Tarix : 2008 Aug 23
Kod 6735

İRƏVANDA GÜLÜ QARŞILAMAQ ÜÇÜN HAZIRLIQ GEDİR

Türkiyə hökuməti ölkənin hava məkanından istifadəni asanlaşdırmaqla Ermənistanla barışıq üçün daha bir jest edib
Armenia Servisi/Aran Agentliyi
Gürcüstan ətrafında yaranmış böhrandan sonra Ankara ilə İrəvan arasında qarşılıqlı yaxınlaşma meylləri daha da artıb. Xəbər verildiyi kimi, Türkiyə Ermənistana uçan və bu ölkədən qalxan sərnişin və yük təyyarələri üçün hava məkanını açıq elan edib. Ankara bu addımı Gürcüstana gedən humanitar yüklərin keçidini asanlaşdırmaq zərurəti ilə izah edir. Lakin müşahidəçilər qeyd edirlər ki, Türkiyə hökuməti ölkənin hava məkanından istifadəni asanlaşdırmaqla Ermənistanla barışıq üçün daha bir jest edib.
Növbəti və daha ciddi jest isə Türkiyə prezidenti Abdullah Gülün Ermənistan prezident Serj Sərkisyanın dəvətini qəbul edərək iki ölkə milli futbol komandalarının oyununa baxmaq üçün İrəvana getməsi olardı.
Britaniyanın nüfuzlu “The Economist” həftəliyi Türkiyə-Ermənistan münasibətləri və Azərbaycanın bu məsələdə rolu haqda məqaləsində yazır ki, hazırda İrəvanın Razdan stadionunda fəhlələr yüksək rütbəli qonağın - prezident Abdullah Gülün gəlişi üçün hazırlıq görürlər: “Əgər Gül sentyabrın 6-da İrəvana gəlsə, o zaman Qafqazda yeni eranın başlanğıcını qoya bilər. Türkiyə regionda NATO üzvü olan yeganə ölkədir və Gürcüstan ətrafında yaranmış böhrandan sonra bölgədə rolunu artırmaq istəyir. Baş nazir Rəcəb Tayyib Ərdoğan Qafqazda sülh və təhlükəsizlik platforması yaradılması ideyası ilə çıxış edib və bu ideya Ermənistanla Azərbaycanı da əhatə edir. Bir çoxları hesab edir ki, bu ideya real deyil, ən başlıcası ona görə ki, Türkiyənin Ermənistanla diplomatik münasibətləri yoxdur, sərhədləri isə bağlıdır. Lakin Gürcüstandakı müharibə sərhədlərin bağlı saxlanılmasının nə dərəcədə müdrik addım olması ilə bağlı suallar yaradır”.
Məqalədə deyilir ki, Rusiyanın Gürcüstana müdaxiləsi Azərbaycanı da çətin vəziyyətdə qoyub. Çünki bütün neft-qaz tranziti bu ölkədən keçirdi. Rusiya Gürcüstandakı strateji əhəmiyyətli dəmir yol körpüsünü partladıb, Poti limanını, ora aparan yolları nəzarətə götürüb, bütün variantlara əl atıb ki, neft-qaz tranzitini dayandırsın. İrəvandakı Qərb diplomatı bildirib ki, bütün bunlar ancaq bir istiqaməti göstərir: “Ermənistanla Azərbaycan arasında sülh əldə ediməlidir.Ermənistanla sülh əldə edilməsi Azərbaycana öz neft və qaz ehtiyatlarını bu ölkə üzərindən Türkiyəyə nəql etmək üçün yeni imkan açardı. İndi ermənilərin bir çoxu sevinir ki, Rusiyanın Gürcüstana müdaxiləsi Azərbaycanın nə vaxtsa Dağlıq Qarabağı güc yoluyla qaytarmaq imkanlarını əlindən alıb. Ancaq bəzi ermənilər fərqli düşünür. Onlar hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə birbaşa dəxli yoxdur və regionda sülhməramlı qüvvələr saxlamır. Hətta Gürcüstana müdaxilədən əvvəl də Türkiyə belə hesab etməyə başlamışdı ki, Ermənistanın təcrid edilməsi bu ölkəni Azərbaycan ərazilərini qaytarmağa məcbur etmir. Türkiyə və Ermənistan diplomatları bu məsələlər barədə ikitərəfli danışıqlar da aparıblar. Lakin danışıqların məzmunu Azərbaycanı məyus etməmək üçün açıqlanmayıb”.
“The Economist” yazır ki, Türkiyə Ermənistanla münasibətlərin yaxşılaşması üçün hazırda başlıca şərt kimi 1915-ci il hadisələrinin soyqırım kimi tanınması yönündə erməni diasporunun apardığı fəaliyyətlərin dayandırılmasıdır. Ermənistan prezident Ser Sərkisyan isə bu məsələnin tarixçilər səviyyəsində müzakirə edilməsinə tərəfdar olduğunu deyərək müxalifətin qəzəbinə düçar olub: “Lakin Türkiyə ilə Ermənistan arasında yaxınlaşmaya ən böyük əngəl hazırda Azərbaycan və onun Türkiyə ordusundakı müttəfiqləridir. Gözlənilirdi ki, Ərdoğan Bakıya səfəri zamanı prezident İlham Əliyevi Ermənistanla sərhədlərin açılmasına inandırmağa çalışacaq. Əgər onun səyləri uğursuz olsa,deməli, prezident Abdullah Gülün də İrəvana futbol matçına baxmaq şansı, başqa sözlə, barışıq şansı da əldən çıxacaq”.
  • Yazılıb
  • da (də) 2008 Aug 23