Tarix : 2008 Sep 09
Kod 7139

ABDULLA GÜL: AZƏRBAYCANIN PROBLEMİ MƏNİM ÖZ PROBLEMİMDİR

Türkiyə prezidenti Abdulla Gülün APA-ya eksklüziv müsahibəsi.Mən Azərbaycan xalqının qəlbinə dəyməmək üçün qorumalarımı və maşınımı belə Ermənistana Gürcüstandan göndərdim, Qarsdan yox...
Türkiyə servisi/Aran Agentliyi

Ermənistan prezidenti Serj Sarkisyanın türkiyəli həmkarı Abdulla Gülü İrəvanda futbol matçını izləməyə dəvət etməsindən bəri regionun siyasi gündəminin əsas müzakirələrindən biri bu səfərin baş tutub-tutmayacağı ilə bağlı idi. O səfər baş tutdu, ən müxtəlif şərhlər və reaksiyalar içində olsa belə, Abdulla Gül İrəvana getdi. Bir günlük səfərindən sonra isə media üçün prioritet təşkil edən onun səfər təəssüratları ilə bağlı ilk müsahibəsini almaq idi.

A. Gül Ermənistan səfərindən sonra və Azərbaycan səfəri ərəfəsində dünya mediasında ilk eksklüziv müsahibəsini APA-ya verdi. Bu müsahibə hələ çox danışılacaq...

- Ermənistana səfərinizlə bağlı mediaya müəyyən qədər məlumat vermisiniz. Azərbaycana səfəriniz ərəfəsində daha nələr söyləmək istərdiniz?


- Əvvəlcə, bütün azərbaycanlı qardaşlarıma sevgi və məhəbbətimi göndərirəm. Onların bu səfəri böyük maraqla izlədiklərini bilirəm və bizdən əmin olmalarını istəyirəm. Şəxsən mən bizlərin ayrı dövlət, ancaq bir millət olduğumuza və bu şəkildə davam etməyin önəminə inanan adamam. Dünya xəritəsinə baxanda Qafqaz kiçik bir yer kimi görünür, lakin bu bölgənin çox böyük problemləri var. Bir ay əvvəl bölgədə daşların yerindən oynadığını gördük - ortaya Rusiya-Gürcüstan savaşı çıxdı. Hətta böyük dövlətlər də bu işin içinə girdi. Belə bir məqamda susub oturmaqla olmur, təşəbbüsü ələ almaq lazımdır. Öz bölgəmizin problemlərini həll etmək üçün ciddi-cəhd göstərməliyik. Mənim və hörmətli baş nazirimizin səfərlərinə bu çərçivədən baxmaq lazımdır. Məhz bu məqsədlə tam vaxtında “Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması” ideyası ilə çıxış etdik. Bölgənin önəmli ölkələri hərəkətə keçib bu məsələləri dialoq yolu ilə həll etmək üçün yeni həmlələr etməlidir. Bununla əlaqədar baş nazirimiz hörmətli Ərdoğan Rusiya, Gürcüstan və Azərbaycana gedərək bu mövzuları müzakirə etdi. Əslində ortaya təsadüfi bir fürsət də çıxmışdı - dünya çempionatının seçmə mərhələsində Türkiyə ilə Ermənistan milli komandaları eyni qrupa düşmüşdü. Bu təsadüfdən sonra Ermənistan prezidenti Sarkisyan cəsur şəkildə məni İrəvana dəvət etdi. Ermənistan prezidentinin Türkiyə prezidentinə “gəl, bu matçı birlikdə izləyək” deməsi həqiqətən cəsarət istəyən bir addımdır. Biz orada bu işə qarşı olan daşnaklar və başqa qrupların olduğunu bilirik. Mən niyə bu təklifi qəbul etdim? Çünki bölgəmizdəki problemləri həll etmək üçün müzakirə aparmaq fürsətinin yarandığına inandım. Qarabağ probleminin, həmçinin Türkiyə ilə Ermənistan arasındakı problemlərin müzakirəsi üçün bu fürsətdən istifadə etmək istədim. Doğrusu, bu səfəri həyata keçirməkdən məmnun oldum. Çünki dövlət adamları hər şeyi əvvəlcə yaxşıca ölçüb-biçməli, ondan sonra qərarlı hərəkət etməlidir. Problemləri dondursaq, daha da pis olar. Bu donmuş problemlər sonra de-fakto bir gerçək halına gəlir. Ona görə də dövlət adamları cəsur şəkildə müzakirə aparmalıdır. Qafqaz kimi kiçik bir torpaq sahəsində hamımız bir-birimizə çox bənzəyirik. Qovğa da etsək, münasibətlərimiz pis də olsa, tarixin və coğrafiyanın gətirib-gəldiyi müştərək tərəflərimiz var. Bölgədə əksəriyyət türkcə danışır və ya bu dili anlayır – bu potensialı hərəkətə gətirmək və problemləri həll etmək lazımdır. Səfərim zamanı bu barədə prezident Sarkisyanla çox açıq şəkildə danışdım. Sizinlə danışdıqlarımı onunla daha açıq danışdım, Azərbaycanla Ermənistan arasındakı münaqişənin həll edilməsinin önəmini vurğuladım.

