Tarix : 2008 Sep 11
Kod 7186

TÜRKİYƏNİN REQİONDA YENİ ROLDA ÇIXIŞ ETMƏSİ BAKINI ÇAŞDIRIB

Pol Qobl Azərbaycan Diplomatiya Akademiyasının Tədqiqat Mərkəzinin rəhbəridir
Türkiyə servisi/Aran Agentliyi

«Azadlıq» radiosunun Praqadakı baş ofisi ilə keçirdiyi video-konfransda (telekörpü) amerikalı politoloq Pol Qobl müxbirlərin Qafqazdakı vəziyyətə dair suallarını cavablandırıb.P. Qoblun fikrincə, Rusiya bir müddət Qarabağla bağlı siyasətində ehtiyatlı olmağa çalışacaq. O, bunun səbəbini belə izah edir:«Yaxın zamanda Rusiya digər münaqişə zonalarına qarışmayacaq. Çünki Rusiya elə bir fikir yaratmaq istəmir ki, onun regionda güc işlətməsi tendensiyaya çevrilir».

Tarixi paralellər aparan şərhçi 1991-ci ilin yanvarında Baltikyanı dövlətləri özünə tabe etməyə çalışan Sovetlər Birliyini yada salır. O deyir:«Sovet hərbçiləri Vilnüsdə qan tökəndə yox, bundan bir həftə sonra Latviyada adamları öldürəndə, Moskva kəskin və təsirli etirazlarla rastlaşdı. Çünki Vilnüsdə qan tökmək yalnız diqqəti cəlb etmişdi, Riqada baş verənlər isə artıq dövlətin yeritdiyi qırğın siyasətinin birbaşa təsdiqi idi».

P. Qobl Rusiyanın hegemonluq iddialarını əngəlləməyin yolunu Qafqazda vətəndaş cəmiyyətlərinin inkişafında görür:
«Açıq və demokratik cəmiyyəti işğal etmək mümkün olmur. Əhali sadəcə, bunu qəbul etmir».Son olayların Azərbaycana təsirindən danışan P. Qobl deyir ki, Azərbaycanı qorxudan nə Rusiyanın hərəkətləri, nə enerji layihələrinə dəyən zərbələr oldu. Bəs nədir Bakını sarsıdan? P. Qoblun fikrincə, Türkiyə:«Türkiyə çalışır ki, regionda yeni rolda çıxış etsin. Bu da öz növbəsində, Bakını çaşdırıb».

Gürcüstan hadisələri zamanı Azərbaycan rəhbərliyinin siyasətinə qiymət verən şərhçi deyir:«Heydər Əliyevdən fərqli olaraq, İlham Əliyev gəncdir. O özünü hələ ən azı daha 20 il siyasətdə, hakimiyyətdə görür. Buna görə də öz hakimiyyətini Moskva tərəfdən yönələ biləcək hər hansı təhlükədən sığortalamaq üçün o, yalnız bir tərəflə dostluq edə bilməz».Lakin P. Qobl hesab edir ki, böyük zaman kəsiyində İlham Əliyev liberal islahatlar keçirməli, daha çox acıq cəmiyyətə arxalanmalıdır.Qeyd: Pol Qobl Azərbaycan Diplomatiya Akademiyasının Tədqiqat Mərkəzinin rəhbəridir 

  • Yazılıb
  • da (də) 2008 Sep 11