Türkiyə servisi/Aran Agentliyi
Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfər edəcəyi dəqiqləşib. Azərbaycan siyasətçilərinin və politoloqlarının isə məsələyə münasibəti fərqlidir.
“Abdulla Gülün Ermənistana səfəri Rusiyanın təklifi ilə baş tutur. Ona görə ki, Ermənistan müstəqil deyil, o özü Abdulla Gülü Ermənistana dəvət edə bilməz. Amma Rusiya Türkiyə ilə müəyyən razılaşmalar əldə edib və bu razılaşmalara əsasən Rusiya Türkiyəyə Qafqazda müəyyən imkanlar yaradır”. Bunu Türkiyə prezidenti Abdulla Gülün Ermənistana planlaşdırılan səfərini APA-ya şərh edən politoloq Vəfa Quluzadə deyib. Onun sözlərinə görə, Rusiya Türkiyəyə öz təsirini artırmaq istəyir: “ Daha doğrusu, Rusiya Türkiyəni qərbdən ayırıb Qafqazda yeni blok yaratmaq və bu blokun başında özü dayanmaq fikrindədir. Rusiyaya boğazlar lazımdır. Rusiya istəyir ki, boğazlar məsələsində Türkiyə ilə əməkdaşlıq etsin. Qafqaz platformasının başqa mənası yoxdur”.
Politoloq Rasim Musabəyov isə bu səfər fonunda hər hansı təlaşa düşməyin yersiz olduğunu düşünür. Onun sözlərinə görə, bu səfərlə bağlı Azərbaycan tərəfi dəqiqləşmələr aparıb və Abdulla Gülün İrəvana getməsi heç nəyi dəyişmək gücündə deyil: “İndiyə qədər getməyib, indi gedəndən sonra nə olacaq ki? Bu Türkiyənin mövqeyinin dəyişməsi deyil. Onların hansısa təşəbbüsləri uğursuz olarsa, bu Türkiyənin yalnız şəxsi nüfuzuna xələl gətirə bilər. Amma heç bir halda Türkiyə əhalisi, Ordusu hakim elitası Azərbaycanın maraqlarını ermənilərin iddialarına qurban verməyə yol verməz”.
Politoloq İlqar Məmmədovun sözlərinə görə, Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsəndən sonra regionda yeni vəziyyət yaranıb. Əvvəllər Ermənistan üçün Rusiyaya bir pəncərə hesab olunan Gürcüstanın bu pəncərəni qapatdığını deyən politoloq hazırda Ermənistanın bütün inkişafının İranla sərhədə bağlı olduğunu qeyd edir: “Ona görə də bu vəziyyətdən istifadə edən Türkiyə rəhbərliyi istəyir ki, Ermənistan liderləri ilə bir daha ünsiyyət quraraq onları inandırsın ki, həm Azərbaycana, həm Türkiyəyə qarşı öz ərazi iddialarından əl çəksinlər. Əvəzində geniş regional əməkdaşlıqdan bəhrələnsinlər. Gülün səfərinin əsas məqsədi budur”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə A. Gülün səfərini qiymətləndirmək səlahiyyətində olmadığını və ümumilikdə məsələyə şərh vermək istəmədiyini deyib: “Azərbaycan və Türkiyə qardaş, müttəfiq ölkələrdir və biz Türkiyə prezidentinin hansı ölkəyə səfər edib - etməməsindən narahat olmalı deyilik. Çünki bizim qardaşlığımız, dostluğumuz əbədidir”. Gülün səfərinin Qarabağ probleminə hər hansı təsirinin olub-olmamasına gəldikdə, M. Qurbanlı indidən bu barədə fikir söyləməyi mümkün hesab etməyib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Gülün İrəvana səfərini birmənalı olaraq pisləyib. Q. Həsənquliyev bildirib ki, ola bilsin ki, Türkiyə Azərbaycan tərəfinin razılığını alıb: “Amma hər bir halda Türkiyə belə bir təkliflə çıxış etməməliydi. Əvvəla, ermənilər Türkiyəni soyqırım kimi bəşəri cinayətdə ittiham edirlər. Bunun müqabilində birgə futbola baxmağa çağırırlar. Bu dost ölkəyə yaraşmayan bir hərəkətdir. Məncə, Türkiyə ictimaiyyəti növbəti seçkilərdə buna münasibətini bildirəcək. Əminəm ki, Türkiyənin indiki hakimiyyəti atdığı addımlara görə böyük qınaqla üz-üzə qalacaq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Türkiyənin müstəqil dövlət olaraq öz xarici siyasətini özü tərəfindən müəyyənləşdirildiyini deyib. Partiya sədri hesab edir ki, Abdulla Gülün səfəri Türkiyənin əvvəl elan etdiyi prinsiplərə ziddir: “Türkiyə hər zaman elan edirdi ki, Ermənistan Dağlıq Qarabağdan əl çəkməsə, Türkiyəyə ərazi iddialarından, soyqırım iddialarından imtina etməsə, Türkiyənin də Ermənistana münasibəti dəyişməyəcək. İndi Ermənistan heç bir iddiasından imtina etməyib və belə bir vaxtda Türkiyənin öz siyasətini dəyişməsini mən şəxsən doğru hesab etmirəm”.
