Gürcüstandakı vəziyyət «Bakı-Tiflis-Qars» dəmir yolunun tikintisinə təsir etməyəcək
Azərbaijan Servisi/Aran Agentliyi
«BP-Azərbaycan» şirkəti «Bakı-Supsa» kəməri ilə neftin nəqlini dayandırıb. Şirkətdən verilən məlumatda bildirilir ki, bu qərar Gürcüstandakı vəziyyətdən ehtiyat edilərək verilib. Regionda vəziyyət sabitləşən kimi qara qızılın ixracının bərpa ediləcəyi bildirilir.
Dövlət Neft Şirkətindən verilən məlumata görə, «Bakı-Tiflis-Ceyhan» əsas ixrac neft kəmərinin Türkiyə hissəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılanadək Azərbaycan nefti dünya bazarına alternativ yollarla nəql olunacaq. Şimal marşrutundan əlavə, neft və neft məhsullarının ixracı həmçinin dəmir yolu vasitəsi ilə həyata keçirilir. Rusiyanın «Transneft» şirkətinin vitse-prezidenti Mixail Barkov bildirib ki, avqustda neftin nəqli 2 dəfə artırılaraq 166 min tona çatdırılıb.
Gürcüstandakı vəziyyət «Bakı-Tiflis-Qars» dəmir yolunun tikintisinə təsir etməyəcək. TRASEKA-nın Azərbaycan milli katibliyinin rəhbəri Akif Mustafayev bildirib ki, indi tikinti işləri yeni başlayıb və hər hansı ləngimədən söhbət gedə bilməz. Üstəlik, belə iqtisadi layihələrin reallaşdığı Gürcüstanda vəziyyət yaxın vaxtlarda sabitləşəcək.
Amma TRASEKA katibliyində son prosseslərin daşımalara təsir edəcəyini istisna etmirlər. Xatırladaq ki, hadisələrdən əvvəl Gürcüstana gündə 700-ə qədər vaqon yola salınırdı. Dövlət Dəmir Yolu dünən qonşu ölkəyə 400-ə qədər vaqonun göndərildiyini bildirib.