Tarix : 2008 Aug 29
Kod 6871

SƏLƏFİLƏRƏ CÜMƏ NAMAZI QILMAĞA İCAZƏ VERİLMƏDİ

bu gün namaza az qalmış Ləzgi Məscidinin ətrafı Səbayel rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, məscidin yerləşdi əraziyə giriş-çıxış məhdudlaşdırılıb
Azərbaycan servisi/Aran Agentliyi
İçərişəhərdə yerləşən Ləzgi Məscidində Cümə namazı qılmalarının qarşısı alınıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, bu gün namaza az qalmış Ləzgi Məscidinin ətrafı Səbayel rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, məscidin yerləşdi əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Namaz vaxtı həm Milli Park, həm də İçərişəhərin ayrı-ayrı küçələri ilə məscidə yaxınlaşan dindarlar ərazidən uzaqlaşdırılıb. Polislər Ləzgi Məscidində yer olmadığını əsas gətirərək, burada namaz qılmağın mümkün olmadığını bildiriblər. Həm polislər, həm də ərazidə olan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları onlara Göy Məscid və ya Bibi Heybət Məscidinə getməyi məsləhət görüblər. Sələfilər dəfələrlə məscidə girməyə cəhd etsələr də, polislər buna imkan verməyiblər. Namaz bitdikdən sonra isə ərazidə sakitlik yaranıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təmsilçisi Gündüz İsmayılov APA-ya bildirib ki, dindarların məscidə buraxılmamaları onların vəhhabi təriqətə mənsub olmaları ilə əlaqədar deyil: ““Əbu Bəkr” məscidində baş verən hadisədən sonra məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Yalnız məscidlərin içərisində namaz qılmağa icazə verilir. Bir neçə gün idi ki, Ləzgi Məscidinin ətrafında və yolda da namaz qılınırdı. Lakin bu, ən az təhlükəsizlik baxımından düzgün deyil. Paytaxtda digər məscidlər var və bu insanlar istədikləri məsciddə namaz qıla bilərlər. Biz bu tədbirləri yalnız təhlükəsizlik məqsədi ilə həyata keçiririk”.

G. İsmayılov polisi ərazidə komitə tərəfindən çağırılmadığını da qeyd edib: “Onlar, sadəcə, öz vəzifələrini yerinə yetirib təhlükəsizlik tədbirləri görürlər”.
  • Yazılıb
  • da (də) 2008 Aug 29