Tarix : 2008 Aug 24
Kod 6762

AZƏRBAYCANIN BAŞ PROKURORLUQ TERROR FAKTINI GİZLƏTMƏYƏ ÇALIŞIR

Dəmir qapının qıfılına içəri tərəfdən xuliqanlıq niyyəti ilə partlayıcı maddə yerləşdirilib
Azərbaijan Servisi/Aran Agentliyi
“Transformatorun partladılması sıradan bir xuliqanlıqdır”
Mahmud Hacıyev: “Bu cür açıqlama səhlənkarlıq nümunəsidir”

Dünən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev avqustun 22-də Bakının Xətai rayonunda transformator məntəqəsində baş vermiş partlayışla bağlı “Azadlıq” radiosuna açıqlama verib. Prokurorluq sözçüsü bildirib ki, baş verən hadisə sıradan bir xuliqanlıqdır: “Dəmir qapının qıfılına içəri tərəfdən xuliqanlıq niyyəti ilə partlayıcı maddə yerləşdirilib. Yeni transformator quraşdırmaq üçün qeyd olunan məntəqəyə gələn ”Bakıelektrikşəbəkə" əməkdaşlarının qapını açması ilə partlayıcı qurğu işə düşüb".

Bəs 2 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən hadisəni xuliqanlıq kimi qələmə vermək nə dərəcədə düzgündür?
Sabiq polis rəisi Mahmud Hacıyev sualı “Yeni Müsavat”ın müxbiri ilə söhbətində şərh edərkən Baş Prokurorluq sözçüsünün bu cür açıqlama verməsini səhlənkarlıq adlandırdı: “Daxili işlər nazirinin müavini Oruc Zalov o vaxt Zaqatala-Balakən zonasında 1 ildə 11 polis əməkdaşının öldürülməsini adi hal adlandırmışdı. İndi də Baş Prokurorluq sözçüsü səhlənkarlıq edərək belə deyib. İki nəfər ölübsə, 3 nəfər yaralanıbsa, bunun harası xuliqanlıqdır? Görünür, seçki ili olduğundan hadisənin miqyasını kiçiltmək üçün belə açıqlamalar verilir. Adi halda Baş Prokurorluq fakta görə bu maddə ilə ilkin olaraq cinayət işi başlaya bilər. Amma sonradan bu əməlin qəsdən, hansısa məqsədə görə törədilməsi üzə çıxarsa, o, başqa bir maddə ilə tövsif olunmalıdır. İndiki halda motiv bəlli deyil. Ekspertlər müəyyən etməlidir ki, qapıya quraşdırılmış qurğu nə qurğu olub, onu hansı dövlət istehsal edib. Bu tipli qurğular xüsusi qurğu hesab olunur. Hər halda burada motiv müəyyən olunsa və bilinsə ki hadisəni kim və niyə törədib, onda yəqin ki, Cinayət Məcəlləsindəki ”Dövləti cinayətlər" fəslində olan maddə ilə cinayət işi başlanacaq".
Xatırladaq ki, avqustun 22-də günorta saatlarında Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 3 ünvanında - 138 saylı məktəbin arxasında partlayış nəticəsində transformator məntəqəsi partlayıb. Bundan 5 gün əvvəl isə Əbu-Bəkr məscidinə qumbara atılıb. Nəticədə hərəsində 2 nəfər olmaqla 4 nəfər ölüb, ümumilikdə 15 nəfər yaralanıb.
Müstəqil ekspertlər hadisələrin bir-biri ilə bağlı olduğunu söyləsə də Baş Prokurorluq bu iki işi bir icraatda birləşdirməyə və terror maddəsi ilə cinayət işi başlamağa həvəsli görünmür. Bunun seçki ili ilə əlaqədar olduğunu deyən ekspertlər də var.
Əbu-Bəkr işində 2 nəfərin - Səbayel Rayon Polis İdarəsinin ekspert-kriminalisti, polis mayoru Əli Axundovun və Astara rayon sakini, Bakıda kirayədə yaşayan 1986-cı il təvəllüdlü Emin Aydın oğlu Rəsulovun həbsinə gəlincə isə onların konkret hansı əməli törətməsi ictimaiyyətə açıqlanmır. Qeyri-rəsmi mənbələr polis əməkdaşının vəhhabi təriqətinin üzvlərindən olduğunu, məsciddəki partlayışdan sonra bu haqda əməliyyat vasitələrindən istifadə etməklə informasiya topladığını bildirir.
Ə.Axundovu tanıyanlar onun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, bu sistemdə rüşvətə bulaşmamış (belələri isə barmaqla sayılacaq qədər azdır), haqqı-nahaqqa verməyən bir polis zabiti olduğunu deyirlər. Polis mayorunun iş otağından qanunsuz silah və Azərbaycan ərazisində yayılması qadağan olunan dini ədəbiyyat tapılıb. Yeri gəlmişkən, DİN Əli Axundovun həbsindən sonra onun vəhhabi təriqətinin nümayəndəsi olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Partlayışın ilkin olaraq vəhhabi məscidində baş verməsi də bir çox suallar yaradır.

