Müsavat Partiyası fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması ilə bağlı bəyanat yayıb.
arannews:parstoday-Bəyanatda hakimiyyət növbədənkənar seçkilər praktikasından öz “qələbəsini” asanlaşdırmaq məqsədilə istifadə etməkdə ittiham edilir. İlham Əliyevin ictimaiyyətə heç bir məlumat vermədən növbədənkənar seçkilərə qərar verməsi tənqid olunur: “Hakimiyyət bu qərarla siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirib”, - bəyanatda deyilir.
“Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq ki, bu da seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur”, - partiya hesab edir.
Bəyanat seçkilər ərəfəsində ölkədə repressiyaların yeni dalğasına rəvac verilməsi, siyasi fəalların və jurnalistlərin həbsinə diqqət çəkib və belə nəticə çıxarıb ki, hakimiyyətin bu dəfə də demokratik seçki keçirmək niyyətində deyil.
Müsavat Partiyası Azərbaycan hakimiyyətindən seçkilərin keçirilməsi üçün demokratik mühitin yaradılmasını, bütün siyasi məhbusların azad olunmasını, sərbəst toplaşma, söz və ifadə azadlığının, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin olunması tələb edir.