Devid Milibend rəsmi Moskvanın üzərinə götürdцyü öhdəliklərə sadiq qalmalı olduğunu və onları tam və tez bir zamanda yerinə yetirməli olduğunu qeyd edib
Gürcüstan Servisi/Aran Agentliyi
Gürcüstan parlamenti bu gün keçirilən fövqəladə iclasında ölkə ərazisində hərbi vəziyyətin sentyabrın 8-nə qədər uzadılması haqqında qərar qəbul edib.
Qori və İqoetidən sonra bu gün Rusiya ordusunun Senaki şəhərini tam boşaltdığı haqda xəbər verilir. Bununla belə, Poti və Zuqzidi limanlarında rus hərbçiləri hələ də qalmaqdadır.
Gürcü jurnalistlər rus ordusu Senakini tərk edəndən sonra şəhərə daxil ola biliblər. Gürcüstan telekanalları Senakidə dağıdılan hərbi bazanın kadrlarını yayımlayıblar. Rus hərbi komandanlığı yaxın 10 gün ərzində rus qoşunlarının bütünlüklə Gürcüstan ərazisini tərk edəcəyini bəyan edir. Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun sözlərinə görə, artıq Rusiya özünün qoşun hissələrinin Gürcüstandan çıxarılması prosesini tamamilə yekunlaşdırıb. O bildirib ki, qoşunların tanınmamış Сənubi Osetiya Respublikası ərazisinə qayıtması artıq başa çatıb: «Gürcüstan ərazisində yalnız xüsusi təchiz olunmuş postlarda növbə çəkən Rusiya sülhməramlıları qalacaq. Rusiya tərəfinin qərarı ilə təhlükəsizlik zolağından kənarda məhdud sayda sülhməramlı saxlanılıb ki, bu da bəzi təhlükəsizlik amilləri ilə əlaqədardır».
Amma Rusiya tərəfinin verdiyi bu açıqlamanı Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa və Böyük Britaniya rəhbərliyi ciddi qəbul etməyib. ABŞ, Fransa və Böyük Britaniya Rusiya qoşunlarının Gürcüstandan çıxarıldığına inanmır. Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Rusiyanın Gürcüstandan qoşunlarının çıxarılmasını başa çatdırdığına şübhə ilə yanaşdığını bildirib: «Mən ciddi narahatam ki, razılaşmaya baxmayaraq, Rusiya hərbçiləri avqustun 7-də olduqları mövqelərə qayıtmayıblar». Devid Milibend rəsmi Moskvanın üzərinə götürdцyü öhdəliklərə sadiq qalmalı olduğunu və onları tam və tez bir zamanda yerinə yetirməli olduğunu qeyd edib.
ABŞ və Fransa rərbərliyi də Rusiyanın qoşunlarını Gürcüstandan çıxarmaq barədə üzərinə götürdüyü öhdəliyə tam olaraq əməl etmədiyini düşünür. Ağ evdən verilən məlumata görə, ötən axşam ABŞ prezidenti Corc Buş və Fransa prezidenti Nikola Sarkozi telefon söhbətində rəsmi Moskvanın vədinə əməl etmədiyi qənaətinə gəliblər. İki ölkənin lideri eyni zamanda Rusiyanın üzərinə götürdüyü öhdəliklərə dərhal əməl etməsi barədə də vahid razılığa gəliblər.