Azərbaycan servisi/Aran Agentliyi
Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün neçə vaxtdır vasitəçilik missiyası həyata keçirən Minsk Qrupunun dağılacağı haqda proqnozlar özünü doğrultmağa başlayıb. Rusiya ilə ABŞ arasında əməkdaşlığın, demək olar ki, dayandığı və tərəflərin bir-birinə qarşı “soyuq müharibə” dövrünə xas olan addımlar atması artıq bu iki super gücün Qarabağ münaqişəsinin həlli üçün birgə vasitəçiliyini qeyri-mümkün edib. Xüsusən də Rusiyanın Gürcüstan ərazisindəki separatçı bölgələri tanımasından sonra.
Xəbər verildiyi kimi, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni vəziyyət Türkiyəni Qarabağ münaqişəsinin həlli üçün fəal vasitəçiliyə başlamağa sövq edib. Lakin ABŞ-ın da Rusiyanın son addımlarından sonra Qarabağ münaqişəsinin nizamlanması ilə daha fəal şəkildə məşğul olacağı gözlənilirdi. Dövlət katibinin köməkçisi, Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın “Amerikanın səsi”nə verdiyi açıqlama təsdiq edir ki, belə də olacaq.
Brayza dünən Azərbaycana və Ermənistana səfərə çıxıb. Vaşinqtondan ayrılmazdan öncə Brayza “Amerikanın səsi”nə müsahibə verib. O deyib ki, Rusiya ilə ABŞ-ın Qarabağ münaqişəsinin həlli üçün birgə vasitəçiliyinin artıq mümkün olmadığı haqda fikirlərlə tanışdır, lakin hesab edir ki, bu haqda danışmaq hələ tezdir. “Minsk Qrupunun gələcəyini zamanla biləcəyik. Ancaq məncə, bu qrup öz funksiyasını saxlayacaq. Mən bu gecə Azərbaycana və Ermənistana yola düşürəm. Ümid edirəm ki, hər iki ölkənin liderləri ilə prosesi necə irəli aparmaq barədə fikir mübadiləsi edəcəyik. Deyə bilərəm ki, Dövlət Departamentində məndən yüksək vəzifəli şəxslər indi çox fəal şəkildə bu işə cəlb olunublar. Bu baxımdan, mənim ümidverici gözləntilərim var. Minsk Qrupu yaşayır və gözləmək olar ki, öz funksiyalarını davam etdirəcək.ÿ”
Diplomat Rusiya-Gürcüstan qarşıdurmasında Azərbaycanın hansı kursu seçməli olduğu haqda suala cavabında deyib ki, Azərbaycan diqqətini özünə yönəltməlidir. Onun fikrincə, Azərbaycan liberallaşan siyasi sistemi ilə, günü-gündən demokratik normalara yaxınlaşan, böyük iqtisadi artıma malik və Amerika ilə möhkəm dostluğu olan uğurlu ölkədir: “Vitse-prezident Dik Çeyninin səfəri də buna sübutdur. Bizim təhlükəsizlik, enerji və demokratiya sahələrində eləcə də, daxili liberallaşma məsələlərində sıx əməkdaşlığımız var. Azərbaycan xalqı və rəhbərliyi heç vaxt bu dostluğu şübhə altına almamalıdır. Ola bilər ki, biz bəzən kimlərisə narazı sala biləcək bəyanatlarla çıxış edək. Ümid edirəm ki, biz belə məsələləri həll etmişik və bir zərər vermək istəmədiyimizi izah edə bilmişik. Qarabağ məsələsinə gəldikdə isə, biz qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Biz deyirik ki, əgər nə vaxtsa bir razılaşma olsa, bu, hər iki ölkə tərəfindən də qəbul olunmalıdır. Bu razılaşmanı necə əldə etmək isə Azərbaycandan asılıdır. Minsk Qrupunun bir həmsədri kimi, mən bunun baş verməsinə kömək edirəm. Biz heç kimə hansısa razılaşmanı qəbul etdirə bilmərik”.
Brayza deyib ki, ABŞ birinci növbədə Azərbaycanın ərazi bütövlüyünü himayə edirÿ və istəyir ki, Azərbaycan və Ermənistan özləri beynəlxalq qanunların başqa prinsiplərini də əhatə edəcək bir razılaşma əldə etsinlər. Diplomat deyib ki, Bakıya səfəri zamanı “Nabucco” kəməri ilə bağlı da müzakirələr aparacaq. Dövlət katibinin köməkisi ÿson günlər Rusiya mətbuatında Azərbaycanın guya “Nabucco” layihəsindən imtina etməsi barədə yer alan məlumatlarla bağlı bunları deyib: “ Bu zarafatdır? ”Nabucco" Azərbaycanın qazı olmadan baş tuta bilməz. Bu, tam gülünc bir şeydir. Rusiyanın “Nabucco”-ya son qoymaq və onun yerini öz qazı ilə doldurmaq iddiaları ilə eyni vaxtda, biz “Nabucco”nu bacardığımız qədər tez həyata keçirməyə çalışmalıyıq. Bununla yanaşı, Türkiyə-Yunanıstan kəməri üçün də Azərbaycan qazı əhəmiyyətlidir. Biz ümid edirik ki, Azərbaycan strateji mövqeyə malikdir və Avropaya yanacaq çatdırmağın vacibliyini dərk edir. Burada Azərbaycanla yanaşı Türkiyə də strateji mövqedə olacaq. Təkcə Azəbaycandan qaz almaqla yox, həm də özünün kifayət qədər resursları ilə".