran etibarlı nüvə təhlükəsi ilə üzləşməlidir və mən İsrailin baş naziri olduğum müddətdə İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlimdən gələni edəcəyəm”.

İranın BMT-dəki səfiri məktubunda əlavə edib: “Nüvə silahının bəşəriyyətin və planetin mövcudluğu üçün təhlükə olduğunu nəzərə alsaq, belə bir təhdidin intensivliyi müqayisə olunmazdır və beynəlxalq ictimaiyyətdə böyük sarsıntı yaradır, xüsusilə belə bir təhdid BMT-nin əsas sütunu və bütün üzv dövlətlərin təmsilçiliyi olaraq BMT Baş Assambleyası kimi mötəbər kürsüdən qaldırıldıqda.”

İrəvani vurğulayıb: “Şəraitdən asılı olmayaraq hər kəs tərəfindən, istənilən vaxt və istənilən yerdə nüvə silahından istifadə və ya sadəcə olaraq istifadə etmək hədəsi beynəlxalq hüququn, xüsusilə BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulmasıdır.”

İranın BMT-dəki səfirinin məktubunun davamında gəlmişdir: “Üstəlik, belə bir müharibə qızışdırıcı təhdid təcavüz və aparteid siyasətləri yürütdüyü, eləcə də terrorizmi dəstəklədiyinə görə geniş şəkildə qınanan, qabaqcıl adi silahlarla yanaşı, kütləvi qırğın silahlarının da arsenalına malik olduğu məlum olan qeyri-qanuni rejim tərəfindən qaynaqlanırsa, bu təhdid daha ciddi və şiddətli xarakter alır. Həmin səbəbdən biz beynəlxalq sülh və təhlükəsizliyə, beynəlxalq ictimaiyyətə qarşı təhlükəyə biganə qalmamalı və susmamalıyıq.”

Məktubun davamında qeyd olunur ki, İsrail rejimi kütləvi qırğın silahlarını qadağan edən hüquqi qüvvəyə malik sənədlərə qoşulmaq üçün dəfələrlə beynəlxalq çağırışlara həyasızcasına meydan oxuyur, Yaxın Şərqdə nüvə silahından azad zona yaradılmasına mane olur, İranın 1974-cü ildən bəri dəstəklədiyi təklifə qarşı çıxır. Ona görə də bu vəziyyət narahatlıq doğurur.

İranın BMT-dəki səfiri bildirib: “Biz beynəlxalq ictimaiyyət tərəfindən geniş səviyyədə sərt reaksiya verilməsini istəyirik. BMT Təhlükəsizlik Şurası İsrail rejiminin ehtiyatsız və təhlükəli bəyanatlarını qəti və açıq şəkildə pisləmək üçün xüsusi məsuliyyət daşıyır. Beynəlxalq asayişin və kollektiv insanlığımızın qorunması bu cür təhdidlərə qarşı sarsılmaz öhdəlik və qətiyyətli hərəkət tələb edir.”

İrəvani məktubda vurğulayıb: “İran İslam Respublikası İsrail rejiminin İrana qarşı nüvə silahından istifadə ilə bağlı təhlükəli təhdidini beynəlxalq hüququn müəyyən edilmiş məcburi normalarının açıq şəkildə pozulması kimi kəskin və açıq şəkildə pisləməklə yanaşı, beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun olaraq İsrail rejimi tərəfindən qaldırılan istənilən təhdid və qanunsuz hərəkətlərə qətiyyətlə cavab vermək üçün öz qanuni və ayrılmaz hüquqlarını qətiyyətlə vurğulayır və bildirir ki, öz təhlükəsizliyini, milli maraqlarını və xalqını müdafiə etmək üçün bu hüquqlarından istifadə etməkdən çəkinməyəcək.”

Sonda İranın BMT-dəki səfiri Təhlükəsizlik Şurasının hazırkı sədrindən bu məktubun Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq dərc olunmasını istəyib.

  • Yazılıb
  • da (də) 2023 Sep 28
  • Göndərən رضا رستمی