Dövlət başçısı rəsmi Moskvanın bu qərarını tarixi səhv adlandıraraq Avropada sərhədlərin dəyişdirilməsinə cəhd kimi qiymətləndirib
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan prezidenti Mixail Saakaşvili, Rusiyanın, qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini rəsmən tanıması ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı rəsmi Moskvanın bu qərarını tarixi səhv adlandıraraq Avropada sərhədlərin dəyişdirilməsinə cəhd kimi qiymətləndirib. Gürcüstan prezidenti deyib ki, rəsmi Moskvanın separatçı respublikaların müstəqilliyini tanıması qanunsuzluqdur.
"Son vaxtlar eləcə də bu gün Rusiya strateji səhvlər buraxaraq dünyada nüfuzuna ciddi zərbə vurdu. Bu Hitler və Stalin rejimindən sonra Avropada sərhədlərin dəyişdirilməsi istiqamətində ilk cəhddir. Bu misli görünməmiş qanunsuzluq və həyasızlıqdır. Rusiyanın bugünki addımı bütünlüklə qanunsuzdur və Gürcüstan eləcə də dünya ictimaiyyəti üçün heç bir hüquqi nəticəsi yoxdur. Rusiyanın bütün fəaliyyəti 1921-ci ildə olduğu kimi Gürcüstanın tək qalmasına yönəlmişdi. Lakin bu plan sonuna qədər uğursuzluqla nəticələndi”, deyə Saakaşvili bildirib.
Gürcüstan prezidenti həmçinin Dmitri Medvedevin fəaliyyətinin bir daha Rusiyanın heç bir vaxt vasitəçi qismində çıxış etmədiyini və Gürcüstandakı münaqişələrdə sülhməramlı missiya həyata keçirmədiyini sübut etdiyini bildirib.
“Gürcüstanın ərazi bütovlüyünün bərpası, eləcə də Gürcüstanın azadlığının müdafiəsi artıq Gürcüstandaxili eləcə də Gürcüstan və Rusiya arasında bir məsələ deyil. Bu artıq Rusiya və dünya sivilizasiyası arasında məsələdir. Gürcüstanın gələcəyi yalnız bu ölkənin deyil, bütün dünya sivlilizasiyasının gələcəyidir”.
Qeyd edək ki, artıq dünya ictimaiyyəti də Rusiyanın Gürcüstandakı separatçı respublikaların müstəqilliyini tanıması barədə qərarını pisləyiblər. Avropa Şurası Parlament Assambleyasının sədri Luis Mariya de Puç Rusiyanın digər ölkələrin ərazi bütovlüyünə hörmət etməsinin vacib olduğunu söyləyib. Söhbət açıq aşkar beynəlxalq hüququn bilərəkdən pozulmasından gedir. Bu qərar həyatların xilas edilməsinə deyil, yalnız vəziyyətin pisləşməsinə və münaqişənin sülh yolu ilə həll edilməsinə əlavə manelər yaradacaq. Luis Mariya de Puç şuranın rəsmi Moskvanın bu qərarına 29 sentyabr 3 oktyabrda keçiriləcək növbəti sessiyası zamanı baxılacağını söyləyib.
ABŞ dövlət departamenti də Rusiyanın qərarını kəskin tənqid edib. Departament rəsmisi Robert Vud Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq barədə qərarının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bildirib. Departament nümayəndəsi hazırda ABŞ-ın Rusiya prezidetinin bu qərarına hansı cavab tədbirinin görülməsi barədə fikirləşdiyini qeyd edib.
Xatıraladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Kondaliza Rays BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Abxaziya və Cənubi Osetiyanın statusunun dəyişdirilməsinə mane olacaqlarını bildirmişdi.