Tarix : 2008 Sep 10
Kod 7164

AZƏRBAYCAN HAKİMİYYƏTİ DAHA BİR MƏKANI MÜXALİFƏTİN ÜZÜNƏ BAĞLADI

Dünəndən etibarən “Caspian Plaza” kompleksinin konfrans zalı fəaliyyətini dayandırıb
Azərbaycan servisi/Aran Agentliyi
Dünəndən etibarən “Caspian Plaza” kompleksinin konfrans zalı fəaliyyətini dayandırıb. Bu barədə qəzetimizə sözügedən zalda mətbuat konfransı keçirməyi planlaşdıran ictimaiyyət nümayəndələri məlumat verib. Kompleks rəhbərliyi sonunculara bu addımlarını nəzərdə tutulan təmir işləri ilə izah edib. Amma iyul ayında Beynəlxalq Mətbuat Mərkəzinin də eyni səbəb göstərərək, fəaliyyətini dayandırması ictimaiyyətdə bu məsələ ilə bağlı fərqli rəy yaradır.
İlkin qənaətlərə görə, hakimiyyət seçkiöncəsi nəzərdə tutulan bütün konfrans və tədbirlərin qarşısını almağa çalışır. Belə ki, paytaxtın parklarının bir-birinin ardınca hasara alınması, ardınca isə mətbuat konfransları üçün nəzərdə tutulan məkanların təmir adı ilə qapadılması insanların seçkiöncəsi sərbəst toplaşma azadlığına maneə kimi qiymətləndirilir. Amma “Caspian Plaza” kompleksinin konfrans zalı ilə bağlı məsələdə diqqəti çəkən başqa bir nüans var. Xatırlayırsınızsa, son olaraq, ötən həftə müxalifət liderləri sözügedən məkana toplaşaraq, prezident seçkiləri ilə bağlı boykot qərarlarını elan etmişdilər. İlkin ehtimallara görə, tədbirin böyük rezonans yaratması kompleks rəhbərliyinə başağrısı yaradıb və sonuncu oxşar vəziyyətin yaranmaması üçün təmir bəhanəsi ilə konfrans zalının fəaliyyətini bir müddətliyə dayandırıb.
Biz də bu olayla bağlı tərəfləri danışdırıb, gerçəyi öyrənmək istədik. “Caspian Plazanın” meneceri Elşən Süleymanov bizə açıqlamasında konfrans zalının təmirlə əlaqədar bir müddət fəaliyyətini dayandırdığını təsdiqlədi. Onun sözlərinə görə, binanın aşağı mərtəbələrində aparılan təmir işləri zalda mətbuat konfransı keçirilməsinə mane olur: “Çünki təmir səs-küylüdür və bu, tədbirin keyfiyyətinə təsir göstərir. Biz də qərar verdik ki, yaxın bir ay ərzində yarımçıq qalan təmiri yekunlaşdıraq”.
Müsahibimizdən bu təmirin təsadüf xarakteri daşıyıb-daşımadığını soruşduq. E.Süleymanov sözügedən qərarlarında siyasi çalar olmadığını bildirdi: “Sadəcə, işləri sürətləndirmək istəyirik. Qarajla müqavilə bağlamışıq, burada yerləşən şirkətlərin maşınlarına yer verməliyik, addımlarımız da bununla bağlıdır”.
Müsahibimiz bildirdi ki, indiyədək icarə haqqını ödəyən və konfrans keçirməyi planlaşdıran təşkilatların müqavilələri qüvvəsində qalır. Amma bu tarixdən sonra yeni konfraslar üçün müqavilə bağlanmayacaq.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, bu prosesin arxasındakı gerçəkləri öyrənmək üçün sözügedən məkanda təmir prosesinin aparılıb-aparılmadığını dəqiqləşdirmək lazımdır. Müsahibimizin fikrincə, “Caspian Plaza”nın təmir üçün qapanması alternativ məkanların olmadığını göstərmir: “Tədbir keçirmək istəyənlər ”RİA" Novosti, habelə “Trend” agentliklərinin ofisinə gedə bilər. Orada normal şəraitli mətbuat konfransları keçirmək mümkündür".
M.Əliyev həmçinin vurğuladı ki, bu prosesdə siyasi çalar axtarmağa dəymir. Müsahibimizin fikrincə, onsuzda Bakıda seçki prosesi getmir və bu səbəbdən hakimiyyətin müxalif qüvvələrdən çəkinməsi məntiqli deyil: “Adını çəkdiyim konfrans zallarını da bağlasaydılar, bunu yuxarıdan idarə olunan proses kimi qiymətləndirərdim. Amma hazırkı şəraitdə belə problemin olmadığını düşünürəm”.