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu Gülün səfərinin bölgədəki gərginlik olduğu vaxta təsadüf etdiyini deyib və buna görə də birmənalı fikir bildirməyin çətin olduğunu bildirib. Buna baxmayaraq, o Türkiyənin böyük dövlət olduğunu və öz maraqlarının olduğunu vurğulayıb: “Azərbaycan Ermənistanla müharibə vəziyyətində olduğundan hər hansı münasibət qurması indiki şərtlərdə mümkün və arzu olunan deyil. Amma Türkiyənin müəyyən mənada Ermənistanı öz təsir zolağına daxil etməsi üçün müəyyən addımlar atmasına biz aqressiv yanaşmamalıyıq. İmkan verməliyik ki, Türkiyə bu təşəbbüslərin gerçəkləşməsinə nail olsun və Ermənistana təsir göstərə bilsin. Bu səfər də belə məqsədə xidmət edir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də Türkiyənin öz xarici siyasətini özünün müəyyənləşdirdiyini qeyd edib. Partiya sədrinin sözlərinə görə, indiyə qədər Azərbaycan və Türkiyə Ermənistan və Azərbaycan münasibətləri fonunda vahid siyasət nümayiş etdiriblər: “Ermənistana yönəlik siyasətdə kəskin fərqlər olmayıb. Həmişə siyasəti əlaqələndiriblər. Bu gün Abdulla Gülün belə bir addım atmasının səbəbi Azərbaycan tərəfinə aydınlaşdırılmalıdır. Bu addımın atılmasının arxasında nələr dayanır, Azərbaycanın mənafeyinə nə qədər uyğundur izah edilməlidir. Azərbaycan və Türkiyə ictimaiyyətində bu məsələyə etiraz ola bilər”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu şəraitdə, ermənilərin bu qədər iddialarından sonra Türkiyə prezidentinin İrəvana səfər etməsinin düzgün olmadığını bildirib. Türkiyənin özü ilə Ermənistanın böyük problemlərinin olduğunu deyən T. Rüstəmxanlı əslində bu səfərin olacağının əvvəlcədən planlaşdırıldığını qeyd edib: “Türkiyədə buna qarşı duran qüvvələr indi həbsdədir. Bu səfər sürpriz deyildi və böyük hazırlıq başlamışdı. Ermənistan Türkiyənin torpaqlarını öz xəritəsində göstərir. Bu problemlər həll edilmədən prezident səviyyəsində ziyarət doğru sayıla bilməz. Türkiyənin dövlət proqramına yazılıb ki, Azərbaycanın torpaqları Ermənistan azad etməmiş Ermənistanla əlaqə qurula bilməz. Necə olar proqramda belə məsələ olur, amma səfər edilir”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə məsələyə münasibət bildirməyib və bununla bağlı müavinlərindən birinə müraciət etməyi məsləhət görüb. Partiya Məclisinin sədri Sülhəddin Əkbər isə Gülün İrəvana səfərini pisləyib. Onun sözlərinə görə, Türkiyənin Rusiya və Ermənistanla münasibətlərini istiləşdirməsi təcavüzkara əl uzatmaq kimi qiymətləndirilməlidir: “Bu düzgün addım deyil. Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri kəsməsi nəticəsində Ermənistanın blokadası daha da güclənib. Ermənistana təzyiqlərin artması üçün əlverişli şəraitin yarandığı bir məqamda Türkiyə tamamilə əks mövqe tutur və Ermənistana əl uzadır. Bu səfər Azərbaycanın maraqlarına cavab vermir
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov indi kəskin fikir söyləməyin əleyhinə olduğunu deyib: “Çünki Türkiyə böyük dövlətdir, özünə məxsus dövlət siyasəti var. Mən ona əminəm ki, Türkiyənin strateji mövqeyi dəyişməyəcək və bütün hallarda Azərbaycanın pozulmuş hüquqlarının bərpası yolundan dönməyəcək. Abdulla Gülün Ermənistana hər hansı səfəri Türkiyənin ümumi mövqeyinə zidd olmayacaq. Bütün dövlətlərin başçıları bir-biri ilə görüşə bilər. Mən bunun əleyhinəyəm ki, kimsə düşünə bilər ki, Ermənistanın öz mövqelərindən çəkinməsi, Türkiyənin güzəştə getməsidir. Bu proseslərdə Türkiyə taktiki dəyişmələrə gedə bilər. Bu münaqişə uzun çəkib və bunu həll etmək üçün bu tipli cəhdlər ola bilər”. N. Cəfərovun sözlərinə görə, bu səfər Ermənistanın böhrandan çıxması kimi də qiymətləndirilə bilər: “Amma Daşnakstyün bəyanat verib və bu görüşün əleyhinədir. Gülün bu cəhdini problemlərin daha tez həll olunması kimi dəyərləndirirəm”.