Ermənistanın Baş naziri qeyd edib ki, İrəvan Rusiya hərbi bazalarının öz ərazisindən çıxarılmasını müzakirə etmir.
arannews: Sputnik. “Ermənistanın qarşısında duran əsas vəzifə regionda uzunmüddətli sülhə nail olmaqdır, Qərbdən hərbi bazalar açmağı, silah-sursatla təmin etməyi tələb etməməkdir”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Wall Street Journal"a müsahibəsində deyib.
Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq, ilk növbədə diqqəti Türkiyə və Azərbaycanla tarixən daha uzun qonşuluğa yönəltməyə çağırıb:
“Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”.
O qeyd edib ki, yaxın aylarda Azərbaycanla sülh sazişinin imzalanmasının mümkünlüyünə nikbin yanaşır.
Nikol Paşinyan həmçinin qeyd edib ki, İrəvan Rusiya hərbi bazalarının öz ərazisindən çıxarılmasını müzakirə etmir.
"Biz indi daha çox başqa məsələləri müzakirə edirik, bu vəziyyətin səbəbini anlamağa çalışırıq və təbii olaraq mən də hesab edirəm ki, bu, Ermənistan və Rusiya, Ermənistan və KTMT arasında işçi müzakirələrin gündəliyi olacaq" - Ermənistanın baş naziri WSJ-yə müsahibəsində bildirib.