Azərbaijan Servisi/Aran Agentliyi
Gürcüstanın qərbindəki Qori şəhərində güclü partlayış baş verib. «Reuters» agentliyinin yaydığı məlumata görə, yanacaq daşıyan qatar partlayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Tota Utiaşvili bildirib ki, ilkin məlumatlara görə, qatar mina qoyulmuş yoldan keçərkən partlayıb. Qatarda Azərbaycanın «Azpetrol» şirkətinə məxsus benzin sisternləri olub. Hazırda neft məhsullarının olduğu qatarda yanğın davam edir. Yanğının artıq qatırın 13 vaqonunu əhatə etiyi barədə məlumatlar var.
Qatarın Azərbaycana məxsus olmasını Azərbaycanın Dövlət Dəmiryolu İdarəsində də təsdiqləyirlər. İdarənin Yükdaşıma İstehsalat Birliyi yol rəisinin müavini İsfəndiyar Kərimovun verdiyi məlumata görə, qatar Kaspi rayonunda dəmiryolu körpüsünün partladılmasından sonra müvvəqqəti olaraq Qoridə qalmalı olub. Hazırda Dövlət Dəmiryolu İdarəsinin Gürcüstan bölməsinin əməkdaşları hadisə yerinə ezam olunub. Qatardakı yanğının söndürülməsi üçün əraziyə xeyli sayda yanğınsöndürən cəlb edilib.