Bu səfər içində müzakirə etdiyim iki məsələdən biri Dağlıq Qarabağ məsələsi oldu. Sarkisyanla Türkiyə-Ermənistan sərhədinin açılmasına dair bir kəlmə belə danışmadıq. Mən Azərbaycan xalqının qəlbinə dəyməmək üçün Ermənistana xüsusi avtomobilləri və qorumalarımı 600 km əlavə yol qət etməklə Gürcüstandan göndərdim, Qarsdan yox.

- Ermənistan tərəfinin reaksiyası necə oldu?


- Serj Sarkisyan da bölgədəki problemlərin həllinə tərəfdar olduqlarını və bizlərin bu prosesdə iştirakından məmnun qalacaqlarını bildirdi. “Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması”na güclü dəstək verdiklərini, bunu regiondakı problemlərin həlli üçün bir fürsət kimi gördüklərini, Gürcüstanda yaşanan hadisələrdən sonra hamımızın dialoq içində olmağımızı vacib saydığını dedi. Hörmətli Əliyevlə də görüşdüklərini və təkrar görüşəcəklərini söylədi. Mən Sarkisyana realist olmağımızın gərəkliliyini bildirdim. Bu problemləri aradan qaldıracaq bir dialoq prosesi başlamalıdır. Dialoq bu gün olmasa, 30-40 il sonra olacaq, amma gələcək nəsillər bundan zərər görəcəklər. Sarkisyanın da xoş niyyətli olduğunu və səmimi danışdığını gördüm. İrəvandan böyük bir məmnuniyyətlə ayrıldım. İstər Türkiyədə, istərsə də Azərbaycanda hirsli düşünənlər ola bilər, mən bunların hamısını sayğı ilə qarşılayıram. Amma əminəm ki, bu təşəbbüs xoş nəticələr doğuracaq və onlar da sevinəcəklər. II Dünya müharibəsində Avropada 50 milyon insan öldü, ancaq indi Fransa ilə Almaniya ən yaxın müttəfiqlərdir. Ona görə də biz təkcə keçmişə deyil, gələcəyə də baxmalıyıq və gələcəyin önünü açmalıyıq. Çərşənbə günü Bakıda olacağam və bütün bu fikirlərimi prezident İlham Əliyevlə bölüşəcəyəm.

Həm də Cənubi Qafqazda baş verən son hadisələr göstərdi ki, enerji təhlükəsizliyi vacib məsələlərdən biridir. Regionda gerçəkləşdirdiyimiz layihələr, o cümlədən Bakı-Tiflis-Ceyhan dönməzdir və davam edəcək. Kim digər layihələr təklif edirsə, müzakirə edə bilərik. Enerji təhlükəsizliyinin təmin olunması üçün hər bir dövlət lazımi addımlar atmalıdır. Biz həm də bölgədə hər bir dövlətin enerji məsələlərinə diqqətli yanaşmasının tərfdarıyıq.

