“Bəyanat imzalayanların məqsədini bilmirəm”
Əli Kərimli isə ACP-nin prosesə qoşulmamasının səbəblərini bildiyini dedi
Azərbaycan servisi/Aran Agentliyi
Açıq Cəmiyyət Partiyası (ACP) seçkini boykot edən partiyaların məsləhətləşmələrində iştirak etsə də, Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları və “Azərbaycan Naminə” İctimai Forumun liderlərinin sentyabrın 5-də imzaladığı bəyanata qoşulmadı. 1996-cı ildən ABŞ-da mühacirətdə yaşayan ACP lideri Rəsul Quliyev “Mediaforum” saytına deyib ki, bəyanatı imzalayanların məqsədlərinin nə olduğunu bilməyənə qədər heç bir sənədə qol qoymayacaq.
Jurnalistin bəyanatda boykotçuların 15 oktyabr seçkisinə vahid münasibətinin öz əksini tapmasını, seçkinin nəticələrinin bəribaşdan qeyri-legitim adlandırılmasını xatırlatmasına R.Quliyev belə cavab verib. “Bilirsiniz nədir? O, şüardır. Bu işi necə görəcəklər? Konkret plan, proqram hazırlanmasa, bu müzakirə olunmasa, seçkinin nəticələrini belə edəcəyik deməyin mənası yoxdur. Necə edəcəksiniz”.
AXCP sədri Əli Kərimli isə ACP liderinin dediklərini sualla qarşılayıb: “Ölkənin kifayət qədər tanınmış beş siyasi qüvvəsi bir araya gəlib vahid mövqedən çıxış edibsə, necə təsəvvür etmək olar ki, hər hansı müzakirə aparılmadan, məqsədlər, hədəflər bəlli olmadan, sadəcə bir bəyanat qəbul edilib?! Hamı şahidiydi ki, bir neçə həftə ərzində siyasi liderlər arasında intensiv danışıqlar gedirdi. Elə olurdu ki, ayrı-ayrı partiyalar arasında danışıqlar həftədə iki-üç dəfə baş verirdi. Hər şey danışılıb, müzakirə olunub.
Əlbəttə, müəyyən məsələlərdə işbirliyinə nail olmağı qarşısına məqsəd qoymuş partiyalar, ilkin də olsa, müəyyən planlara malikdir. Bu plan daha detallı şəkildə, müzakirələrin nəticəsində birlikdə hazırlanacaq. Elə birlik ona görə yaranır ki, həm bir yerdə planlar hazırlansın, həm də onları həyata keçirmək üçün fəaliyyət birliyi təmin olunsun. İlkin müzakirələr aparılıb, hədəflər müəyyənləşib. Əslində, demokratik qüvvələrin birləşmək üçün hədəf axtarmasının özü bir az qeyri-ciddi olardı. Demokratik qüvvələrin ölkədə demokratiyanın qələbəsinə nail olmaqdan başqa hansı hədəfi ola bilər?"
Ə.Kərimli deyib ki, onlar əməkdaşlığı genişləndirmək fikrindədirlər: “Açıq Cəmiyyət Partiyasına da əvvəldən bizim mövqeyimiz çatdırılıb, onun təmsilçiləri də müzakirələrdə iştiraka dəvət olunublar. Mən daha detallı açıqlama vermək istəmirəm, bu partiyanın prosesə qoşulmamasının səbəbləri ilə bağlı müəyyən gümanlarım var. Amma hesab edirəm ki, indi ona vaxt ayırmağa ehtiyac yoxdur.
Bəyanatın şüar adlandırılmasına gəldikdə, bilirsiniz, bu, çox da asan deyilən şüarlardan deyil. Təsadüfi deyil ki, ölkədə beş siyasi qüvvə bu şüarı səsləndirməyə özündə təpər tapıb. Bu qədər repressiv bir hakimiyyətin seçkini saxtalaşdırdığını açıq, prinsipial şəkildə bəyan etmək hər kəsin tez-tez təkrarlaya biləcəyi bir şüar deyil. Hazırda bu, daha çox siyasi mövqedir və biz siyasi partiyaları öz mövqelərini bildirməyə çağırırıq. Bizim bəyanata qoşulmasınlar, amma baxaq görək ölkənin daxilində fəaliyyət göstərən hansı siyasi qüvvələr özlərində cəsarət tapıb ağa ağ, qaraya qara deyəcəklər və baş verən bu seçki tamaşasının əsl adla çağıracaqlar".