Tarix : 2008 Sep 08
Kod 7112

ƏBU-BƏKRLƏ BAĞLI ƏMƏLİYYATI KİM KEÇİRİB?

DİN-in bəyanatından isə belə nəticə hasil olur ki, “Meşə qardaşları” adlı dəstənin rəhbəri İlqar Mollaçiyevin zərərsizləşdirilməsində bu qurum böyük rol oynayıb
Azərbaycan servisi/Aran Agentliyi
Avqustun 17-də “Əbu-Bəkr” məscidində baş verən partlayışla bağlı rəsmi qurumlar iki müxtəlif bəyanat veriblər. Bəyanatlardan birini Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə Baş Prokurorluq digərini isə Daxili İşlər Nazirliyi (DİN) yayıblar. Onları müqayisə edən “Azadlıq” qəzeti MTN və Baş Prokurorluğun birgə bəyanatı ilə DİN-in bəyanatının ziddiyyət təşkil etdiyini yazıb.
Birgə bəyanatdan belə qənaət formalaşır ki, terror aktının törədilməsində şübhəli bilinən şəxslərin həbs edilməsi MTN-in xidmətidir. DİN-in bəyanatından isə belə nəticə hasil olur ki, “Meşə qardaşları” adlı dəstənin rəhbəri İlqar Mollaçiyevin zərərsizləşdirilməsində bu qurum böyük rol oynayıb. Həmçinin, MTN-in bəyanatında terror aktı ilə bağlı 13 nəfərin, DİN-in bəyanatında isə 11 nəfərin həbs olunduğu bildirilir. Bir məsələ də maraqlıdır ki, MTN-lə Baş Prokurorluğun birgə məlumatında Qusarda “Meşə qardaşları”nın zərərsizləşdirilməsi zamanı Daxili Qoşunların əsgəri Əli Yolçuyevin həlak olması haqda qeyd belə yoxdur.
Bu bəyanatlardakı fərqliliklər belə rəy formalaşdırır ki, iki nazirlik arasında məlum əməliyyatla bağlı rəqabət gedir. Həmçinin, burada bir sual da yaranır ki, əslində, əməliyyatı hansı qurum keçirib.
İstirahət günü olduğundan bu sualımıza adıçəkilən nazirliklərdən cavab ala bilmədik. Hüquq-mühafizə orqanlarındakı özəl bir mənbədən aldığımız məlumata görə isə, əməliyyatda MTN və DİN-in əməkdaşları birgə iştirak ediblər. Sadəcə, MTN və Baş Prokurorluğun birinci yaydığı bəyanatda DİN-in bu hadisədəki rolu danıldığından onlar da ayrıca bəyanatla çıxış etmək məcburiyyətində qalıblar. Bu isə onunla nəticələnib ki, iki qurum arasında çəkişmə getdiyi daha bir məqamda özünü büruzə verib.
Bu kimi məsələləri ekspert necə dəyərləndirir?
Mövzu ətrafında söhbət etdiyimiz MTN-in sabiq şöbə rəisi İlham İsmayıl bildirdi ki, bu kimi hərəkətlər dövlət üçün xoşagələn hadisə deyil: “Çox ciddi bir hadisə ilə bağlı fərqli bəyanatların yayılması ilk növbədə terrorda əli olan, lakin hələlik həbs olunmayan şəxslərin hansısa önləyici tədbirlər görməsinə gətirib çıxaracaq. Söhbət ondan gedir ki, Qusarda keçirilən əməliyyat zamanı ələ keçən dəstənin heç də bütün üzvləri həbs olunmayıblar. Bu bəyanatlar hələlik tutulmayan şəxslərə əlverişli məqam yaradır ki, onlar müəyyən tədbirlər görsünlər. İkincisi, əməliyyat işinin birgə aparılmaması onun effektini əhəmiyyətli dərəcədə azaldır. Sonda bu kimi hərəkətlər işin ləngiməsinə gətirib çıxarır və zərbə dövlətə dəyir”.
İ.İsmayıl dedi ki, fərqli bəyanatların ortaya çıxması iki nazirlik arasında çoxdandır gərgin münasibətlərin hökm sürməsinin nəticəsidir: “Bu gərginlik hətta terror kimi dəhşətli cinayətlərə münasibətdə də özünü göstərir. Bu, sabah başqa fəsadlar da verə bilər. Odur ki, səlahiyyətli şəxslər baş verənlərdən nəticə çıxarıb, təcili müvafiq addımlar atmalıdırlar”.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 08