Bu gecə Bakının Xətai rayonunda yaşayan bir nəfər polisə zəng edərək, həyat yoldaşının avtomobilinə bomba qoyulduğu barədə məlumat verib
Azərbaycan servisi/Aran Agentliyi
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olan məlumata görə, polis dərhal avtomobilin olduğu NZS qəsəbəsinə gələrək ərazini mühasirəyə alıb. Keçirilən axtarış nəticəsində "cip" tipli avtomobildə bomba olmadığı aşkarlanıb. Buna baxmayaraq, avtomobil evakuatorla hadisə yerindən aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya açıqlamasında məlumatı təsdiqləsə də, zəng edən şəxsin, onun arvadının, avtomobilin markası və nömrəsinin mətbuata açıqlanmasının məqsədəuyğun olmadığını deyib. E. Zahidovun sözlərinə görə, Xətai sakini həyat yoldaşının avtomobilinə bomba qoyulduğundan şübhələnərək, qorxudan polisə müraciət edib.