arannews:irna-İranda Ramazan ayı dini münasibətdən daha geniş qarşılanır. Bu ay ölkənin müxtəlif yerlərində mədəni, dini və ictimai müxtəlifliyi nümayiş etdirmək üçün bir fürsətdir. İranın hər bir bölgəsi bu ayda xüsusi yeməklərdən və dini mərasimlərdən tutmuş xeyriyyə tədbirlərinə və ehtiyacı olanlara yardıma qədər özünəməxsus xüsusiyyətlərini sərgiləyir. Bütün bu adət-ənənələrin ortaq cəhəti bu adətlərin hər birinin əsasında dayanan həmrəylik, sevgi və bir-birinə hörmət ruhudur. İranda Ramazan təkcə Allahla ünsiyyəti gücləndirmək deyil, həm də ictimai və mədəni əlaqələri gücləndirmək üçün bir fürsətdir. Ramazan ayında Ərdəbil əhalisinin adət-ənənələri
Ərdəbillilər Ramazan ayının gəlişini qeyd etmək üçün Şəban ayının son üç gününü oruc tuturlar. Ərdəbildə bu ənənə “Qabağa getmək” kimi tanınır. İftar vaxtı bütün mağazaların bağlı olduğu bu ay şəhərdə ağır sükut hökm sürür. Sübh azanı yaxınlaşanda və iftarın son anlarında mərhum Müəzzinzadə Ərdəbilini xatırlamayan bir kəs yoxdur. Ərdəbil əhalisi arasında azan oxumaq qədim ənənə olduğundan, kəndin bir çox möminləri evlərinin damına çıxıb sübh çağı azan oxuyurlar.
“İftarliq” və ya “İftar süfrəsi” Ramazan ayında Ərdəbil camaatı arasında ən çox yayılmış adət-ənənələrindən biridir. Ərdəbillilər bu süfrəni açaraq bir-birini iftara dəvət edirlər. Bununla bağlı Meşkinşəhr əhalisi arasında yayılmış maraqlı bir adət vardır ki, ilk dəfə oruc tutan yeniyetmə oğlan və qızları oruc tutmağa təşviq edir, onların şərəfinə möhtəşəm ziyafət təşkil edirlər və iftardan sonra onlara hədiyyə verirlər. Bunu da qeyd edək ki, ərdəbililərin Ramazan ayında gül mürəbbəli firni ən çox sevdiyi yeməkdir.

Ramazan ayında Təbriz əhalisinin adət-ənənələri
Evdə təmizlik işləri, fətir bişirmək, Ayı görərkən güzgüyə baxmaq, təzə gəlinlərə və bəylərə hədiyyə göndərmək, məscidlərdə təmizlik işləri, İbn Mülcəm torbası tikmək Şərqi Azərbaycan vilayətinin camaatının Ramazan ayı gələndə gördüyü işlərdəndir. Şərqi Azərbaycanın əksər şəhər və kəndlərində insanlar Ramazan bayramına bir neçə gün qalmış dini məkanlara və məscidlərə toplaşır, məscidləri təmizləyir, camaat namazı üçün lazımi şərait yaradırlar.
Təbrizin kənd və şəhərlərində bacarıqlı qadınlar “Nəzyə” adlı fətir növünü bişirməyə başlayırlar. Bu çörək yerli çörək növü hesab olunur və təbrizlilərin süfrələrini daimi bəzəyir.
Ramazan ayını qarşılama mərasimi bu bölgədə ən çox yayılmış adət-ənənələrdən biridir. Bu vilayətin şəhər və kəndlərində bəzi insanlar ayı görmək üçün evlərinin damına çıxırlar. Onlar inanırlar ki, hilalı gördükdən sonra güzgüyə baxıb Allahın Rəsuluna (s) və onun ailəsinə salavat-salam göndərmək xoşbəxtlik gətirir.
Bu günlərdə təbrizlilər bəyin ailəsini və yaxınlarını iftar süfrəsinə dəvət edir, sonra bəyin ailəsi də öz növbəsində gəlinin ailəsinə və yaxınlarına iftar süfrəsi açır. İftarlıq mərasiminə aid onların başqa bir adəti də var: əvvəl kiçiklər böyüklərin evinə gedirlər və əgər ailənin maddi vəziyyəti yaxşıdırsa, qohum-əqrəba üçün iftarın verilməsində təşəbbüskar olmalıdır.

