Görüşdən və Ermənistan prezidentinin verdiyi iftar yeməyindən sonra dövlət başçıları Ermənistan - Türkiyə futbol oyununu izləmək üçün "Razdan" stadionuna gedəcəklər
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə prezidenti Abdullah Gülün dünyanın gündəmində olan "tarixi" səfəri reallaşdı. Gül, artıq İrəvandadır. Verilən məlumata görə, bir neçə dəqiqə əvvəl Türkiyə prezidentinin təyyarəsi “Zvatrnots” beynəlxalq hava limanına enib.
Onu Türkiyənin xarici işlər naziri Əli Babacan da müşayiət edir.
Türkiyə prezidentinin hava limanında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayıb. Abdullah Gül oradan birbaşa prezident sarayına gələrək Serj Sarkisyanla görüşüb.
Görüşdən və Ermənistan prezidentinin verdiyi iftar yeməyindən sonra dövlət başçıları Ermənistan - Türkiyə futbol oyununu izləmək üçün "Razdan" stadionuna gedəcəklər.
Nümayəndə heyətinin tərkibinə 15 dövlət xadimi, 30 təhlüksəzlik xidmətinin əməkdaşı və 70 KİV təmsilçisi daxildir.
Bu arada Ermənistandan gələn xəbərlərə görə "Daşnaksütyun" partiyası Gülün gəlişi ilə bağlı İrəvanda etiraz aksiyası keçirir. Aksiya iştirakçıları hava limanının qarşısında və prezident sarayının yerləşdiyi Baqramyan prospektində toplaşıblar.
Onlar vətənpərvər mahnılar oxuyur və “Tanıma, tanınma!” şüarları səsləndirirərək Türkiyənin qondarma erməni soyqırımını tanımasını tələb edirlər. Onların əllərində erməni və ingilis dillərində "soyqırım"ın tanınması, həmçinin Türkiyə rayonlarının adları olan plakatlar var. Aksiya iştirakçıları bununla Şərqi Anadolunun erməni ərazisi olmasını iddia edirlər.