Tarix : 2008 Aug 24
Kod 6760

İQTİDARI DEVİRMƏYƏ QADİR OLAN YEGANƏ MƏMUR

fors-major hallarda hakim komandada iqtidara gəlməyə ən şanslı adam kimdir
Azərbaijan Servisi/Aran Agentliyi
Yeni Müsavatın verdiyi xəbərə görə, Gürcüstanda baş verən dramatik olaylardan sonra Azərbaycanda bağlı belə bir sual aktuallaşıb: əgər Azərbaycanda vəziyyət hər hansı səbəbdən dəyişsə, xarici güclər onların diqtəsi ilə oturub-durmayan Azərbaycan hakimiyyətini sarsıtmaq üçün hansısa təxribata əl atsa (məsələn, dövlət başçısını istefaya məcbur etsə, ona sui-qəsd hazırlasa), onda hakimiyyəti götürməyə kim, hansı məmur daha yaxın olacaq? Başqa sözlə, fors-major hallarda hakim komandada iqtidara gəlməyə ən şanslı adam kimdir? Buna kimin gücü və imkanları yetər?

Əlbəttə, yuxarıda qeyd edilən hallara sırf nəzəri baxımdan yanaşırıq. Bununla belə, istər son 17 ildəki keçmişimizə, istərsə də regionda gedən proseslərə diqqətlə baxanda sual aktuallığını saxlayır. Digər tərəfdən, hazırda iş başında olan hakim komandada siyasi iddialara malik iri və nüfuzlu məmurların olması barədə deyilənlər də bu məsələni gündəmdə saxlayır.
Belə məmurların iddia, imkan və davranışlarını, hakim komandadakı əsas güc mərkəzlərini, gerçək qüvvələr balansını, habelə digər parametrləri incələyəndə ortaya çıxan mənzərə seçimi bir şəxsin üstündə saxlamağa sövq edir. Bu göstəricilər belə qənaətə gəlməyə əsas verir ki, fors-major halların baş verəcəyi təqdirdə iqtidarı devirməyə, yaxud onu tədricən ələ keçirməyə qadir olan yeganə məmur fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Buradan belə tələsik nəticə çıxarmaq olmaz ki, K.Heydərovun bu imkanı onun maddi cəhətdən yüksək səviyyədə təminatlı olması ilə bağlıdır. Məsələni təkcə bu faktorun çərçivəsinə salmaq düzgün olmazdı. Doğrudur, belə vəziyyətlərdə pul amilinin də rolu böyük və danılmazdır. Amma belə məsələlərdə bu amil bəzən təkbaşına heç bir effekt verməyə də bilər. Üstəlik, Azərbaycanda K.Heydərov qədər, bəlkə ondan da imkanlı nazirlər və iri məmurlar var. Bununla belə onlar “fövqəlnazir”in malik olduğu və sonuncuya əlavə üstünlüklər gətirən digər imkanlardan məhrumdur. Məhz bu imkanlar ən şanslı kimi seçimin K.Heydərovun adının üstündə dayanmasına gətirir.
K.Heydərovun üstünlüyü kimi görünən məqamları aşağıdakı kimi sıralamaq olar.
K.Heydərov hakimiyyətdə kifayət qədər geniş səlahiyyətlər verilmiş və faktiki olaraq “hökumət içində hökumət” anlamına gələn bir quruma çevrilmiş struktura rəhbərlik edir. 2006-cı ildə Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılarkən təxminən 20-dək qurumun öz əməkdaşları, binaları və maddi-texniki bazası ilə birgə K.Heydərovun nəzarətinə keçməsi adi fakt deyil. FHN-in səlahiyyətləri sonrakı dövrdə daha da artırılıb. İndi K.Heydərov tikintidən tutmuş radioaktiv maddələrə nəzarətə, mülki müdafiə işlərindən tutmuş ölkəyə taxıl idxalına qədər bir çox strateji sahələrə rəhbərliyi öz əlində cəmləyib. FHN-in ölkənin bütün rayonlarında yerli strukturları yaradılıb. Üstəlik, bu nazirliyin yarımhərbi xarakteri, yəni onun silahlı strukturları da var. Son vaxtlarsa nazirliyin nəzdində xüsusi kommandos alayı yaradılıb. Bir sözlə, K.Heydərov öz FHN-i ilə istənilən sahəyə birbaşa müdaxilə etmək imkanına malikdir.
Fövqəladə hallar naziri əslən Naxçıvandandır ki, bu da ona “ənənəvi” üstünlük verir. O, ən böyük və güclü klanın nümayəndəsi kimi malik olduğu bu statusdan maksimum yararlanaraq gücünü və cazibəsini xeyli artırıb. Cənab Heydərov iqtidarın içərisindəki ən ciddi etnomafiyanın - kürd mafiyasının rəhbərlərindəndir. Vaxtilə iqtisadi inkişaf naziri olan Fərhad Əliyev açıq şəkildə bu faktora işarə edərək, özünün “təmiz azərbaycanlı” olmasını bəyanlayaraq iqtidar içində bir türk-kürd qarşıdurmasının olduğunu etiraf edirdi. 2005-ci il epizodu üzrə yaddaşları təzələsək “təmiz azərbaycanlı”ların məhz K.Heydərova uduzduğunu qəbul etməliyik.
Hakim komandada K.Heydərovun personası ətrafında güclü bir məmur qrupu da formalaşıb. “Fövqəlnazir” Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevlə yola getməsə də onun Bəylər Əyyubov kimi əhəmiyyətli fiqurdan ciddi dəstəyi var. Kritik anda Cəlal Əliyevin və digər Əliyevlərin də K.Heydərovu dəstəkləyəcəyi gözləniləndir. R.Mehdiyevlə münasibətləri gərgin olan müdafiə naziri Səfər Əbiyev də K.Heydərova yaxındır. Eləcə də orduda “fövqəlnazir”ə rəğbət bəsləyən generallar və korpus komandirləri var. Bunlardan əlavə, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz gəlirləri ilə birgə K.Heydərovun az qala şəxsi idarələri sayılır. Bu qurumların rəhbərləri Aydın Əliyev, Fazil Məmmədov və Kərəm Həsənov K.Heydərovun icazəsi olmadan bircə addım da ata bilməzlər.
Prezident olmaq niyyətlərini ara-sıra büruzə verdiyi, hətta 2013-cü il seçkilərinə hazırlaşdığı deyilən “fövqəlnazir” ictimai-siyasi sferadakı məqsədyönlü çalışmaları ilə də nəyəsə hazırlıq görür. Onun əlinin altında iri media quruluşları var. K.Heydərovun şəxsən öz siyahısı ilə Milli Məclisə seçilən deputat qrupunun ona dəstək verilməsi işində kənarda qalmayacağı şəksizdir. Bundan əlavə, K.Heydərovun bir neçə siyasi partiyanı, siyasi yüklü ictimai təşkilatları və QHT-ləri maliyyələşdirdiyi deyilir ki, bu da həlledici məqamda ictimai rəyi lazımi məcraya yönəltməkdə onun karına gələ bilər. İdmançılara və incəsənət adamlarına yaxın olması və onlara səxavətlə himayədarlıq etməsi də “fövqəlnazir”in aktivinə yazılan əlavə xaldır. K.Heydərovun “çörəkverən adam” obrazının yaradılmasında məhz sonuncuların cəmiyyətə ötürdüyü (çoxu uydurma olsa belə) informasiyalar böyük rol oynayıb.
K.Heydərov malik olduğu maddi imkanlara görə iqtidar komandasında ən nüfuzlu nazirlərin və məmurların sıralamasında birinci yerdədir. Mətbuat Dövlət Gömrük Komitəsinin keçmiş sədrinin yüz milyonlarla dollara nəzarət etməsi barədə zaman-zaman yazıb və onu ölkənin ən zəngin şəxslərindən biri kimi təqdim edib. K.Heydərovun iqtisadi qüdrəti doğrudan da böyükdür. Onu təkcə məmur yox, həm də böyük biznesmen sayırlar. “Fövqəlnazir”in də digər həmkarları kimi qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu deyilir. Mətbuatda yazılanlara inansaq, K.Heydərov tikinti, ərzaq idxalı, daşınmaz əmlak və s. bu kimi gəlirli sahələrdə böyük paya sahibdir. Bundan əlavə, biznes-elitada K.Heydərova yaxın və bağlı olan böyük bir qrup formalaşıb ki, bu da onun bütün mənalardakı imkanlarını artırır.

