arannews:irna-Doktor Məsud Pezeşkiyan bu gün, şənbə, 8 fevralda Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Rəhbərlik Şurasının üzvləri ilə görüşündə müqavimət cəbhəsinin bütün şəhidlərinin xatirəsini ehtiramla yad edib, müqavimətçi, eyni zamanda zülmə məruz qalmış Qəzzə xalqının sionist rejimə qarşı qələbəsini və dəyərli nailiyyətlərini təbrik edərək deyib: “Sionist düşmənin öz məqsədlərinə çatmasının qarşısını almaqda sizin və məzlum Qəzzə xalqının böyük nailiyyətləri, öz torpağınızın azad edilməsi üçün qurban verdiyiniz çoxsaylı şəhidlərə baxmayaraq, təqdirəlayiqdir. Bu qələbə münasibətilə bütün mücahidləri və bütün Qəzzə xalqını təbrik edirik.”
Prezident daha sonra Qəzzə xalqına kömək etmək və regionun yenidən qurulması üçün xüsusilə İslam ölkələrinin iştirakı ilə beynəlxalq koalisiyanın yaradılmasının vacibliyini vurğulayaraq əlavə edib: “Şübhəsiz ki, İslam ölkələri qarşılıqlı yardımla Qəzzəni yenidən qura və yaşayışı bu bölgənin müsəlman xalqına qaytara biləcəklər.”
Pezeşkiyan həmçinin İran İslam Respublikasının müqavimət cəbhəsi və Qəzzənin məzlum xalqına verdiyi dəstəyi vurğulayaraq deyib: “Müqavimətin son qələbəsinə əminik, çünki Uca Allah Qurani-Kərimdə bunu vəd edib.”
Bu görüşdə HƏMAS-ın Rəhbərlik Şurasının üzvü İran İslam Respublikası və bütün müqavimət qruplarının sionist düşmənə qarşı bu qələbəyə nail olmaq yolunda Fələstin müqavimətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirərək deyib: “Sizinlə görüşümüzün İslam İnqilabının qələbəsi və xalqımızın Qəzzədə qazandığı qələbə ilə üst-üstə düşməsindən çox şadıq. Bu dəstək və müşayiətin davamı ilə Fələstin müqaviməti bu qələbəni döyüşün son mərhələsinə, yəni Fələstin torpaqlarının azad edilməsinə daşımağa hazırlaşır.”
HƏMAS-ın Rəhbərlik Şurasının üzvü Qəzzədə 60 mindən çox şəhidin və müqavimətin tanınmış lider və komandirlərinin, o cümlədən şəhid Seyid Həsən Nəsrullah, şəhid Həniyyə, şəhid Sinvar, şəhid Aruri və şəhid Səfiyəddinin xatirəsini yad edərək deyib: “Bu gün Qəzzədə bombaların, raketlərin, minaatanların səsi kəsilsə də, Qəzzədə və bölgədə bizi məhv etmək üçün nə qədər böyük müharibə apardıqlarını, Qəzzə, Livan, İraq, Yəməndəki müqavimət qruplarının əli ilə hansı məğlubiyyətlərə uğradıqlarını və bütün bu nailiyyətlərin tarixdə əbədiləşdirildiyini unutmayacağıq.”
HƏMAS Rəhbərlik Şurasının üzvü qeyd edib ki, sionist rejimə qarşı qələbəmizi şərtləndirən silah və sursat deyil, Uca Allaha həqiqi iman və torpaqlarımızı azad etmək üçün möhkəm əzmdir.
O, bəyan edib ki, Qəzzə xalqı müqavimət piramidasının zirvəsindədir və bu qələbə onların adınadır, çünki onların duruşu müqavimət qruplarının duruşunu mümkün etdi. Biz Allahın vədinə inanırıq və əminik ki, son məqsədə çatana qədər Onun yardımı bizə şamil olacaq.
O, həmçinin ABŞ və sionist rejimin Qəzzənin gələcəyi ilə bağlı son iddialarını dəyərsiz hesab edərək vurğulayıb: “Qəzzənin gələcəyi bölgə xalqına məxsusdur və fələstinlilər arasında birgə milli tərəfdaşlıq yolu ilə idarə olunacaq.”