arannews:parstoday-Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayid Ali-Nəhyanın Azərbaycana səfəri zamanı görüşlərdə prezident İlham Əliyevin oğlu Heydər Əliyevin də iştirak etməsi ölkədə mübahisə doğurub. Atırladaq ki, Heydər Əliyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevlə eyni masada əyləşib.
Hər hansı vəzifə daşımayan Heydər Əliyevin Şeyx Məhəmməd bin Zayid Ali-Nəhyana verilən ziyafətə və rəsmi görüşlərə qatılması suallar doğurub. Çünki onun tədbirdə iştiraki xüsusi olaraq qabardılır.
Bəs hakimiyyət bu təqdimatla nəyin mesajını verir?
Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə verdiyi müsahibədə bildirib ki, BƏƏ Şərq dövlətidir, Şeyx Məhəmməd bin Zayid Ali-Nəhyan prezident olmazdan əvvəl əmirliklərdən birinin şeyxidir:
“Bu tərkibdə görüş isə Azərbaycanın Şərq dövləti olduğunun və onların yanında olmaq, müəyyən mənada onlara oxşamaq istəyinin nümayişidir. Həm də mütləqiyyət ənənələrinə hörmət ifadəsidir. Bu səbəbdən hakimiyyət belə bir nümayişi özü üçün normal və mümkün sayır. Bu, təəssüf doğurur”, deyə Rauf Mirqədirov qeyd edib.
Siyasi şərhçi əlavə edib ki, 8 yanvar görüşləri hakimiyyətin ötürülməsinin uzunmüddətli planları ilə bağlıdır və hakimiyyətin digər Əliyevə ötürmə istəyi ola bilər. Hazırkı anda hələlik gələcək üçün 2 namizəd haqda danışmaq mümkündür, onun biri birinci vitse-prezident Mehriban Əliyevadır. Bir qədər uzaq perspektivdə isə məhz Heydər Əliyev ola bilər.
Rauf Mirqədirov sonra deyib ki, hakimiyyəti ailədə saxlamaq iqtidarın əsas məqsədlərindəndir, çünki bu, iqtidarın toxunulmazlığını təmin edən vasitədir.