Tarix : 2025 Jan 30
Kod 65238

Van-Tehran marşrutunda sərnişin qatarları fəaliyyətə başlayacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Van-Tehran sərnişin qatarlarının bilet satışına 20 fevralda başlanacağını bildirib.
arannews:shafagna- türk mediasına istinadən xəbər verir ki, Uraloğlu ilə İranın Yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında paytaxt Ankarada görüş baş tutub.

O, verdiyi açıqlamada bu səfərin ölkələr arasındakı münasibətlərin daha da irəli aparılmasına töhfə verəcəyini qeyd edib.

Quru, hava və dəmir yolu daşımaları mövzularını müzakirə etdiklərini bildirən Uraloğlu gömrük keçidlərində daha sürətli hərəkət etmək mövzusunda da razılığa gəldiklərini vurğulayıb. Abdulkadir Uraloğlu “Van-Tehran sərnişin qatarlarının bilet satışına 20 fevralda başlayırıq” deyə bildirib.

İranlı nazir Fərzanə Sadiq isə Türkiyə ilə daşımalar sahəsində əməkdaşlığı inkişaf etdirməyi hədəflədiklərini qeyd edib. O, “İran Türkiyə üçün Uzaq Şərqə və Şərqə açılan bir qapıdır. Türkiyə isə İran üçün Qərbə açılan bir qapıdır. İki ölkə arasındakı sərhəd əlaqələrinin artırılması tranzit yük daşımalarının həcminin artmasına da fayda verəcək” deyə bildirib.

Tehran-Van sərnişin qatarı səfərlərinin başlaması ilə bağlı razılaşmanın İran və Türkiyə arasında qarşılıqlı turist sayının artırılmasına töhfə verəcəyinə diqqət çəkən Fərzanə Sadiq iki ölkənin inkişafının bölgə ölkələri üçün də faydalı olacağını vurğulayaraq “İki ölkə arasında tranzit daşımalar sahəsindəki inkişaf və tərəqqi bölgəmizin sülh və sabitliyinə də töhfə verəcək” deyə qeyd edib.

  • Yazılıb
  • da (də) 2025 Jan 30
  • Göndərən رضا رستمی