Beləliklə, sadalanan bu amillər K.Heydərovun “hakimiyyəti öz əlinə almağa ən real namizəd”, “yaxın gələcəyin prezidenti” obrazının zaman-zaman cilalanmasına təkan verir.
Amma... Bütün bunların qarşılığında iki mühüm əks göstərici var.
Hörmətli Heydərov ağır xəstədir və onun qara ciyərində baş verən prosesləri həkimləri və yaxınları narahatlıqla izləyirlər.
Ölkənin birinci ledisi iqtidarı və Azərbaycanı sarmış kürd mafiyasına qarşıdır və bu səbəbdən də deməli K.Heydərova da qarşıdır. Bu, olduqca mühüm faktordur. Nəzərə alsaq ki, iqtidardakı kürdlər də birinci xanımın onlara münasibətini bilir və iqtidarı onlardan təmizləmək layihəsindən xəbərdardır, deməli, cənab Heydərovun yolunda və iddialarının qarşısında ciddi bir maneə var. K.Heydərov və onun yaxınları ölkənin birinci xanımının 2013-cü ildə prezident ola biləcəyinə böyük əndişə və qorxu ilə baxırlar. Və həmin perspektivin qarşısını almaq üçün hər şey edirlər. O cümlədən də İlham Əliyevin ömürlük prezidentliyi layihəsini inadla gündəmə daşıyırlar. Və gələn məlumatlar da göstərir ki, əgər bu olmasa, 2013-cü ilə K.Heydərov öz iddiasını bəri başdan qoyub; məhz bu məqamda da onun indiki gücü və imkanları aktuallaşır. Əcaba, K.Heydərov 2013-cü ildə hansı yolla iqtidar olmağı düşünür?..

P.S. Ona qarşı olan güc indiki anda onu hətta döydürə də bilir. Bu da olduqca ciddi məqamdır. Birinə “əllərinə sağlıq”, digərinə isə “keçmiş olsun” deməklə yazımızı bu nöqtədə tamamlayırıq.
  • Yazılıb
  • da (də) 2008 Aug 24