Yerli strukturları olmayan və hətta ümumiyyətlə, partiyası olmayan namizədlərin bəzilərinin vəziyyəti isə daha ağırdır
Azərbaijan Servisi/Aran Agentliyi
Prezidentliyə namizədliyi irəli sürülən şəxslərin bir-ikisi istisna olmaqla, digərlərinin 40 min seçici imzası toplaması onlar üçün ciddi problemə çevrilib. Məlumatlar almaqdayıq ki, prezident seçkisi kimi məsuliyyətli prosesə qoşulan, amma heç kimin tanımadığı həmin namizədlər üçün imza toplayanları seçicilər qapıdan qovurlar. Yerli strukturları olmayan və hətta ümumiyyətlə, partiyası olmayan namizədlərin bəzilərinin vəziyyəti isə daha ağırdır. Belə ki, onlar imza toplatmağa adam tapa bilmirlər.
Tapa bilənlər isə külli miqdarda pul xərcləməli olurlar. Bunu dünən redaksiyamıza Bakı şəhəri 7-ci mikrorayonda yaşayan müsavatçılardan birinin bizə verdiyi məlumat bir daha təsdiqləyir.
Adının çəkilməsini istəməyən müsavatçı deyir ki, prezidentliyə namizədliyini irəli sürmüş Mais Güləliyev üçün imza toplayan iki nəfər yeniyetmə iki gün əvvəl onun evinə gəliblər. Yeniyetmələr Mais Güləliyev haqda məlumat verdikdən sonra ev yiyəsindən vərəqəyə imza atmasını xahiş ediblər. Müsavat Partiyasının üzvü olan ev yiyəsi isə təmsil olunduğu partiyanın seçkini boykot etdiyini əsas gətirərək, imza vermək istəmədiyini deyib. Yeniyetmələr isə müsavatçıya istidə onun qapısına pənah gətirdiklərini deyib və bir imzanı onlardan əsirgəməməyi təkidlə xahiş ediblər. Ev sahibi isə yeniyetmələrdən girişdikləri bu işdən hansısa qazanclarının olub-olmadığını xəbər alıb. Cavab isə çox qısa və maraqlı olub: “Hər imza üçün bizə 50 qəpik verirlər”. Namizədliyin qeydə alınması üçün ən azı 40 min seçici imzasının toplanmasının vacibliyini nəzərə alsaq, elementar riyazi hesablama apardıq və Mais Güləliyevin 40 imza üçün 20 min manat xərcə düşəcəyi məlum oldu.