Ankara bu addımı Gürcüstana humanitar yardımların çatdırılmasını asanlaşdırmaq üçün atıb
Turkyə Servisi/Aran Agentliyi
Türkiyə Gürcüstan ətrafında yaranmış böhrandan istifadə edərək Ermənistanla gərgin münasibətlərini yumşaldır. Bu ölkə mətbuatının yazdığına görə, artıq Türkiyə Ermənistana uçan təyyarələrə öz hava məkanını açıq elan edib. “Gerçek gündem” adlı qəzetin məqaləsində deyilir ki, Ankara bu addımı Gürcüstana humanitar yardımların çatdırılmasını asanlaşdırmaq üçün atıb. Bildirilir ki, Bakı hava limanının qrafikinin yüklənməsi ilə bağlı olaraq Türkiyə Gürcüstana gedən yüklərin və sərnişinlərin İrəvan aeroportundan Tiflisə çatdırılmasını Ermənistanla razılaşdırıb.
Qəzet yazıb ki, Avropa ölkələri müharibədən əvvəl Gürcüstanla hava əlaqəsi üçün əsasən Rusiyanın hava məkanından istifadə edirdilər. Həmçinin İstambuldan və Trabzondan İrəvana çarter reysləri təşkil olunurdu. İndi isə İrəvana və İrəvandan uçan bütün təyyarələr üçün Türkiyənin hava məkanı açıqdır. Qəzet yazıb ki, Ankaranın bu addımı İrəvana barışıq üçün verilən növbəti mesajdır.
Bildirilir ki, son aylar Türkiyə ilə Ermənistan qarşılıqlı olaraq barışıq mesajları verirlər. Ermənistan prezident Serj Sərkisyan Türkiyə prezidenti Abdullah Gülü İrəvana dəvət edib. Gül bu dəvəti dəyərləndirdiyini bildirir. Bununla belə, Ankara Ermənistanın Türkiyənin hava məkanından istifadəsini yumşaltmaq barədə qərarını genişləndirəcəyi bəlli deyil. Qəzet onu da xatırladır ki, Gürcüstanda böhrandan sonra Türkiyə Qafqazda sülh və təhlükəsizlik platforması yaradılması ideyasını ortaya atıb. Bu platformaya Ermənistanın da qatılması nəzərdə tutulur. Xəbər verildiyi kimi, baş nazir Rəcəb Tayyib Ərdoğan artıq ideyanı Moskva, Tiflis və Bakıda müzakirə edib. O bildirib ki, xarici işlər naziri Əli Babacan ideyanı Ermənistan xarici işlər naziri ilə də müzakirə edəcək. Bu ideya bir çox ekspertlər tərəfindən qeyri-ciddi qarşılanıb, əksəriyyət hesab edir ki, bir biri ilə müharibə aparan dövlətləri hansısa yeni təşkilat altınd birləşdirmək problemlərin həllinə kömək etməyəcək. Ermənistanda isə Türkiyənin təklifi müsbət qarşılanır. Çünki bu ideyanı ermənilər Türkiyə ilə münasibətlər qurmaq üçün yaxşı fürsət sayırlar.
Məsələyə münasibətini öyrənmək istədiyimiz bir neçə tanınmış siyasi ekspert xəbərlə yaxından tanış olmadan bu haqda fikir söyləməyə çətinlik çəkdiklərini dedilər.