Tarix : 2008 Aug 26
Kod 6804

QƏRB SÜNNİ-ŞİƏ SAVAŞINI QIZIŞDIRA BİLƏRMİ

Hacı İlqar İbrahimoğlu: Azərbaycandakı hadisələrə dünyadakı proseslər kontekstində yanaşılmalıdır
Azərbaycan servisi/Aran Agentliyi

Son günlər ölkəmizdə baş verən ardıcıl terror aktları ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səslənir. Bir qism bu hadisələri dinlərarası dava, bəziləri isə dünyada baş verən siyasi proseslərlə əlaqələndirirlər. Bildiyimiz kimi, İraqda müsəlmanların birləşməməsi üçün Qərb təriqət davası salmaq istəyir. Əcəba, bunun Azərbaycana da təsiri olacaqmı? Qərb Azərbaycanda sünni-şiə davasını qızışdıra bilərmi?
Bu kimi suallarla Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğluna müraciət etdik.
H.İlqarın sözlərinə görə, son terror aktları mahiyyət etibarı ilə dəhşətli insan faciəsidir və bununla bağlı qəti fikir səsləndirmək hələ tezdir. O, məsələlərin bir o qədər də sadə və primitiv müstəvidə olmadığını bildirdi. Onun dediyinə görə, bu hadisələrdən geniş bilgili bir məlumata söykənərək nəticələr çıxarılmalıdır: “Yetərincə məlumatlar olmadığından, qəti fikir söyləyə bilmərəm. Bu cür hadisələr ətrafında hər kəs öz ehtimal və versiyalarını yürüdərkən müəyyən bir elmə əsaslanmalıdır. Çünki bəzən belə populist ehtimallar acı nəticələrə gətirib çıxarır ki, bu da bir çox adamların heysiyyətinə toxunmuş olur”. H.İlqar hazırda ölkəmizdə baş verən hadisələrə dünyada baş verən proseslər kontekstində yanaşmağın vacibliyini vurğuladı.
Bəs “Azərbaycanda kimlərsə islamdaxili qırğına, inanclararası təhlükəyə rəvac verə bilərmi” sualına H.İlqar belə cavab verdi: “Gerçək müsəlmanlar heç vaxt qarşı-qarşıya olmazlar. İslami kimliyi olan hər kəs digərinə qarşı durmaz, heç vaxt terror eləməz və Allah evini partlatmaz”. Azərbaycanda inanclararası münasibətlərin yüksək səviyyədə olduğunu deyən hüquq müdafiəçisi qeyd etdi ki, bu hadisələrdən sonra Azərbaycanda inanclı insanların sıraları daha da möhkəmlənib: “Terror aktı tək inanc adamlarına qarşı deyil, hər bir bir azərbaycanlıya qarşı idi”.
Bu kimi hadisələrin xalqın birləşməsinə gətirib çıxardığını deyən H.İlqar Azərbaycanda dindaxili məsələlərin gündəmə gəlməsinə əvvəlcədən də zəmin olmadığını vurğuladı: “Biz hadisə baş verən kimi İçərişəhər Cümə məscidinin dini icması olaraq müsəlman qardaşlarımıza başsağlığı verdik. Onlarla birlikdə olduq. Bundan əlavə, Azərbaycanın tanınmış 41 islami şəxsiyyəti ümumi sənəd imzaladıq və bu hadisəni pislədik. Düşünürəm ki, son hadisələr Azərbaycan vətəndaşını, Azərbaycan müsəlmanlarını bir-birinə daha da yaxınlaşdırdı”.

  • Yazılıb
  • da (də) 2008 Aug 26