Ramazan ayı Zəncan vilayətində
Zəncan vilayətində bir sıra adət-ənənələr mövcuddur ki, onların bəziləri unudulsa da, bəziləri bu gün də davam etdirilir. Keçmiş dövrlərdə insanları sübh vaxtı yuxudan oyandırmaq üçün qapıları döymək, məşq toplarından atəş açmaq kimi müxtəlif maraqlı üsullar var idi. İllər sonra Zəncanda kibrit fabriki qurulanda onun məsul şəxsi fit çalaraq sahur, hətta iftarın vaxtını elan edirdi. Həmçinin, məlumat vermək üçün nə saat, nə radio, nə də səsgücləndirici olmadığı bir vaxtda bəzi insanlar damlara çıxıb yüksək səslə münacat oxuyur, insanları yuxudan oyadır, onları məlumatlandırırdılar.
Zəncan əhalisinin maraqlı ənənələrindən biri də yeni evlənənlər üçün iftar süfrəsidir. Hazırkı dövrdə gəlinin ailəsini və yaxın adamlarını iftara dəvət etməklə bu mərasimi keçirirlər.
Zəncanlılar süfrələrini çay çörəyi ilə zənginləşdirirlər. Bu dadlı çörək un, şəkər, yumurta, maye yağ və küncütdən hazırlanır. Ramazan ayının 19 və 21-ci gecələri Zəncanda matəm gecələridir. Əzadarlıq edənlər İmam Zamana (ə) aid Fərəc duası, Əbu Həmzə duası, Cövşən-kəbir duası oxumaqla və namaz qılmaqla əhya saxlayır, gecəni ibadət və münacatla məşğul olurlar.

Ramazan ayında Həmədan əhalisinin adət- ənənələri
Həmədanın Ramazan ayinləri ilə bağlı uzun bir keçmişi var. Onlardan bəziləri hətta İslam tarixinə gedib çıxır və uzun illərdən sonra bu ənənələr hələ də yaşayır.
Həmədandakı bu qədim ənənələrdən biri də Ramazan ayının 27-də bərəkət kisəsi tikməkdir. Bu gün oruc tutan xanımlar günorta namazı vaxtı özləri ilə ip, iynə və parça götürərək məscidə gedirlər, zöhr və əsr namazları arasında bir və ya bir neçə bərəkət kisəsi tikirlər.
Həmədan camaatı inanır ki, kim bu kisələrə pul qoysa, Allah onların malını artırar. İftar zamanı hacətlərin alınması niyyəti ilə müşkül açan qoz-fındıq paylamaq, həmçinin, iftar süfrəsindən çörək qırıntılarının yığılması Həmədanda müqəddəs Ramazan ayının daha bir yayılmış ənənəsidir.

Ramazan ayında Tehran əhalisinin adət-ənənələri
Keçmişdə Tehran camaatının yayılmış ənənələrindən biri toplardan atəş açmaqla iftar vaxtını şəhər camaatına elan etmək idi. Tehranlıların daha bir qədim ənənəsi din xadimlərini kənd və məhəllələrdəki məscidlərə dəvət etmək olmuşdur. Ruhanisi olmayan kəndlər və ya məhəllələr bu ay ərzində şəhərin imam cüməsindən ora din xadimi göndərməsini xahiş edərdilər. Bəzən də özləri Qum şəhərinə gedib din xadimlərini öz kəndlərinə və yerli məscidlərə dəvət edirdilər.
Qədim adət-ənənələrə görə, Tehran əhalisi radio və televiziya olmadığı bir vaxtlarda səhər duasını oxumağı öz övladlarından birinə tapşırırdılar, sonra səhər duasına qulaq asardılar. Müxtəlif növ aş və həlim bişirib oruc tutanlar arasında paylamaq, maliyyə məsələləri üzündən həbsxanada olan məhbusların azadlığa buraxılması üçün yardım toplamaq, Quran tilavəti məclisləri qurmaq, səhər münacatları oxumaq və iftar süfrələrinin verilməsi Tehran əhalisinin keçmişdə olduğu kimi indi də mübarək Ramazan ayında davam etdirdiyi ənənələrdən sayılır.
