Azərbaycan və Rusiya prezidentləri arasında Moskvada baş vermiş terror aktı ilə bağlı telefon danışığı olub.
arannews:parstoday-Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Dövlət başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb.
Prezident Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəsinin və xalqının bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd edib.
Rusiya Prezidenti başsağlığına və göstərilən həmrəyliyə görə Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.