Tarix : 2008 Aug 27
Kod 6834

AZƏRBAYCAN İQTİDAR DEPUTATI AzTV-ni MƏHKƏMƏYƏ VERİB

İQTİDAR DEPUTATI AzTV-ni MƏHKƏMƏYƏ VERİB Bəxtiyar Əliyev şərəf və ləyaqət davası açıb
Azərbaycan servisi/Aran Agentliyi
Milli Məclisin deputatı Bəxtiyar Əliyev Bakı Şəhər Baş Polis İdarəsi, Bakı Şəhər Yol Polis İdarəsi və Azərbaycan Teleradio Verilişləri Şirkətini (AzTV) məhkəməyə verib. “Azadlıq” qəzetinin məlumatına görə, artıq deputatın şikayəti Yasamal Rayon Məhkəməsində icraata götürülüb. İddiaya hakim Elçin Qurbanovun sədrliyi ilə baxılacaq. B.Əliyevin sözügedən qurumlara və AzTV-yə qarşı məhkəmə iddiasının səbəbinə gəldikdə, qəzet məlumatlı mənbəyə istinadən bildirib ki, bir müddət öncə yol polisi deputatın avtomobilini saxlayıbmış.
“Bu hadisə ilə bağlı kadrlar pozuntu faktı kimi AzTV-də nümayiş etdirilib. Heç bir qanun pozuntusuna yol vermədiyini iddia edən deputat isə bunu şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirib. Sözügedən kadrların nümayiş etdirilməsilə işgüzar nüfuzuna zərər vurulduğunu hesab edən Bxtiyar Əliyev ona görə də telekanala və dövlət orqanlarına qarşı iddia ilə məhkəməyə üz tutub”. Materialda o da qeyd olunur ki, B.Əliyev iddia ərizəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir: “Lakin Bəxtiyar Əliyevin cavabdehlərdən konkret olaraq nə qədər təzminat istədiyi məlum deyil”.
Dünən məsələ ilə bağlı B.Əliyevin mövqeyini öyrənmək istədik. Lakin günün müxtəlif vaxtlarında deputatın mobil telefonuna dəfələrlə zəng etsək də, o, telefonu açmadı.
 
  • Yazılıb
  • da (də) 2008 Aug 27