arannews:parstoday-İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bəyan edib ki, İran İslam Respublikası regionda müharibə və ya gərginliyin artmasına can atmır, lakin istənilən hücum, onun həyati maraqlarını və təhlükəsizliyini hədəf alan təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə tam hazırdır. İRNA-nın verdiyi məlumata görə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının Livanla bağlı iclasında deyib: “İran mütləq şəkildə beynəlxalq qanunlara tam uyğun olaraq qanuni müdafiə hüququndan istifadə edəcək”.
İran İslam Respublikasının yüksək vəzifəli diplomatı sonra Livanın sionist rejim tərəfindən təcavüzə məruz qalmasına toxunaraq qeyd edib ki, beynəlxalq ictimaiyyət Livanda yaşanan faciənin daha da pisləşməsinə imkan verməməlidir və humanitar yardımın Livana maneəsiz çatması vacibdir.
15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasına müraciət edən İrəvani daha sonra deyib: “Bu şuranın etibarı risk altındadır. İran İslam Respublikası üzv dövlətlərdən dərhal hərəkətə keçməyə və atəşkəsin bərqərarı tələb edir. Bundan əlavə, İran İslam Respublikası Təhlükəsizlik Şurasından İsrail rejimini Livan və Fələstin xalqlarına qarşı soyqırım müharibəsi və cinayətlərə görə məsuliyyətə cəlb etməyi xahiş edir”.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi vurğulayıb ki, bu şura qətiyyətli mesaj verməli, İsrail rejiminin işğalı və təcavüzünə son qoyulmalıdır. İsrail rejimi 1701 saylı qətnaməni tam yerinə yetirməlidir. Bu böhranın ədalətli həlli üçün Livanın suverenliyi və müstəqilliyinin tanınmasına, İsrail rejiminin qeyri-qanuni işğalına və təcavüzünə son qoyulmasına, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət lazımdır.