Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Rəhbərlik Şurasının sədri və üzvləri və Siyasi Ofisinin nümayəndələri ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüblər.
arannews:parstoday-Ölkəmizin yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edən Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Rəhbərlik Şurasının sədri və üzvləri, habelə Siyasi Ofisinin nümayəndələri bu gün günorta saatlarında Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb. Ölkəmizin Xarici İşlər naziri bu görüşdə Qəzzədə müqavimət göstərən Fələstin xalqının sionist işğalçı rejimin cinayətləri və soyqırımı qarşısında əldə etdiyi tarixi qələbəni təbrik edərək vurğulayıb: “Qəzzə əhalisinin bu kiçik ərazidə sionist rejimin misli görünməmiş soyqırımına qarşı müqaviməti tarixə yazılacaq və əbədi olaraq qalacaq. Səbirli Fələstin xalqının vətənlərinə qayıtması səhnələrində təcəlli edən müqavimət gücü bütün müsəlmanlar və dünyadakı azadlıqsevər insanlar üçün qürur mənbəyidir.”
“Sionist rejim vəhşi cinayətlər törətməsinə, minlərlə qadın, uşaq və müdafiəsiz insanı qətlə yetirməsinə baxmayaraq, tamamilə məhv etmək niyyətində olduğu bir hərəkatla danışıqlar aparmağa və razılığa gəlməyə məcbur oldu. Əslində, işğalçı rejim öz məqsədlərinə nail ola bilmədi və HƏMAS öz inancının gücünə və xalqın mövqeyinə arxalanaraq, düşməni müqavimət şərtləri əsasında atəşkəsi qəbul etməyə və işğalçı rejimin illərdir əsir saxladığı fələstinli məhbusların azad edilməsinə məcbur edə bildi” - deyə, Əraqçi qeyd edib.
Xarici İşlər naziri həmçinin bildirib: “ABŞ prezidentinin fələstinliləri Qəzzədən zorla köçürmək planı müstəmləkəçilərin Fələstini yer üzündən silmək planı əsasındadır. Bu, beynəlxalq hüququn bütün prinsiplərinə və beynəlxalq qətnamələrə ziddir, ən əsası isə humanitar prinsiplərə ziddir və tamamilə qəbuledilməzdir.”
Əraqçi İslam Əməkdaşlıq Təşkilatının baş katibi, bəzi Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri ilə təşkilatın xarici işlər nazirlərinin fövqəladə toplantısının keçirilməsini izləmək üçün apardığı telefon danışıqlarına toxunaraq, İslam ölkələrinin bu təhlükəli fitnəyə qarşı tutarlı və qətiyyətli mövqe tutmasının vacibliyini vurğulayıb.”