İnqilabın Ali Rəhbəri ölkə rəsmiləri, İslam ölkələrinin səfirləri və Vəhdət Konfransının qonaqları ilə görüşündə deyib: “Sionist rejimlə normallaşma qumarını özlərinə örnək edən hökumətlər ziyan görəcəklər, bunları uduzmaq gözləyir, səhvə yol verirlər. Avropalılar demişkən, uduzmuş at üzərində mərc edirlər.”
arannews:irna-peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd Mustafa (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günü münasibətilə İslam İnqilabının Rəhbəri ölkə rəsmiləri, İslam ölkələrinin səfirləri, Beynəlxalq İslam Vəhdəti Konfransının qonaqları və cəmiyyətin müxtəlif kəsimindən olan bir qrup şəxs ilə görüşdə, zalım güclərdə Qurani-Kərimin təlimlərindən yaranan təhlükə hissi onların bu İlahi kitabı təhqir etmək planlarının səbəbi sayaraq, ABŞ-ın və hegemon güclərin müdaxiləsi ilə mübarizə yolunun İslam ölkələrinin birliyi və təməl məsələlərdə vahid siyasətin mənimsənilməsi olduğunu vurğulayaraq dedi: Sionist rejimlə (İsraillə) münasibətləri normallaşdırmaq qumarı uduzmağa məhkum olan at üzərində mərc etmək kimidir, çünki bu gün Fələstin hərəkatı hər zamankından daha canlı və hazırlıqlıdır, qəsbkar rejim isə silinəcək və ölüm ayağındadır.
İnqilab rəhbəri Qurani-Kərimdən bir ayəni misal gətirərək, Peyğəmbər (s) borcumuzu ödəmə yolunu “Allah yolunda tam cihad” adlandırdı və dedi: Cihadın mənası təkcə silahla cihad etmək deyil, hətta, cihadın elm, siyasət, mərifət və əxlaq kimi bütün sahələrdə nümunələri var və bu sahələrdə cihad etməklə insan gücü çatdığı qədər o müqəddəs şəxsiyyətə borcunu ödəyə bilər.
O, bu gün İslamla düşmənçiliyin hər dövrdən daha açıq olduğunu vurğulayaraq, Qurana nadan təhqiri bu düşmənçiliyin nümunəsi hesab edib və diqqətə çatdırıb: Cahil bir axmaq təhqir edir, bir hökumət də onu dəstəkləyir. Bu da məsələnin sadəcə səhnədə olan və təhqiredici hərəkət olmadığını göstərir.
İslam İnqilabının Rəhbəri əlavə etdi: Pərdəarxası ünsürlərin məqsədlərini təmin etmək üçün özünü ən ağır cəzalara və edama məhkum edən o nadan və cahil insanla heç bir işimiz yoxdur. Söhbət bu cinayətləri və nifrət dolu əməlləri planlaşdıranlardan gedir.
Həzrət Ayətullah Xamenei Quranı bu hərəkətlərlə zəiflətmək fikrini puç və bunun Quran düşmənlərinin daxili mahiyyətini göstərdiyini bildirərək əlavə edib: Quran hikmət, elm, insan tərbiyə etmə və oyanış kitabıdır və Quranla düşmənçilik əslində bu uca məfhumlarla düşmənçilikdir. Təbii ki, Quran həm zülmü pislədiyi, həm də zülmə boyun əymiş məzlum şəxsi təqsirləndirdiyi üçün fitnə-fəsad törədən qüvvələr üçün təhlükədir.
O, Quranın təhqir edilməsinə haqq qazandıranların söz azadlığı kimi təkrar, yalan və səhv iddialarını onların abırsızlığını göstərdiyini bildirdi və dedi: Söz azadlığı bəhanəsi ilə Quranı təhqir etməyə icazə verən ölkələrdə sionist simvollarına təhqirə də icazə verirlərmi? Onların dünyanın qəddar, cinayətkar və talançı sionistlərinin hakimiyyəti altında olduqlarını hansı dillə daha aydın sübut edə bilərik.
O, Qərbi Asiya və Şimali Afrika bölgəsindəki İslam ölkələrinin birliyinin ABŞ-ın oğurluq, zorakılıq və müdaxiləsinin qarşısını alacağını vurğulayaraq dedi: Dəfələrlə dediyimiz kimi, biz heç kəsi müharibəyə və hərbi əməliyyata təşviq etmirik. Biz bundan çəkinirik. Ona görə də, birliyə və vəhdətə dəvət etməyimiz Amerikanın müharibə yaratmasının qarşısını almaq üçündür; çünki onlar müharibə yaradırlar və bölgədəki bütün müharibələrdə xarici barmaqlar var.
İslam İnqilabının Rəhbəri sionist rejimin müsəlman ölkələrinə qarşı nifrət və qəzəbini bu ölkələrin onun məqsədinə, yəni Nil çayından Fərat çayına qədər işğal etməyə mane olduqlarından qaynaqlandığını bildirdi və əlavə etdi: Onlar kin və qəzəblə doludurlar. Təbii ki, “Acığınızdan ölün” deyən Qurana görə, onlar ölməkdədirlər və Allahın köməyi ilə qəsbkar rejimlə bağlı bu ayə həyata keçəcəkdir.
O, Fələstin məsələsini və bir millətin əsir edilməsini və öz yurdlarından didərgin salınmasını, onlara işgəncə verilməsini və öldürülməsini son onilliklər ərzində İslam dünyasının əsas məsələsi adlandırıb və vurğulayıb: İslam Respublikasının qəti fikri budur ki, hökumətlər sionist rejimlə münasibətləri normallaşdırmaq qumarını öz işlərinə nümunə götürsələr, zərər çəkəcəklər; çünki bu rejim məhv olacaq və onlar uduzacaq at üzərində mərc edirlər.
Həzrət Ayətullah Xamenei Fələstin gəncləri və fələstinlilərin işğal və zülmə qarşı hərəkatını həmişəkindən daha canlı, enerjili və hazırlıqlı hesab edərək dedi: İnşallah, bu hərəkat nəticə verəcək və Həzrət İmam Xomeyninin işğalçı rejimi xərçəng xəstəliyi olaraq vəsf etdiyi kimi, bu rejimin kökü Fələstin xalqı və bütün bölgədəki müqavimət qüvvələrinin əli ilə kəsiləcək.