- Serj Sarkisyan prezident olduqdan sonra sələfindən fərqli siyasət yürütməyə başladı. Köçəryan Türkiyəni düşmən ölkə elan etdiyi halda, Sarkisyan Qərbmeylli bir siyasətçi profili ortaya qoydu. Ermənistana gedərkən Qərblə məsləhətləşmələriniz oldumu?

- Mən tamamilə müstəqil qərar vermişəm, bu səfərə qərar verməyimdə heç bir dövlətin təsiri olmayıb. Ancaq bir çox ölkədən təqdir almağımdan da məmnunam. Ermənistan artıq başa düşüb ki, dünyada hər kəslə, xüsusən də qonşu ölkələrlə əməkdaşlıq etmək məcburiyyətindədir. Əks təqdirdə, regionda sülh yaranmaz və Ermənistan bu sülhü əngəlləmiş ölkə vəziyyətinə düşər. Ermənistan bunu başa düşür. Onların bunu anlaması çox önəmlidir. S. Sarkisyanın simasında mən bu fürsətin çox yaxşı dəyərləndiriləcəyinə inanıram. Köhnə siyasəti geridə buraxmaq lazımdır. Hamımız region ölkələri olaraq irəliyə baxmalıyıq.

- Türkiyəni AŞ PA-da təmsil edərkən və xarici işlər naziri olarkən həmişə Türkiyədəki islahatları Avropa, Brüssel, Strasburq üçün yox, türk xalqı üçün həyata keçirdiyinizi bildirirdiniz. Bu gün Qərb analitikləri problemlərin həlli üçün demokratik islahatların dərinləşdirilməsinin zəruriliyini vurğulayırlar. Siz də Ermənistanda bu yöndə mesaj verdiniz. Azərbaycanda da bununla bağlı mesaj verəcəksinizmi?


- Mən uzun illər Avropa Şurasında Türkiyəni təmsil etmişəm. Heydər Əliyevin necə böyük qətiyyət göstərərək, Azərbaycanı Avropa Şurasına üzv etdiyi yadımdadır. Eyni yolu indi hörmətli İlham Əliyev davam etdirir. Demokratiya bir gecədə gələn proses deyil. Türkiyə 1948-ci ildə Avropa Şurasına üzv olub və qurumun qurucu üzvüdür. Görürsünüz ki, islahatları dərinləşdirdikcə bizdən yeni islahatlar tələb edilir. Azərbaycanda da bunun vaxtı gələcək. Bölgədə demokratiyanın olması sabitliyin və ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsini, xalqların rifah səviyyəsinin yüksəlməsini şərtləndirəcək. Ona görə də mənim mesaj verib-verməməyimdən asılı olmayaraq inanıram ki, Azərbaycan rəhbərliyi ölkədə demokratiyanın dərinləşməsi üçün əlindən gələni edəcək. Mən demokratiyanın inkişaf etməsindən son dərəcə məmnunluq duyacağam. Eyni zamanda İlham Əliyevin də bundan qurur duyacağına inanıram.

- Ermənistanın qondarma “soyqırım” iddiaları daha çox Qərbdən, oradakı erməni diasporundan gələn təzyiqlərlə bağlıdır. Bu təzyiqləri qırmağa müvəffəq ola biləcəksinizmi?


- Diaspora da Ermənistanın rifahı üçün çalışmalıdır və buna görə sevinməlidir. Ermənistanın öz qonşuları ilə yaxşı münasibət qurmasına diaspora da sevinməlidir. APA vasitəsilə Azərbaycan xalqına sayğı və sevgilərimi göndərirəm. Bizdən əmin olsunlar. Biz hər zaman Azərbaycanın arxasındayıq. Azərbaycanın problemi mənim öz problemimdir, başqa heç bir şeydən söhbət gedə bilməz. Bakıya da bunun üçün gəlirəm.

  • Yazılıb
  • da (də) 2008 Sep 09