ARANNEWS:parstoday-Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda xarici jurnalistlərə verdiyi şərhində Ermənistanın "yeni yol ayrıcında" konsepsiyasının onun öz qərarı olduğunu deyib: “Ermənistan "yeni yol ayrıcında" konsepsiyası irəli sürüb. Lakin bu, onun öz qərarıdır və utopik xarakter daşıyır”,- Hikmət Hacıyev bildirib.
"Biz son üç ildə müzakirə apardıq, nəticə olmadı. Ona görə də Ermənistan müzakirə etməli, bunun nə dərəcədə effektiv olduğunu düşünməlidir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulsun. Artıq İran və Azərbaycan arasında hökumətlərarası sənədlər imzalanıb" - Hacıyev deyib.
O əlavə edib ki, digər tərəfdən, Qars-İğdır dəmiryolunun qurulması üçün Türkiyə ilə əlaqələr davam edir:
"Bununla da regionumuz ətrafında dairəvi dəmiryolu xətti qurulmuş olacaq. Ancaq Ermənistan son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözləyə bilmərik. Orta Dəhliz yeni reallıqlar ortaya çıxarır", deyə Azərbaycan prezidentinin köməkçisi deyib.
Ermənistan Rusiyanın nəzarətində olacaq dəhlizlə razılaşmır. Eyni zamanda Rusiya da 10 noyabr bəyanatına istinad edərək bu haqqına təkid edir. Digər tərəfdən Ermənistan rəhbərliyinin sürətlə qərəbə yönəlməsi regiondan kənar qüvvələrin təxribatçı müdaxilə və təsirlərinin artmasına səbəb olub və Ermənistan ərazisindən keçməklə Naxçıvanın Azərbaycanın əsas hissəsinə birləşməsi layihəsi tamamiylə naməlum perspektivlə üzləşib.
Belə bir şəraitdə rəsmi Bakı başqalarının oyunu olan və Azərbaycanın mənafeyi ilə heç bir uyğunluq təşkil etməyən “Zəngəzur dəhlizi” planından vaz keçmək qərarına gəlib və ən təhlükəsiz və tez olan İran marşrutunu seçib.
Rəsmi Bakının öz milli mənafeyinə uyğun olan bu qərarı sadəcə öz təxribatçı və hegemonçu məqsədlərini güdən Amerikanın xoşuna gəlməyib.
Belə ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Qarabağ erməniləri ilə bağlı Azərbaycana qarşı sərt ittiham və təhdidlər səsləndirməklə yanaşı Azərbaycanın İran ərazisindən faydalanmaq qərarına da müdaxiləçi formada qarşı çıxıb.
Azərbaycan Xarici İşlər Nazirliyi isə amerikan diplomatın müdaxiləçi bəyanatına cavab olaraq bildirib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.
“Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir”,-bəyanatda deyilir.
ABŞ-ın müdaxiləçi münasibətinə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də sərt reaksiya verib: “ABŞ böyük danışır, ona heç bir aidiyyəti olmayan məsələlərə müdaxilə edirlər. İranla region ölkələri, o cümlədən Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur”,- İran rəsmisi deyib.
Politoloq Elxan Şahinoğlu isə bildirir ki, “Əgər İran ərazisindən keçən yol Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcəksə, rəsmi Bakının maraqları təmin edilmiş olacaq. O halda bu gedişata heç kim mane ola bilməyəcək və Amerika da mövcud reallığı qəbul etməli olacaq”.