Tarix : 2008 Aug 14
Kod 6541

AZƏRBAYCANIN XARİCİ BORCU 2,6 MİLYARD DOLLARA YAXINLAŞIB

Azərbaycanda adambaşına düşən xarici borcun məbləği 300 dolları keçib
Azərbaijan Servisi/Aran Agentliyi
Azərbaycanın xarici borcu 2,6 milyard dollara yaxınlaşıb. Maliyyə Nazirliyindən mətbuata verilən məlumata görə, indi ölkənin 2 milyard 590 milyon dollar xarici borcu var. Azərbaycanda adambaşına düşən xarici borcun məbləği 300 dolları keçib. Amma nazirlik hesab edir ki, xarici borcların həcmi yüksək deyil. Belə ki, ölkənin xarici borcları ümumi daxili məhsulun 6,4 faizini təşkil edir. Üstəlik, ötən illə müqayisədə xarici borc 6 milyon dollar azalıb. İndiyədək xaricdən cəlb edilən vəsaitlərin 14,5 faizi iqtisadçı islahatların həyata keçirilməsinə yönəldilib. Bu məqsədlə Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 376 milyon dollar alınıb.
Xaricdən alınan kreditlərin böyük hissəsi 85,5 faizi və ya 2,2 milyard dolları investisiya layihələri üçün cəlb edilib. İnvestisiya məqsədləri üçün alınan kreditlərin 35,4 faizi energetika, 20,4 faizi yol tikintisi və nəqliyyat sahələrinə yönəldilib. Qalan vəsaitlərsə kənd təsərrüfatı, kimya, neft-qaz sektoruna, işğaldan azad olunmuş ərazilərin bərpasına, eləcə də sosial sahələrə ayrılıb. Nazirlikdən verilən məlumata görə, bu ilin ilk yarısında xaricdən alınan pulların cəmi 137,9 milyon dollarından istifadə olunub.
Onu da qeyd edək ki, cari ilin sonuna kimi, xarici borcların 3 milyard dolları keçəcəyi gözlənilir. Digər tərəfdən Maliyyə Nazirliyi elə bu ilin ilk 4 ayında adambaşına düşən xarici borcun 300 dollara çatdığını bildirərkən bu göstəricinin ötən ilin analoji dövrü ilə müqayisədə 30,8% artdığını söyləyirdi. İlin sonunadək adambaşına düşən borcun 400 dollara kimi yüksələcəyi istisna olunmurdu. Nəzərə çatdıraq ki, hökumət qarşıdakı illərdə investisiya layihələrinə yönələn vəsaitlərin həcmini daha da artırmaq niyyətindədir. Şübhəsiz, bu vəsaitlərin bir hissəsini xaricdən alınan kreditlər təşkil edəcək. Belə ki, 2008-2011-ci illər üzrə dövlət investisiya proqramı layihəsi çərçivəsində 15,6 milyard manatın xərclənməsi planlaşdırılır. Bunun 12,4 milyard manatı daxili imkanlar, 3,2 milyard manatı isə xaricdən alınan kreditlər hesabına təmin edilməlidir.
Yeri gəlmişkən, kredit sözünün mənası “borc” deməkdir və normalda borclanmaya ancaq çıxılmaz vəziyyətlərdə gedilir.
Xarici maliyyə qurumlarının Azərbaycana verdikləri kreditlər isə olduqca bahalıdır.
  • Yazılıb
  • da (də) 2008 Aug 14