Tarix : 2008 Sep 10
Kod 7165

AYAZ MÜTƏLLİBOV ASDP-dən ÇIXARILIR

A.Mütəllibov : Bu taktika Azərbaycanın siyasi həyatında dəfələrlə tətbiq olunub. Hansı partiyaların bu mərhələdən keçdiyini özünüz bilirsiniz
Azərbaycan servisi/Aran Agentliyi
Elşən Manafov ASDP üzvlüyündən uzaqlaşdırılsa da, partiyanın həmsədri Araz Əlizadə ilə savaşını davam etdirir. Mətbuata açıqlamalarında Araz Əlizadəni eks-prezidentin tərəfdarlarını sıxışdırıb partiyadan çıxarmaqda, ona qarşı planlarda suçlayır. Elşən Manafovun açıqlamalarına diqqət yetirəndə belə bir mənzərə yaranır ki, ASDP-də mütəllibovçularla Araz Əlizadənin tərəfdarları arasında müharibə gedir.
Sabiq ASDP-çi APA-ya açıqlamalarının birində Ayaz Mütəllibov ona Araz Əlizadənin sındırıldığını dediyini bildirib: “Ayaz Mütəllibov dedi ki, Araz Əlizadənin hansı dairələr tərəfindən sındırılmasını və kimlərin dəyirmanına su tökməsini isə Araz Əlizadə özü daha yaxşı bilir. ASDP-nin dağıdılması ilə müşayiət olunan proses buna misaldır.
ASDP sabun köpüyü kimidir və nə qədər ki, Araz Əlizadə kimiləri bu quruma rəhbərlik edəcək, təşkilat öz fəaliyyətini bərpa edə bilməyəcək.
Partiya real olaraq Ayaz Mütəllibov və Araz Əlizadə tərəfdarları arasında parçalanıb. Yaxın zamanlarda bu parçalanma tam çılpaqlığı ilə ortaya çıxacaq".
Sabiq ASDP-çi yeni sol təmayüllü partiyanın yaradılması istiqamətində işlərə başlayacağını da qeyd edib. O, hesab edir ki, yeni sol təmayüllü partiyanın yaranmasında Azərbaycan hakimiyyəti, müxalifətin islahatçı dairələri də maraqlı olmalıdırlar.
Araz Əlizadə isə Elşən Manafovun ASDP və onun barəsində səsləndirdiyi fikirlərin cəfəng olduğunu bildirib: “Elşən Manafov Ayaz Mütəllibovun adından yalan danışıb. Ayaz Mütəllibov Mərkəzi Komitənin plenumuna telefon vasitəsilə qatılıb və Elşən məhz həmin toplantıda partiyadan uzaqlaşdırılıb”.
ASDP ilə bağlı dünən bir sıra mətbuat orqanlarının yaydığı məlumatlarda diqqətçəkən məqamlardan biri isə sentyabrın 27-nə planlaşdırılan qurultayda Ayaz Mütəllibovun və ona yaxın şəxslərin partiya üzvlüyündən xaric ediləcəyidir. Bildirilir ki, Araz Əlizadə ilə Ayaz Mütəllibovun mövqelərində kəskin fərqlilik ortaya çıxıb və radikallığı ilə seçilən Əlizadə hətta eks-prezidentə də partiyada qalib gəlmək gücündə olduğunu nümayiş etdirmək qərarındadır.
ASDP-nin mətbuat katibi Yaşar Əsədov isə “Yeni Müsavat”a açıqlamasında bu məlumatların Elşən Manafov tərəfindən qəzetlərə ötürüldüyünü bildirdi: “Elşən Manafov özündən uydurduğu dezinformasiyaları mətbuata ötürür. O, faktiki olaraq tək qalıb. Ona görə də çalışır ki, ASDP-nin daxilində fikir ayrılığı yaransın”.
Y.Əsədovun sözlərinə görə, E.Manafov özünü A.Mütəllibovun yaxın adamı kimi cəmiyyətə təqdim etsə də əslində belə deyil: “Elşən Manafovun məqsədlərindən biri Ayaz Mütəllibovun həmsədr olduğu partiyanı parçalamaqdır ki, buna da nail ola bilmədi. O, partiyanı bölmək fikrinə düşməklə əslində tək Araz Əlizadəyə qarşı yox, Ayaz Mütəlllibova da qarşı çıxmış oldu. Elşən Manafovla Ayaz Mütəllibovun prezident seçkisinə münasibətində də fərq var. Elşən Manafov bütün gücü ilə çalışırdı ki, ASDP hazırkı antidemokratik mühitdə seçkiyə getsin. Ayaz Mütəllibov isə seçkidə iştirak etməməyin tərəfdarı olduğunu hələ ASDP son qərarını verməmişdən əvvəl mətbuata açıqlamışdı. Ayaz müəllimin bu mövqeyi ilə Araz Əlizadənin mövqeyi üst-üstə düşürdü və partiya da məhz seçkidə iştirak etməmək qərarı verdi. Odur ki, Elşən Manafovun özünü Mütəllibovçu kimi təqdim edib eks-prezidentə qarşı ASDP-də səlib yürüşü başlandığını bildirməsi gülüncdür”.
ASDP funksioneri qeyd etdi ki, E.Manafovun başqa bir məqsədi iqtidarın dəstəyinə nail olub hakimiyyətyönlü solçu partiya yaratmaq və 2010-cu il parlament seçkisində deputat mandatı almaqdır.
A.Mütəllibov özü isə “Mediaforum”a bildirib ki, partiyanı kənardan parçalamaq cəhdləri təbiidir: “Bu taktika Azərbaycanın siyasi həyatında dəfələrlə tətbiq olunub. Hansı partiyaların bu mərhələdən keçdiyini özünüz bilirsiniz. Müxalifətdə olan siyasi xadim kimi mənə gəldikdə, bir çoxları fikirləşir ki, Ayazın partiyası nə qədər zəif olsa, o qədər yaxşıdır. Bu səbəbdən kiminsə növbəti dəfə mənim partiyamı parçalamağa cəhd etdiyi istisna deyil. Ancaq bunu yüz faiz təsdiq edə bilmərəm. Bəli, etiraf edirəm ki, partiyada narazılar var. Bu narazılıq isə müzakirə olunaraq qiymətini almalıdır”.
  • Yazılıb
  • da (də) 2008 Sep 10