Naxçıvanda unla bağlı böhranlı vəziyyətin başqa bir səbəbi Türkiyədən bölgəyə un və un məhsullarının buraxılmamasıdır
Azərbaycan servisi/Aran Agentliyi
Dəyirmanlar yalnız Talıbovun və yaxınlarının dənini üyüdür, Türkiyədən isə un buraxılmır.
“Taxıl yığımının təzəcə başa çatmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında kəskin un qıtlığı yaranıb. Səbəb də odur ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və onun qohum-əqrəbasına, habelə digər yüksək çinli məmurlara məxsus on min hektarlarla sahədən yığılmış dən üyüdülməyincə, bölgədəki dəyirmanlar sıravi vətəndaşlardan buğda qəbul etmirlər”. Bu barədə “Yeni Müsavat”a xəbər bölgədəki mənbələrimizdən daxil olub. Mənbənin dediyinə görə, Naxçıvanda unla bağlı böhranlı vəziyyətin başqa bir səbəbi Türkiyədən bölgəyə un və un məhsullarının buraxılmamasıdır.
“Bir qədər əvvələdək Türkiyədən müəyyən miqdarda un gətirilməsinə icazə verirdilər. İndi bizim gömrükçülərə tapşırıblar ki, bircə kiloqram da olsun buraxmasınlar. Hazırda həmsərhəd İqdırda işləyən naxçıvanlılar tanışları vasitəsilə evlərinə çörək alıb göndərirlər. İrandan da un daxil olur. Amma o, çox keyfiyyətsizdir. Xəmiri yoğurub sobaya qoyan kimi canına isti dəyməmiş parçalanıb gedir”, - deyə mənbə bildirir.
Bundan əlavə, vəziyyətdən çıxmaq üçün naxçıvanlıların Bakıdakı qohum və yaxınlarına müraciət edərək, onlara un göndərməyi xahiş etdikləri bildirilir. Mənbənin sözlərinə görə, hazırda bölgədə 50 kiloqramlıq un kisəsi 26-28 manata satılır: “Unu isə hər yerdə tapmaq mümkün deyil. Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun sahibi olduğu bazardan başqa, Naxçıvanda heç yerdə un satılmır”.
Yaranmış vəziyyəti, əlbəttə ki, iqtisadi sabotaj adlandırmamaq olmur. Bu, eyni zamanda Naxçıvan rəhbərliyinin ölkə başçısı İlham Əliyevə seçkiöncəsi sürprizi hesab oluna bilər. Hər halda qəti şübhə yox ki, süni çörək böhranı yerli əhalinin mövcud hakimiyyətdən narazılığını daha da artıracaq.