arannews:irna- İran və Türkiyə xarici işlər nazirlərinin bu gün (19 oktyabr, şənbə) görüş və fikir mübadiləsindən sonra birgə mətbuat konfransı başlayıb. Seyid Abbas Əraqçi mətbuat konfransında Qafqazla bağlı 3+3 formatında dünənki mühüm danışıqlardan sonra Türkiyə Prezidenti və Xarici İşlər naziri ilə ikitərəfli danışıqlar apardığına diqqət çəkərək deyib: “Sizin aranızda olmaqdan şadam. Türkiyə və İran İslam dünyasının iki mühüm ölkəsi olaraq, tarixən dostluq əlaqələrinə malik olublar və birgə əməkdaşlıqla regionun sülh, sabitlik və təhlükəsizliyində təsirli rol oynaya bilərlər.”
Xarici İşlər naziri əlavə edib: “Hörmətli Hakan Fidanla ikitərəfli və çox məhsuldar görüşlərimiz oldu, həm də cənab Ərdoğanla çox yaxşı görüşümüz oldu. Apardığımız danışıqlarda ikitərəfli münasibətlərin bütün sahələrdə möhkəmlənməsi vurğulandı, iki tərəf arasında mühüm gündəm müəyyən edildi.”
Əraqçi deyib: “Terrorla mübarizə ikitərəfli problemdir. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, ekoloji problemlər, enerji və birgə investisiyalar sahəsində əməkdaşlığın artırılması, bank və turizm əlaqələrinin gücləndirilməsi, habelə nüvə enerjisindən dinc məqsədlərlə istifadə iki tərəfin müzakirə etdiyi mövzular arasında oldu.”
Bölgə barıt çəlləyinə çevrilib. Bu, dünyanı ciddi təhlükə qarşısında qoya bilər. Müharibə ehtimalı hələ də ciddidir və sionist rejimdən başqa heç kim bunu istəmir, lakin biz istənilən ssenariyə hazırıq” - deyə, Əraqçi vurğulayıb.
Xarici İşlər naziri deyib: “Şəhid Sinvarın terror edilməsini pisləyirik. Təbii ki, bu məsələ Fələstin xalqının müqavimət və mübarizə yolunda heç bir xələl yaratmır, əksinə ona daha çox motivasiya və sürət verir. Bu şəhadət münasibəti ilə Fələstin xalqına başsağlığı verirəm.”
Türkiyənin Xarici İşlər naziri Fidan da bu mətbuat konfransında bildirib: “Dünənki görüşdə Cənubi Qafqazla bağlı mühüm müzakirələr apardıq. Cənab Əraqçiyə də iştirakına görə təşəkkür edirəm. İranın ikitərəfli və regional əlaqələrin inkişafı ilə bağlı mesajlarından məmnunuq. Çünki hər iki tərəf bölgənin qədim ölkələrindən olaraq regionda sülhü və sabitliyi hədəfləyir.”
Fidan nüvə sənayesindən dinc məqsədlərlə istifadə olunmasına razı olduqlarını bəyan edərək bildirib: “Bu gün biz regional məsələlərdən də danışdıq. İsrail Livan və Fələstində müharibə və cinayətlər törədir. Netanyahu İranı müharibəyə sürükləməyə çalışır, İranın nüvə obyektlərini təhdid edir və İranı cavab tədbirləri görməyə məcbur edir.”
Türkiyə Xarici İşlər naziri qeyd edib ki, sionist rejim təhdidlərə son qoymalıdır, çünki biz bu gün gərgin bir bölgədəyik. Biz müharibə istəmirik və təmkinli olmalıyıq. Qəzzədə atəşkəs elan edilməli və İsrail istənilən təhdid və təcavüzdən əl çəkməlidir.