İlqar İbrahimoğlu: Əgər kimlərsə öz problemlərini hətta məsciddə bu cür həll etməyə başlayıblarsa, artıq həyacan təbilidir
Azərbaijan Servisi/Aran Agentliyi
«Əbu Bəkr məscidindəki partlayışa Rusiya həddin çox maraqlı tərəf kimi yanaşdı»
Avqustun 17-də «Əbu-Bəkr» məscidində baş verən partlayış nəticəsində üç nəfər dünyasını dəyişib. Bu, Azərbaycanın yaxın tarixində ilk terror hadisəsidir ki, məsciddə həyata keçirilir. Olayın dini motivi, gözlənilən təhlükələrin dərəcəliliyi və digər suallarımızı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi rəhbəri İlqar İbrahimoğluna ünvanlamışıq.
- İlqar bəy, Sizcə, «Əbu-Bəkr» məscidində baş verən partlayışda xarici, yoxsa daxili amillərin rolu üstünlük təşkil edir?
- Əvvəla hadisə insan faciəsidir və biz də dünyasını dəyişənlərin yaxınlarına baş sağlığı veririk. Hesab edirik kİ, hadisə necəliyindən, kimliyindən və törənməsindən asılı olmyaraq pislənməlidir. Əsas məsələ odur ki, bu, Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan mövzudur. Azərbaycan insanı istər dini, istər siyasi, istər ictimai və istərsə də iqtisadi zəmində öz problemlərini qumbara ilə həll edən toplum deyil. Baş verən hadisə illərdən bəri oturuşmuş və formalaşmış mental paradiqmaya, mənəvi atmosferə qarşı yönəlib. Faciənin davamlı olmaması və sistemə çevrilməməsi üçün Azərbaycan insanı çox böyük təhlükə hiss etməli və bunun qarşısına çıxmalıdır. Əgər kimlərsə öz problemlərini bu formada və hətta məsciddə həll etməyə başlayıblarsa, bu, həyacan təbilidir.
- Hadisənin Azərbaycan cəmiyyəti üçün xarakterik olmadığını bildirdiniz. Amma uzun müddətdir ki, müstəqil mətbuat və bir sıra ictimai-siyasi dairələr müəyyən dini qrupların siyasiləşməsi təhlükəsi barədə «SOS» siqnalı verirdi...
- Məncə, bu, baş verən hadisəyə bağlılığı olmayan bir sözdür. Dini qrupların siyasiləşməsindən o zaman danışmaq olar ki, dini çevrələr siyasi proseslərə qoşulub partiya yaradar və seçkidə iştirak edərdi. Belə hallar olmadığından mən terminoloji olaraq adın əvəzlənməsinin tərəfdarı olardım ki, daha uğurlu söz tapmaq lazımdır. Yəni dini zəmində radikallaşma sözü daha uğurlu olardı.
- Deməli, dini radikallaşmanın olduğunu təsdiqləyirsiniz?
- Neçə müddətdir mətbuatda hamımız yazırıq ki, ölkənin teleməkanında islamın gerçək mahiyyətini təbliğ edən bir proqram olmadıqda vətəndaşın mənəvi duyğularının ödənişini boş buraxırıq. Beləliklə, gerçək dini bilməyənlər ekstremizmi yayan insanların hazır xammalına çevrilir. Yaxud bu addımı toplum atmalıdır, ya da insanlar ekstremist qüvvələrin xammalına çevriləcəklər ki, bu cür ağrılı nəticələr olacaq. Bu baxımdan düşünürəm ki, baş verən hadisələr həm dinlə və həm də televiziyalarda aparılan yanlış siyasətin nəticəsidir. Çünki insanlarımız həqiqi dindən xəbərsiz olur. Həqiqi dindən xəbəri olanlar radikalizmə və ekstrimizmə qarşı kəskin çıxar. Ən acınacaqlısı budur ki, son hadisəyə dünyada və regionda baş verənlər əsasında diqqət etmək lazımdır. Çox təəccüblü ki, hadisə baş verəndən sonra ilk xəbəri Rusiya informasiya mənbələri yaydı və özü də təcili vurğu əsasında.
- Bu, hadisədə Rusiyanın marağının olduğuna əsas yaradırmı?
- Bu məsələdə Rusiya tərəfinin təbii informasiya marağından çox maraqı olduğu sezilir. Ona görə də ciddi təhlillər aparılmalıdır.
