Tarix : 2008 Sep 05
Kod 7056

Azərbaycan hökuməti Gülün İrəvan səfərinə münasibət bildirdi

Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri Türkiyənin daxili işidir
Azərbaycan servisi/Aran Agentliyi
"Yeni Şərq"in APA-ya istinadən verdiyi məlumata əsasən, Azərbaycan hökuməti Gülün İrəvan səfərinə münasibət bildirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə bir açıqlama ilə çıxış edib: “Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri Türkiyənin daxili işidir. Bununla bağlı Türkiyə prezidenti qərar verəcək. Azərbaycan hansısa şəkildə öz tərəfindən buna müdaxilə edə bilməz”.
    Türkiyənin irəli sürdüyü “Qafqaz sabitlik paktı”na münasibət bildirən E. Məmmədyarov Azərbaycanın bu təşəbbüsü müsbət qarşıladığını, Cənubi Qafqaza stabillik gəlsə, bunun həm də regiondakı ölkələr üçün müsbət hal olacağını qeyd edib: “İndi söhbət ondan gedir ki, region ölkələri məsləhətləşmələri davam etdirsinlər. Azərbaycan da öz tərəfindən yəqin ki, Rusiya və Gürcüstanla müzakirələri davam etdirəcək. Bu platforma hansı şəkildə təsdiq olunacaq, hələlik bunu demək tezdir”.
    Ermənistan prezidentinin Soçidə Rusiya prezidenti ilə Dağlıq Qarabağa dair apardığı müzakirələrə münasibət bildirən nazir deyib ki, danışıqlardan sonra hansısa nəticənin olacağını demək hələ tezdir: “Biz Ermənistanla həmsədrlərin vasitəçiliyi ilə danışıqları davam etdirəcəyik. Azərbaycan birmənalı olaraq hesab edir ki, tezliklə stabillik və sülh əldə olunmalıdır. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü əsasında...”
    “Cənubi Osetiyadakı hadisələr Qarabağla bağlı vəziyyətə necə təsir edə bilər” sualına cavabında E. Məmmədyarov bütün münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini qeyd edib. E. Məmmədyarov deyib ki, Ermənistanın xarici işlər naziri ilə avqustun 1-də keçirilmiş görüşündə nazirlərin və Minsk Qrupu həmsədrlərinin növbəti görüşünün sentyabrda keçirilməsi təklifi səsləndirilib: “Hələ ki, həmsədrlərdən xəbər gəlməyib. Biz onlardan xəbər gözləyirik”.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 05