Suriya Prezidenti Bəşər Əsəd bazar günü İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib. Görüşdə ümumi vəziyyət və son hadisələr müzakirə olunub.
arannews:shafaqna-Suriya Prezidenti görüş zamanı vurğulayıb ki, “terrorla mübarizə aparmaq, onun strukturunu dağıtmaq və mənbələrini qurutmaq təkcə Suriyaya deyil, bütövlükdə bölgənin sabitliyinə xidmət edir.” O əlavə edib ki, “Suriya dövləti, ordusu və xalqı öz ərazilərinin hər bir hissəsində terror təşkilatlarına qarşı mübarizəni güclü və qətiyyətlə davam etdirəcək.” Abbas Əraqçi bazar günü rəsmi nümayəndə heyətinin rəhbəri kimi Suriya paytaxtı Dəməşqə çatıb.
İranın “Mehr” xəbər agentliyi bildirib ki, Əraqçi regional səfərinin ilk dayanacağı olaraq bazar günü Dəməşqə gəlib. Xəbərdə qeyd olunur ki, bu səfər yüksək səviyyəli Suriya rəsmiləri ilə regional məsələlər, xüsusilə Suriyadakı son hadisələr barədə məsləhətləşmələr çərçivəsində həyata keçirilir.
Nazir Əraqçinin Dəməşqə səfəri Suriyanın şimal-qərbindəki terrorçu qrupların hərəkətliliyindən sonra baş tutub. Bu qruplar bir neçə mövqedə irəliləyib, buna cavab olaraq Suriya və Rusiya orduları hərəkətə keçərək terrorçuları dəf edib və işğal olunmuş əraziləri azad edib.
Əraqçi Tehrandan Dəməşqə yola düşməzdən əvvəl etdiyi çıxışda bildirib ki, “Suriya ordusu terrorçular üzərində bir daha qələbə çalacaq.” O, qeyd edib ki, “ABŞ, sionist rejim və təkfirçi qruplar eyni istiqamətdə hərəkət etdiklərini sübut ediblər” və əlavə edib ki, “bu hərəkətlər əvvəllər olduğu kimi yenə də uğursuzluqla nəticələnəcək.”