İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini müsahibəsində Ermənistan və Azərbaycan Respublikası arasında “Sülh Müqaviləsi”nin tezliklə imzalanmasının vacibliyini vurğulayaraq, bu sənədi bu iki ölkədə, eləcə də bütün regionda sabitliyin möhkəmləndirilməsi üçün həlledici addım adlandırıb.
arannews:irna-Ermənistanın dövlət xəbər agentliyi ArmenPress dünən Məcid Taxt-Rəvançinin Region Monitor saytına müsahibəsinə istinadən yazıb ki, İran hər iki ölkə ilə dostluq və mehriban qonşuluq münasibətləri olan ölkə kimi Ermənistan və Azərbaycan Respublikası arasında “sülh müqaviləsi”nin imzalanmasının asanlaşdırılması üçün bütün səyləri dəstəkləməyə tam hazır olduğunu bəyan edir. Ölkəmizin xarici işlər nazirinin müavini deyib: “Biz keçmişi arxada qoymalı və gələcəyə diqqət yetirməliyik. “Sülh müqaviləsi”nin mətni imzalanmağa hazırdır və bu müqavilə nə qədər tez imzalansa, hamımız üçün bir o qədər yaxşıdır".
O, davam etdi: İran İslam Respublikası hər iki ölkə ilə dostluq və balanslı münasibətlərə malik olan və mehriban qonşuluq prinsipinə sadiq olan bir ölkə kimi sülh müqaviləsinin imzalanmasının asanlaşdırılması və sürətləndirilməsi üçün bütün səyləri qeyd-şərtsiz dəstəkləməyə və öz töhfəsini verməyə tam hazırdır.
İran xarici işlər nazirinin siyasət məsələləri üzrə müavini iki Cənubi Qafqazdan olan qonşusu arasında hərbi münaqişələrin həmişəlik sona çatacağına ümid etdiyini bildirib və bəzi ekspertlərin mümkün hərbi ssenarilərlə bağlı proqnozlarına cavab olaraq vurğulayıb: Biz beynəlxalq səviyyədə tanınmış sərhədlərin hər hansı dəyişikliyinə və ölkələrin ərazi bütövlüyünün pozulmasına qarşıyıq. Heç bir ölkənin hərbi qüdrətinə arxalanaraq, güc tətbiq etməklə başqa ölkənin ərazisini işğal etməyə haqqı yoxdur.
Sonda Taxt-Rəvançi regional əməkdaşlığın zəruriliyini vurğuladı və bildirdi: Gələcək nəsillər üçün sülh, əmin-amanlıq, dostluq, əməkdaşlıq və tərəqqi ilə dolu gələcək qurmaq üçün region ölkələri bir-biri ilə qarşılıqlı hörmət və beynəlxalq hüquq əsasında əməkdaşlıq etməlidir.