avqustun 23-də ARDNŞ ilk dəfə həcmi qeyri-müəyyən olan neftini İranın “İranian Oil Terminal Co” şirkətinə göndərməli olub
Azərbaycan servisi/Aran Agentliyi
Gürcüstan və Rusiya arasında münaqişə Xəzərdən enerji ehtiyatlarının nəqli ilə bağlı narahatlıqlar və risklər yaradıb. Xəbər verildiyi kimi, bu münaqişə başlanandan təkcə Azərbaycan yox, həm də Xəzərin o tayındakı Qazaxıstan öz neftinin Gürcüstan tranziti ilə bundan sonra da göndərilməsinin məqsədəuyğunluğu barədə ciddi düşünməyə başlayıb. Bu barədə artıq Qərbin ən mötəbər enerji təhqiqatı agentlikləri və nüfuzlu analitik mərkəzləri söz açmağa başlayıblar.
ABŞ-ın “United Press İnternational” agentliyinin təhlilində isə deyilir ki, Bakı-Tiflis Ceyhan neft kəmərinin partladıldığı, üstəlik Bakıdan Potiyə gedən dəmir yolu körpüsünün təxminən eyni vaxtda sıradan çıxarılması rəsmi Bakını üzünü şimal və cənub qonşularına çevirməyə məcbur edib.
Agentlik yazır ki, avqustun 23-də ARDNŞ ilk dəfə həcmi qeyri-müəyyən olan neftini İranın “İranian Oil Terminal Co” şirkətinə göndərməli olub. Xəbər verilir ki, Azərbaycan neftinin İran marşrutu ilə bazara çıxarılması barter üsulu ilə həyata keçirilir. Yəni Azərbaycan neftini İrana göndərir, Tehran isə öz neftindən Azərbaycan üçün İran Körfəzindən neft ixrac edir. Agentlik yazır ki, bu xəbər İranı sevindirdiyi qədər Vaşinqtonu narahat edib. İran Azərbaycan tərəfinə bildirib ki, o, hazırda Azərbaycan və Mərkəzi Asiya neftinin gündə 200 min barrelini nəql edə bilərdi. Tehranın bildirdiyinə görə, bu əməkdaşlıq genişlənsə, İran rəqəmi gündə 500 min barrelə çatdıra bilər.
Agentlik yazır ki, Azərbaycanın neft maraqlarına başlıca zərbəni Gürcüstanın neft limanı olan Potinin ruslar tərəfindən işğalı vurub. Buradakı Kulevi neft terminalı Azərbaycanın Gürcüstandakı başlıca investisiyasıdır. Terminal istismarının birinci fazasında özünün 16 çənli terminalı ilə dəmir yolu vastəsi ilə gətirilən illik 10 milyon ton nefti bazara çıxarmalı idi. UPİ bunu da xüsusi vurğulayır ki, Poti limanının məhz Kuleviyə bitişik hissəsi ruslar tərəfindən işğal olunub. Agentliyin qeyd etdiyinə görə, hətta prezident İlham Əliyev də Azərbaycanın ixrac imkanlarının məhdudlaşdığını etiraf edib. UPİ adının çəkilməsini istəməyən Azərbaycan rəsmisinin dediklərini də sitat göstərir. “Neft üçün İran ən sərfəli və təhlükəsiz marşrutdur”, - deyə həmin Azərbaycan rəsmisi bildirib.
Bu da xəbər verilir ki, İranın neft naziri Qulamhüseyn Nozari Neka Cəsk boru kəmərinin çəkilməsi ilə gündə bir milyon barrel Xəzər nefti Fars Körfəzinə nəql oluna biləcəyini deyib. Agentliyin fikrincə, hadisələrin bu cür dönüşü Azərbaycan hakimiyyəti üçün seçki ərəfəsində gözlənilməz problemlər yaradır. Belə ki, Amerika İranın enerji infrastrukturuna 20 milyon dollardan artıq investisiya qoyan hökumətləri sanksiyalarla hədələyir. Digər tərəfdən, müştərilərə neftin vaxtında və danışılmış həcmdə çatdırılmaması Bakını maliyyə çətinlikləri ilə də üzləşdirə bilər. Bu isə milyard dollarlarla itki deməkdir. Artıq Gürcüstandakı münaqişə və BTC-nin Türkiyədə partladılması nəticəsində Azərbaycan təqribən 1.5 milyard dollarlıq neft ixrac edə bilməyib. UPİ qeyd edir ki, son Gürcüstan münaqişəsi Azərbaycanın hazırkı gəlhagəlinin nə qədər kövrək olduğunu büruzə verib. Məqalədə deyildiyinə görə, hələ son vaxtlaradək Bakı rəsmiləri hazırkı prezidentin gələcək seçkilərdə səslərin 70 faizini toplayacağına əmin olduqlarını elan edirdilər. Lakin indi Gürcüstanda baş verənlər nəticəsində hökumət seçici narazılığı ilə üzləşə bilər. “Belə bir halda isə Vaşinqtonun gözlədiyi məşhur rəngli inqilabın rəngi Azərbaycanın əsas ixrac məhsulunun rənginə çevrilə bilər”, - deyə agentlik qeyd edir.