- Bəlkə söhbətimizi konkretləşdirək. Uzun müddətdir Azərbaycanda vəhhabi xofunun olması barədə fikirlər yayılır və bu dini təriqətin iki qrupunun ölkədə qarşı-qarşıya dayandığını, hətta super dövlətlərlə bağlılığı da bildirilir...
- Mən bu məsələlərdə hər hansı məsuliyyətsiz fikirlərdən imtinanın tərəfdarıyam. Çünki bu kimi yarlıqlarla heç yerə çıxmaq olmaz. Mənim üçün hər bir müsəlman Allahın birliyini və Həzrəti Məhəmmədin Peyğəmbərliyini qəbul edəndir. Baş verənlər də facədir və ölənlərə də Allahdan rəhmət diləyirəm. Bu mənada insanların müxtəlif inancdan öz şərhləri və yanaşmaları ola bilər. Ya gerçək islama aiddiyyatı olan kəs, istəyir bu, ənənəvi «Əhli-Beyt» məktəbi, istər hənəfi düşüncə tərzi, istərsə də sələfi təfəkkürü olsun. Bunların mahiyyətində insanı öldürmək, özü də məsciddə öldürmək fəlsəfəsi yoxdur. Ümumiyyətlə, islam günahsız insanın, xüsusən məsciddə ölümünü haram bilir. Ona görə də bu məsələlərin islami kimliyi olan kəslərə aid etmək doğru da deyil. Konkret mövzuya gəldikdə, bəli, son illərdə təəssüf ki, din adına radikal çevrələrin formalaşması gedib. Onların bu əməlləri də göstərir kİ, bu qrupların islami kimliyi də heç yoxdur. İslami kimliyi olan kəs günahsız insanın qanını haram bilir və məsciddə də heç vaxt günahsıza təcavüz etməz. Bu, müsəlman düşüncə tərzinə xas olmayan bir məsələdir. Ona görə də hamı səfərbər olub bu təhlükəyə qarşı mövqeyini ortalığa qoymalıdır.
- Amma fakt budur ki, təhlükə reallaşdı...
- Bəli, təhlükə reallaşdı. Əsas amillərdən də biri budur ki, Azərbaycan teleməkanlarında lazımi islam maarifçiliyi işi aparılmır və nəticəsi də 17 avqust faciəsinə gətirib çıxarır.
- Hadisənin baş verməsində siyasi element varmı? O mənada ki, hökumət demokratik təsisatları məhv edir və azad mətbuatı boğur...
- Sözsüz ki, hadisələrə ümumi kontekstdə baxmaq lazımdır. Əlbəttə ki, demokratiya və söz azadlığı sahəsində ağrılı məsələlər var idi. Bir terror çatmırdı ki, o da baş verdi.
- Siz dini maariflənmənin zəif olduğunu söylədiniz. Bəs xarici dini ekspaniyanın təsirini görürsünüzmü?
- Təkrar edirəm, əgər gerçək maarifləndirmə olacaqsa, dediklərimizin hamısı o qədər də təsir göstərə bilməyəcək. Azərbaycan insanının öz teleməkanından maarifləndirmə imkanı olmadıqda nəticədə ora-bura üz tutacaq və bu cür faciələrlə rastlaşacaq.
- Nə etmək lazımdır ki, bu cür təhlükələr davamlı olmasın?
- Məhz bu məsələlər bizi düşündürməli və anlamalıyıq ki, Azərbaycan toplumuna xas olmayan elementlər əmələ gələ bilər. Artıq bir nümunəni gördük. Ona görə də Azərbaycan cəmiyyətinin Hindistan, Pakistan toplumuna keçməməsinə maksimum səylər göstərmək lazımdır. Cəmiyyətimiz problemlərini köklü və fundamental həll etməyi bacarmış olmalıdır. Bu baxımdan maarifçilik gücləndirilməli, vətəndaş cəmiyyəti səfərbər olmalı və hər birimiz qüvvəmizi toplayıb bu həvəskar təzyiqə qarşı çıxmalıyıq.
- İraqda, Livanda və digər müsəlman ölkələrində hər gün anoloji hadisələr baş verir. Azərbaycanı bu təhlükə gözləyirmi?
- Mən Azərbaycan üçün bu təhlükənin aktuallıq kəsb etdiyini görmürəm. Amma bazar günü baş verən hadisə diqqətli olmağı zəruri edir.
- Son sual, məscidin qeyri-müəyyən vaxta qədər bağlanmasını necə qiymətləndirisiniz?
- İnsanların təhlükəliliyi baxımından qərarı normal hesab edir və qeyri-adi hadisə kimi yanaşmıram.