Tarix : 2024 Oct 15
Kod 65055

Prezident: İran Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsi üçün istənilən layihəni alqışlayır

Prezident İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına səbəb olacaq hər hansı layihə və addımı alqışladığını vurğulayaraq deyib: “İnsanlar arasında ünsiyyəti və qarşılıqlı əlaqəni asanlaşdırmaq imkanı yaratmalıyıq.”
arannews:irna-Məsud Pezeşkiyan bu gün, bazar ertəsi - oktyabrın 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşdə birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Siz bizim qardaşlarımızsınız və iki ölkə arasında əlaqələrin genişləndirilməsi bizim üçün çox dəyərlidir.”

Prezident deyib: “Hesab edirik ki, heç bir ölkənin suverenliyi gözardı edilməməlidir, digər tərəfdən, biz başqa ölkələrin ayağının regiona açılmasını bu region ölkələrinin maraqlarına uyğun hesab etmirik. Çünki birlikdə çalışaraq təhlükəsizlik və bununla bağlı məsələləri həll edə biləcəyimizə inanırıq. Bu, İran İslam Respublikası hökumətinin hər zaman vurğuladığımız əsas siyasətidir.”

Dövlət başçısı əlavə edib: “Digər qonşu dövlətlərin və regionun İslam ölkələrinin rəsmiləri ilə görüşdə də vurğulamışam ki, biz insanlar arasında ünsiyyət və münasibətləri asanlaşdırmaq üçün imkan yaratmalıyıq. Bu baxımdan İslam ölkələri arasında əlaqələri daha da inkişaf etdirən bütün layihələri alqışlayırıq.”

Doktor Pezeşkiyan sonra deyib: “İki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırıq. Həmçinin enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığı davam etdirməyə və genişləndirməyə maraqlıyıq, bu sahələrdəki razılaşmalara sadiqik.”

Görüşün davamında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev də ölkəsinin İran İslam Respublikası ilə əlaqələrini genişləndirməyə hazır olduğunu bəyan edərək deyib: “Azərbaycan Prezidenti adından bildirirəm ki, İranla iqtisadi, ticarət, enerji mübadiləsi xətləri, mədəni, tranzit və birgə avtomobil və dəmir yolu xətlərinin tamamlanması və inkişafı, təhlükəsizlik və müdafiə sahələrində əlaqələri genişləndirmək istəyir və İranla əlaqələrimizə böyük əhəmiyyət veririk.”

Baş nazirin müavini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin regionda sülh və sabitliyin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bəyan edərək deyib: “Bizim heç bir ölkəyə ərazi iddiamız yoxdur, digər tərəfdən, heç bir ölkənin ərazi bütövlüyümüzlə bağlı iddiasını qəbul etmirik. Hesab edirik ki, regionun məsələləri və problemləri region ölkələri arasında danışıqlar yolu ilə həll edilməlidir.”

  • Yazılıb
  • da (də) 2024 Oct 15
  • Göndərən رضا رستمی