Rusiya qoşunları avqustun 13-nə keçən gecə Gürcüstan Hərbi Donanmasına məxsus bir neçə gəmini batırdıqdan sonra Poti limanını tərk edib
Rusiya Servisi/Aran Agentliyi
APA-nın xəbərinə görə, bu məlumatı dünyaya Potidəki yerli radiostansiyanın jurnalisti yayıb. O, "Azadlıq" radiosunun Gürcüstan bürosuna açıqlamasında gəmilərin dənizin ortalarına aparılaraq batırıldığını bildirib. Yalnız sərhəd mühafizə xidmətinin iki kateri xilas ola bilib. İnformasiyanı Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya da təsdiqləyib. Onun sözlərinə görə, Potinin meri rus hərbçilərindən xahiş edib ki, gəmilər heç olmasa limanda batırılmasın: "Bundan sonra Rusiya hərbçiləri partlayıcı götürərək gəmiləri dənizə aparıb sahildən bir qədər uzaqda batırıblar".