Azərbaycan servisi/Aran Agentliyi
Hacı İlqar İbrahimoğlu: "Məscid bağlanmamalıdır. Hətta radikalizm və ekstrimizim elementləri varsa da, bunun məscidin divarına, yəni özünə aidiyyəti olmamalıdır"
Məscid hansı halda bağlana bilər? Bunun qanuni mexanizmi necədir? Son günlər Bakıdakı Əbu Bəkr məscidinin bağlanması məsələsi ətrafında gedən söz-söhbəti nəzərə alaraq «Media forum» saytı bu suallara aydınlıq gətirməyə çalışıb.
Qafqaz Müsəlmanları İdarəsinin təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov sayta açıqlamasında bildirib ki, dini icmalar haqqında əsasnaməyə görə, dini icmanın, yaxud onun mülkiyyətində olan məscidin fəaliyyətinə dini icma təsisçilərinin və ya məhkəmənin qərarı ilə xitam verilə bilər.
İcmanın fəaliyyətinə xitam verildikdə bu barədə qərar icra hakimiyyəti orqanına göndərilir və orda qeydə alınır. Həmin qeydin aparıldığı andan icma ləğv edilmiş sayılır. Əsasnaməyə görə, icmanın fəaliyyətinə xitam verildikdən sonra ayrı-ayrı təşkilatların və ya vətəndaşların icmanın istifadəsinə verdiyi əmlak əvvəlki sahibinə qaytarılmalıdır.
«Dini etiqad azadlığı» haqqında qanunun «Fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı barəsində sərəncam» adlı 20-ci maddəsində də bu məsələ eyni şəkildə əksini tapıb. Burda göstərilir ki, dövlət təşkilatının, ictimai təşkilatların və ya ayrı-ayrı vətəndaşların dini qurumların istifadəsinə verdikləri vəqf olmayan əmlak onların fəaliyyətinə xitam verildikdən sonra əvvəlki sahibinə qaytarılır.
20-ci maddədə daha sonra bildirilir: «Dini qurumun fəaliyyətinə xitam verildikdə, mülkiyyətində olmuş əmlak barəsində onun nizamnaməsinə (əsasnaməsinə) və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə sərəncam verilir. Dini qurumlara məxsus ayin təyinatlı əmlakdan kreditorların iddiaları üzrə haqq tutula bilməz. Hüquqi varis olmadıqda əmlak dövlət mülkiyyətinə keçir».
Hacı Əlirza bundan başqa hər hansı şərtin icmanın fəaliyyətinə xitam verilməsi üçün əsas ola bilməyəcəyini vurğulayıb. Şöbə müdiri onu da əlavə edib ki, məscidi olmayan müsəlman dini icması dövlət qeydiyyatına alınmır: «Dini icma yaratmaq istəyən kollektiv müvafiq sənədləri bizə təqdim edir.
Biz yoxlayırıq ki, icmanın təsisçiləri kimlərdir, dini icma həm dini, həm dövləti nöqteyi-nəzərdən qənaətbəxşdirmi, yəni dindarlıqları varmı, saf, təmiz əqidəli insanlardan ibarətdirlərmi? Təsisçilər dövlətçilik baxımından din və dövlət münasibətlərində tənzimləyici rol oynaya biləcək insanlardan ibarətdirsə, dövlətin qanunlarına riayət edəcəklərsə, onda onlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdimat veririk».
«Dini etiqad azadlığı» haqqında qanuna görə, bütün dini icmalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınır. Müsəlman dini icmalarının qeydiyyatı üçün Qafqaz Müsəlmanları İdarəsindən təqdimat olmalıdır.
Hazırda Azərbaycanda 471 müsəlman dini icması qeydiyyata alınıb. Onlardan təxminən 100-ü Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı olmadan qeydiyyata götürülüb. Bu, dövlət komitəsinə Rafiq Əliyevin sədrlik etdiyi vaxtda baş verib. R.Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2001-2006-cı illərdə rəhbərlik edib. Onun rəhbərliyi dövründə dövlət komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında münasibətlər gərgin olub.
Hacı Əlirzanın sözlərinə görə, dövlət müstəqilliyimiz bərpa olunandan indiyədək Azərbaycanda heç bir müsəlman dini icmasının fəaliyyətinə xitam verilməyib, heç bir məscid bağlanmayıb.
Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da «Media forum»a açıqlamasında deyib ki, müstəqillik dövründə ayrı-ayrı vaxtlarda təmir adı altında məscidlərin fəaliyyəti məhdudlaşdırılıb, ancaq hansısa məscidin bağlanması barədə heç bir qərar çıxarılmayıb: «Bizim Cümə məscidi də təmir adı altında bağlı saxlanmışdı, ancaq məscidin qapadılması haqda qərar olmamışdı. Son vaxtlar paytaxtın bəzi iri məscidləri də təmir adı altında fəaliyyətsiz qalıb».
İ.İbrahimoğlu qeyd edib ki, bu baxımdan Əbu Bəkr məscidi ilə bağlı situasiya fərqlidir, çünki burda söhbət birbaşa məscidin bağlanmasından gedir. İ.İbrahimoğlu istənilən halda belə söhbətlərin gündəmə çıxmasına müsbət yanaşmadığını vurğulayıb: «Məscid bağlanmamalıdır. Hətta radikalizm və ekstrimizim elementləri varsa da, bunun məscidin divarına, yəni özünə aidiyyəti olmamalıdır.
Kimsə bu kimi yollarla radikalizmin, ekstrimizmin qabağını alacağını düşünürsə, yanılır. Əksinə, belə addımlar radikalizm və ekstrimizmin meydanını genişləndirir, onun üçün bəhanəni, manipulyasiya etmək imkanını artırır».
Əbu Bəkr məscidi yaxınlığında yaşayan qonşuların məscidin qapadılması üçün imza toplaması barədə yayılan xəbərlərə münasibət bildirərkən İ.İbrahimoğlu bildirib ki, bu, imzatoplama həqiqətən varsa belə, o, Allah evinin bağlanmasına əsas yarada bilməz: «İstər ənənəvi Şərq dünyasında, istər Azərbaycanın inteqrasiya etmək istədiyi Avropa məkanında, Amerikada belə bir presedent yoxdur. Məscid kafe, restoran, şadlıq evi deyil ki, onu qapadasan. Bu bir Allah evidir və bu kimi məsələlərə məsuliyyətlə yanaşmaq lazımdır».