Ümid edirik ki, seçkilərdə uğur qazanacaq hazırkı hakimiyyət öz komandasında Vəhdət Partiyasının üzvlərinə də yer ayıracaq
Azərbaijan Servisi/Aran Agentliyi
Dünən Vəhdət Partiyası Baş Məclisinin sessiyası keçirilib. Toplantıda prezident seçkisində partiyanın namizədinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub. Vəhdət sədri Tahir Kərimli deyib ki, partiya uzun illər müxalifətdə olub və iqtidara qarşı radikal mövqe tutub.
“Amma bu müddətdə müxalifət düşərgəsində öndə gedən partiya və şəxslər həm müxalifəti, həm də onları dəstəkləyən xalqın nümayəndələrini aldadıb. Bu gün müxalifət düşərgəsi parçalanmış və sosial bazası aşağı səviyyədə olan bir siyasi qrupdur. Bu vəziyyətdə müxalifətdən kiminsə iqtidara gəlməsi mümkün deyil”- deyə keçmiş alovlu müxalifətçi YAP-ın böyründə durub ona əl çalmağına bəraət verməyə çalışıb.
T.Kərimli partiyanın siyasi mövqeyində dəyişiklik edildiyini və bundan sonra İlham Əliyevə dəstək verəcəyini söyləyib: “Ümid edirik ki, seçkilərdə uğur qazanacaq hazırkı hakimiyyət öz komandasında Vəhdət Partiyasının üzvlərinə də yer ayıracaq”.
Sonda partiyanın seçkidə namizədini müəyyənləşdirmək məqsədilə açıq səsvermə keçirilib. Baş Məclis partiyanın prezident seçkilərində İ.Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul edib.