Niyə məhz vəhhabi məscidi?

Əbu-Bəkrdəki partlayışdan 5-6 ay əvvəl hüquq-mühafizə orqanları vəhhabilərə qarşı intensiv əməliyyatlar keçirirdi. Bu barədə qəzetimizdə də ara-sıra məlumat vermişik. Həmin əməliyyatlar zamanı əsasən adəçəkilən məscidin imam-camaatı Hacı Qamət Süleymana və indiki hakimiyyətə müxalif olan Əlixan Musayevin tərəfdarları həbs olunub. Buradan belə bir nəticəyə gəlmək olar ki, hüquq-mühafizə orqanlarında bu cür hadisələrin baş verə biləcəyi barədə əvvəlcədən məlumat olub. Bu halda isə hüquq-mühafizə orqanları partlayışların baş verməsinin qarşısını ala bilərdi.

Bəs bu vacib addım niyə atılmayıb?

Bu suala cavab axtararkən nəzərə alaq ki, MTN və DİN son 5-6 ayda paytaxtda və ölkənin bir sıra bölgələrində çoxlu sayda reydlər keçirib. Əməliyyatlar nəticəsində onlarla insan qanunsuz silah və dini zəmində ədavəti qızışdıran qadağan olunmuş ədəbiyyatlar saxlamaqda ittiham olunaraq saxlanıb.
Təbii ki, hökumət əməliyyatların bir təriqətin üzvlərinə qarşı aparılmadığını, saxlanılanların konkret cinayətlərdə ittiham olunduğunu bildirir. Mövcud Konstitusiya və qanunvericiliyə görə, vəhhabilik, daha dəqiq desək, “sələfilik” və ümumiyyətlə, hər hansı müsəlman dini cərəyanı qadağan olunmur. Qanunlara görə, hər bir vətəndaşın dini etiqad azadlığı qorunur. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov da bir müddət əvvəl bu məqama toxunaraq hər hansı dini cərəyanın qanunla qadağan olunmadığını və ümumiyyətlə, vəhhabiliyin hökumət üçün təhlükə törətmədiyini deyib. Bu halda sual yaranır: əgər hökumət üçün vəhhabi təhlükəsi yoxdursa, o zaman rayonlarda bu təriqətə mənsub olduğu iddia edilən şəxslər nədən saxlanılıb?
Görünür, vəhhabilərin sayının sürətlə artması və buna paralel olaraq onların neqativ fəaliyyətinin müşahidə olunması dövlət orqanlarını gerçəkdən narahat edib. Müstəqil ekspertlər vəhhabilərin hədəfə götürülməsini onların nəzarətdən çıxması ilə də əlaqələndirirlər.
Mövzu ilə bağlı adının çəkilməməsi şərtilə qəzetimizə danışan ekspertin fikrincə, Azərbaycan hakimiyyəti 90-cı illərin ortalarında vəhhabiliyin ölkəyə gəlməsində maraqlı olub: “Hətta müəyyən dönəmdə bu təriqətin yayılmasına meydan verilib. Çünki bu, ölkədə müsəlman cameəsinin monolitliyini parçalamaq üçün əlverişli idi. Digər tərəfdən, yeni təriqətin əsas fiqurları təhlükəsizlik orqanlarının nəzarətində idi, yəni hökumət bu icmaya nəzarət edə bilirdi. Ancaq sonrakı dövrdə vəziyyət dəyişməyə başlayıb. İndi isə tamam dəyişib. Vəhhabilərin sayı artdıqca onların arasında yeni liderlər və fərqli fikirlər meydana gəlib”.
