Rusiya KİV-i açıq etiraf edib ki, Moskva qonşu Gürcüstana qarşı müharibə edir. Xüsusən bildirilir ki, Şimali Qafqaz hərbi dairəsinin 58-ci ordusunun bölmələri Sxinvaliyə daxil olub
Russia Servisi/Aran Agentliyi
Rusiya öz hərəkətlərini sülhməramlı əməliyyat kimi təqdim etmək istəyir. Hərbi əməliyyatın mahiyyəti şəhərin və onun ətrafının gürcü qüvvələrindən təmizlənməsindən ibarətdir. RF prezidenti Dmitri Medvedev bunu "sülhə məcburetmə əməliyyatları" adlandırır. Moskvanın BMT-dəki nümayəndəsi Vitali Çurkin onu da deyib ki, Tbilisi üzr istəyənə qədər bombalama davam edəcək.
Şənbə günü səhər saatlarından Rusiya ordusu Sxinvalinin şimalında Tamaraşeni kəndində gürcü ordusunun mövqelərinə həmlə etməyə başlayıb. Bu, Gürcüstanyönlü xadim Dmitri Sanakoyevin administrasiyası yerləşən dörd gürcü kəndindən biridir.
Transqafqaz magistralı bu kəndlərdən keçir, uzun müddətdir ona Gürcüstan nəzarət edir. RF quru qoşunlarının nümayəndəsi İqor Konaşenkov KİV-ə bildirib ki, 58-ci ordu bölmələrinin komandirləri "gürcü bölmələrinin yerləşdiyi yerləri dəqiqləşdirir". Onun sözlərinə görə, Sxinvali ətrafına Rusiya xüsusi təyinatlılarının bölmələri gətirilib.
Əməliyyata quru qoşunlarının baş komandanı general Vladimir Boldırev rəhbərlik edir, əməliyyatın məqsədi gürcüləri Cənubi Osetiyadan çıxarmaqdır. Moskva Cənubi Osetiyaya tank, artilleriya, motoatıcı və kəşfiyyat bölmələri göndərib. Hücum və ordu aviasiyası münaqişə zonasına ən yaxın Rusiya aerodromlarında cəmləşib, deyə Konaşenko əlavə edib