avqustun 30-da Dağıstan istiqamətindən bir qrup vəhhabi yaraqlısı sərhədi keçməyə cəhd edib Bu zaman Azərbaycanın sərhəd qoşunlarının əsgərləri ilə onlar arasında atışma başlayıb
Azərbaycan servisi/Aran Agentliyi
Bir qrup silahlı vəhhabinin Dağıstandan Azərbaycana keçmək cəhdindən sonra Rusiya ilə sərhəd bölgələrimizdə gərgin vəziyyət hökm sürür. Xəbər verildiyi kimi, avqustun 30-da Dağıstan istiqamətindən bir qrup vəhhabi yaraqlısı sərhədi keçməyə cəhd edib. Bu zaman Azərbaycanın sərhəd qoşunlarının əsgərləri ilə onlar arasında atışma başlayıb. Atışma zamanı bir əsgərimiz həlak olub. Silahlı qrup daha sonra hadisə yerindən uzaqlaşıb. Onların sərhədi keçdiyi və Qusar rayonu ərazisindəki meşəliklərdə gizləndiyi güman edilir.
Atışmadan sonra Qusar rayonuna xüsusi təyinatlı dəstələr göndərilib, yaraqlıların axtarışı üçün vertolyotlar cəlb edilib. Dünən isə qeyri-rəsmi mənbələrdən redaksiyamıza məlum olub ki, Daxili Qoşunların Biləcəridə dislokasiya olunmuş alayı da yaranmış gərginliklə bağlı Qusar rayonuna göndərilib. Alayın silah və hərbi texnika ilə tam heyətdə bu rayona yola salındığı bildirilir.
Sərhəd bölgəsində yaşayan yerli sakinlərdən əldə etdiyimiz məlumatlara görə, dünən gün ərzində silahlı qrupun axtarışı davam etdirilib. Axtarış əməliyyatlarına havadan hərbi vertolyotlar dəstək verib. Vertolyotlar bütün gün ərzində sərhəd əraziləri üzərində uçuşlar həyata keçiriblər. Xaçmaz, Xudat şəhərlərində və Yalama qəsəbəsində gücləndirilmiş polis postları qurulub. Zirehli gödəkçələr geymiş hərbçilər maşınlarda axtarış aparır. Lakin rəsmi mənbələr axtarış əməliyyatlarının gedişilə bağlı hər hansı açıqlama vermirlər.
Yerli sakinlərdən aldığımız başqa məlumata görə, Rusiya ilə sərhədə keçid rejimi sərtləşdirilib, qarşı tərəfə keçmək istəyən yük maşınlarının uzun növbəsi yaranıb. Şimal qonşumuzla həmsərhəd bəzi kəndlərdə atışma səslərinin eşidildiyi haqda da xəbərlər var.
Azərbaycan hökumətinin Rusiya ilə sərhəd bölgələrinə əlavə hərbi qüvvələr göndərməsi təsdiq edir ki, vəziyyət gərgindir və silahlı vəhhabilərin yeni dəstələrinin sərhədi keçmək təhlükəsi var. Ötən sayımızda qeyd edildiyi kimi, Azərbaycana sızmağa çalışan və ya artıq sızan vəhhabi qrupları qarşılarına müxtəlif təxribat və terror əməlləri törətməyi məqsəd qoya bilərlər.
Ən təhlükəlisi isə bu qrupların Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə hərəkət etməsi ehtimalı ilə bağlıdır. Belə ki, Şimali Qafqazda fəaliyyət göstərən vəhhabi qruplaşmalarından bəziləri Rusiyanın xüsusi xidmət orqanlarına bağlıdır. Lakin o da istisna deyil ki, Azərbaycana sızmaq istəyən bu qrupları hakimiyyətin son vaxtlar bu təriqətə mənsub şəxslərə qarşı təzyiqlərinə cavab olaraq hansısa aksiyalar hazırlayırlar.
Xatırladaq ki, bu günlərdə Bakıdakı Əbu-Bəkr məscidinə qumbara atılmasından sonra şimal bölgəsində vəhhabilərə qarşı əməliyyatlar keçirilib, bu təriqətə mənsub şəxslərin saqqallarını polis bölmələrində qırxıblar. Bu baxımdan Şimali Qafqazdakı hansısa vəhhabi şeyxinin din qardaşlarının qisasını almaq haqda fitva verməsi mümkündür. Görünür, Azərbaycanın xüsusi xidmət orqanları Şimali Qafqazdakı vəhhabi qruplaşmalarının planlarından xəbərdardır və bu planlar kifayət qədər təhlükəlidir.