Son dövrlərdə isə müxaliflər əsas mərkəzə, yəni Əbu-Bəkr məscidində fəaliyyət göstərən “sələfi” icmasına və onun faktiki lideri Qamət Süleymana qarşı çıxır, bir çox hallarda onu hətta qəbul etmirlər. Onlar Əbu-Bəkr icması və onun liderini “xəvaric” adlandırır, qarşı tərəf isə onları dindən çıxmış hesab edir. Digər tərəfdən, Qamət Süleymanın və tərəfdarlarının hökumətə loyal münasibət bəsləməsi ona müxalif olan dindarlara əlavə ittiham bəhanəsi verib. Çünki onlar mövcud rejimə də kəskin müxalifdir. Əlixan Musayev belə bir dövrdə ortaya çıxıb. Qeyd etmək lazımdır ki, öz aralarında “ixvan” adlandırılan (“ixvan” ərəbcə əxi, yəni qardaş sözünün cəmindən yaranmış “qardaşlıq” mənasını verir. Misirdə eyniadlı böyük siyasi təşkilat fəaliyyət göstərir) qrupa Ə.Musayev rəhbərlik edir. Ə.Musayev Bakıətrafı kəndlərin birində doğulub. Özünü peyğəmbər elan etmiş əmisi Ələsgər Musayevin dəstəyi ilə ərəb ölkələrindən birinə təhsil almağa gedib. Qayıtdıqdan sonra Əbu-Bəkrdə fəaliyyətə başlayan Əlixan Musayev qısa zaman ərzində “sələfi” ideoloqlarının əsərlərini tərcümə edib, eyni zamanda yerli vəhhabilər üçün şəriət kitabları tərtibləyib. Bu fəaliyyət onun nüfuzunu sürətlə artırıb. Ancaq daha sərt, barışmaz təbliğat aparan Əlixan Musayev bir qədər sonra Qamət Süleymanla yollarını ayırıb. Hazırda Əlixan Musayev və tərəfdarları Qamət Süleymanı və onun ətrafında olanları “əqidəyə xəyanət etmiş” dindarlar kimi tanıyır və onlara nifrətlərini açıq şəkildə bildirməkdən çəkinmirlər.
Yəqin ki, vəhhabi təriqətində olan bu vəziyyətdən istifadə edib onları birdəfəlik çökdürməyə meylli qüvvələr də məhz bundan istifadə ediblər.
Transformator məntəqəsindəki partlayışı isə yayındırıcı cinayət kimi qiymətləndirmək də olar. Burada hər sözü ölüb-biçib danışan Baş Prokurorluq sözçüsü Vüqar Əliyevin açıqlamasını da sıradan bir açıqlama hesab etmək lazım deyil. Eyni zamanda məscidə qumbara atılmasından dərhal sonra Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadənin istintaqçıların əvəzinə “bu, iki qrup arasındakı münaqişənin təzahürüdür” şəklində açıqlama verməsi hadisənin hansı maraqlı qüvvə tərəfindən törədildiyini göstərir. Bu baxımdan vəziyyətin nəzarət altında olmasını söyləmək olar.
 
  • Yazılıb
  • da (də) 2008 Aug 24