Bizim Cümə məscidi də təmir adı altında bağlı saxlanmışdı, ancaq məscidin qapadılması haqda qərar olmamışdı. Son vaxtlar paytaxtın bəzi iri məscidləri də təmir adı altında fəaliyyətsiz qalıb
Azərbaycan servisi/Aran Agentliyi
Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da «Media forum»a açıqlamasında deyib ki, müstəqillik dövründə ayrı-ayrı vaxtlarda təmir adı altında məscidlərin fəaliyyəti məhdudlaşdırılıb, ancaq hansısa məscidin bağlanması barədə heç bir qərar çıxarılmayıb: «Bizim Cümə məscidi də təmir adı altında bağlı saxlanmışdı, ancaq məscidin qapadılması haqda qərar olmamışdı. Son vaxtlar paytaxtın bəzi iri məscidləri də təmir adı altında fəaliyyətsiz qalıb».
İ.İbrahimoğlu qeyd edib ki, bu baxımdan Əbu Bəkr məscidi ilə bağlı situasiya fərqlidir, çünki burda söhbət birbaşa məscidin bağlanmasından gedir. İ.İbrahimoğlu istənilən halda belə söhbətlərin gündəmə çıxmasına müsbət yanaşmadığını vurğulayıb: «Məscid bağlanmamalıdır. Hətta radikalizm və ekstrimizim elementləri varsa da, bunun məscidin divarına, yəni özünə aidiyyəti olmamalıdır.
Kimsə bu kimi yollarla radikalizmin, ekstremizmin qabağını alacağını düşünürsə, yanılır. Əksinə, belə addımlar radikalizm və ekstrimizmin meydanını genişləndirir, onun üçün bəhanəni, manipulyasiya etmək imkanını artırır».
Əbu Bəkr məscidi yaxınlığında yaşayan qonşuların məscidin qapadılması üçün imza toplaması barədə yayılan xəbərlərə münasibət bildirərkən İ.İbrahimoğlu bildirib ki, bu, imzatoplama həqiqətən varsa belə, o, Allah evinin bağlanmasına əsas yarada bilməz: «İstər ənənəvi Şərq dünyasında, istər Azərbaycanın inteqrasiya etmək istədiyi Avropa məkanında, Amerikada belə bir presedent yoxdur. Məscid kafe, restoran, şadlıq evi deyil ki, onu qapadasan. Bu bir Allah evidir və bu kimi məsələlərə məsuliyyətlə yanaşmaq lazımdır».