“Azərbaycan Naminə” İctimai Forumunun rəhbəri Eldar Namazov isə bu olayda siyasi çalar axtarmağın tərəfdarıdır. Onun sözlərinə görə, ölkə müxalifətinin heç bir tədbirlərinə imkan yaradılmaması, müxalifətlə görüşəcək insanların dövlət qurumları tərəfindən təzyiqə məruz qalması, habelə mətbuat konfransları keçirmək üçün mövcud olan zalların bir-bir qapadılması yuxarıdan idarə olunan prosesdir: “Təbii ki, Azərbaycanda fəaliyyət göstərən iş adamlarının rahat işləməsi, onların fəaliyyətinə heç bir təzyiqin olmamasında maraqlıyıq. Demokratik qüvvələr üçün azad sahibkarlıq demokratik sistemin əsas dəyərlərindən biridir. Ona görə də əgər belə bir hadisə baş veribsə, buna təəssüf edirik. Azərbaycan hakimiyyəti nəinki öz siyasi opponentlərinə, azad sahibkarlara qarşı da belə siyasət yürüdür. Təbii ki, müxtəlif zalların sahibləri siyasətlə yox, bizneslə məşğul olurlar. İqtidar da, QHT-lər də, müxalifət partiyaları da vaxtaşırı mətbuat konfransı keçirmək istəyəndə belə zaldan istifadə edirlər. SSRİ dövründə mövcud olan xalq düşməni ovqatını Azərbaycanda yenidən bərpa etmək çox yanlış bir siyasətdir”.
E.Namazov müxalifətə tədbir keçirməklə bağlı qoyulan məhdudiyyətlərin səbəbləri ilə maraqlanacağını söylədi. Onun sözlərinə görə, normal fəaliyyətə əngəllər adi hala çevrilsə də, bununla nə müxalifəti, nə də azad mətbuatı susdurmaq mümkün olacaq.
Bu arada günün ən maraqlı xəbərlərindən biri də sentyabrın 11-dən etibarən Beynəlxalq Mətbuat Mərkəzinin fəaliyyətə başlayacağı ilə bağlıdır. Mərkəzin rəhbəri Azər Vəliyev “Mediaforum”a açıqlamasında bildirib ki, sentyabrın 11-də keçiriləcək tədbirin təşkilatçısı - “Azad, şəffaf, ədalətli seçkilər” Koalisiyası (AŞƏS) BMM-in zallarını icarəyə götürüb: “Bu, BMM-in öz fəaliyyətini bərpa etməsi demək deyil. İyulun 11-dən sonra təmirə başlamalıydıq. Lakin otaqları təmir edəcək şirkətin məsulları burda işin çox olduğunu, təmiri iki aya başa çatdıra bilməyəcəklərini dedi. Hətta biz kiçik zalı da boşaltmışdıq, dəhlizdəki avadanlıqları da götürmüşdük. Amma işin uzun olacağını görüb təmir işinə başlamağı bir qədər yubatdıq”.
A.Vəliyevin sözlərinə görə, hazırda yalnız bir təşkilatla - AŞƏS-lə icarə müqaviləsi bağlanıb: “Onlarla bağlanan müqavilə oktyabrın 15-dəkdir. Bu müddət ərzində BMM-in özünün də ayrı-ayrı layihələrini öz zallarımızda keçirməyi qərara almışıq. Elə təmiri yubatmağımızın bir səbəbi də öz layihələrimizdir. Həmin layihələrə treninqlər, seminarlar və sairə daxildir”.
Mərkəzin direktoru bildirib ki, öz layihələri oktyabrın sonlarına qədər davam edəcək: “Sonra təmirə başlayacağıq. Amma təmirdən sonra BMM əvvəlki qaydada fəaliyyət göstərməyəcək. Yalnız ayrı-ayrı təşkilatlara günlük, həftəlik, aylıq icarəyə veriləcək”.
Xatırladaq ki, bu il iyulun 11-dən BMM-də bütün tədbirlər qeyri-müəyyən vaxtadək dayandırılıb və bu, təmirə başlamaq planları ilə izah edilib.
2003-cü il mayın 2-də qurulan BMM-in təsisçisi Beynəlxalq Mətbuat Klubu İctimai Birliyidir.
  • Yazılıb
  • da (də) 2008 Sep 10