Tarix : 2008 Sep 13
Kod 7234

İLQAR İBRAHİMOĞLU: MƏNƏVİYYATSIZ YAŞAMAQ MÜMKÜN DEYİLDİR

«… Əgər insanlar normal xitabət kürsülərindən səslənən dini maarifçiliyi almırlarsa, onda buna hansısa alternativ meydana çıxır…»
Azərbaycan servisi/Aran Agentliyi

«…Qadağalar və inzibati-repressiv metodlarla ekstremizmin və radikalizmin inkişaf etməsi üçün daha münbit şərait yaradılır…»

«Novosti-Azərbaycan» agentliyinin İçərişəhər «Cümə» məscidinin imam-camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin (DEVAMM) sədri, hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğlu ilə müsahibəsi.

- «Əbu-Bəkir» məscidində baş vermiş partlayışla əlaqədar olan hadisələr fonunda Azərbaycandakı ictimai-siyasi vəziyyəti Siz necə qiymətləndirirsiniz?

- Konkret olaraq, Azərbaycanda terrorizmin yayılması mövzusu, «Əbu-Bəkir» məscidindəki terror aktından və Bakı şəhərinin Xətai rayonunda yerləşən elektrik stansiyasında baş vermiş partlayışdan sonra aktuallaşmışdır. Prinsipcə, mən düşünürəm ki, baş vermiş bu hadisələr və ən azı məsciddə baş vermiş partlayışlar, hələ də bizim ölkəmiz üçün səciyyəvi və tipik deyildir. Və bu baxımdan, mən yaxın zamanlarda bu istiqamətdə terrorizmin xüsusi böyük inkişaf etməsini gözləmirəm.

Lakin, buna baxmayaraq, ölkəmizdə radikalizm və ekstremizmin inkişaf edə bilməsi təhlükəsinin mövcud olması barədə danışmaq olar. Bu, bir neçə hal ilə şərtlənir. Və bütün bunların kökündə isə ölkədə praktiki olaraq hər hansı bir dini maarifçiliyin olmaması durur. İnsanlar mənəviyyata, dini maarifçiliyə ehtiyaclıdırlar. Əgər onlara bu dəyərlər verilməsə, əgər insanlar bunları televizorların ekranlarından, normal xitabət kürsülərindən götürməsələr, onda alternativ peyda olur. Əfsuslar olsun ki, bizdə son illər televiziya kanallarında dini verilişlərə özünəməxsus bir qadağa meydana gəlmişdir.


Özü də ki, mahiyyət etibarilə bizdə bu gün - hətta mübarək Ramazan ayında belə, dini mövzuda minimum sayda verilişlərimiz vardır. Mövcud olan bu verilişlərin də standartlara uyğun gəlməməsi və əhalinin intellektual və mənəvi ehtiyaclarına cavab verməməsi faktı isə bizim öz vətəndaşlarımızı müxtəlif səpkili radikalların və ekstremist qollarının ağuşuna itələməyimizdən xəbər verir.
 
Bu səbəbdən də mən hesab edirəm ki, bütün bu məsələlərin kökündə maarifçilik, xüsusən də dini maarifçilik durur. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan məmurlar düşünürlər ki, məhz repressiv və inzibati-amiranə metodlarla nəyi isə əldə edə bilərlər. Mən isə hesab edirəm ki, əksinə, qadağalar və inzibati-repressiv metodlarla ekstremizm və radikalizmin inkişaf etməsi üçün daha münbit və əlverişli şərait yaradılır.
Qeyd etmək istərdim ki, bu cür şəraitə bir qədər də «kömək» edən digər hallar da mövcuddur. Məsələn, ölkədə qanunçuluğun aliliyinin, normal sosial şəraitin olmaması da ona gətirib çıxarır ki, insanlar hansısa alternativlər axtarmağa başlayırlar. Və elə bu zaman bütün bunlardan çox yaxşı şəkildə  istifadə edən müxtəlif növlü radikallar və ekstremistlər meydana çıxırlar.

- Əgər son günlərin təfərrüatlarına varmasaq, XXI əsrin əvvəllərində müxtəlif qüvvələrin Azərbaycan əhalisinə təsirini necə xarakterizə etmək olar? Və bu təsir müvəffəqiyyət qazanmışdırmı? Radikal qruplaşmaların və fikirlərin tərəfdarlarının sayı artmışdırmı? Və Siz əvvəllər düzgün olmayan xarici təsirə məruz qalmış insanları yenidən haqq yola inandırmaq halı ilə rastlaşmısınızmı?


- Belə hallar olmuşdu. Xüsusilə də 2000-ci illərin əvvəllərində, müxtəlif yönlü radikalizm və ekstremizm fikirlərindən, xəvariclərin tutduğu istiqamətlərdən uzaqlaşmış və həqiqi inanc istəyən bir çox insanlarla əlaqədar olaraq. Bu insanlar bu və ya digər formada xəvariclərə aid edilirdilər və yaxud da özlərini təkfirçilərə aid edirdilər. Mətbuatda onları vəhhabilər adlandırırlar. Və bu insanlar əvvəllər əldə rəhbər tutduqları fikirlərindən uzaqlaşmışdılar.

Yəni, həm ideoloji və həm də praktiki cəhətcə insanlarla daim işləmək lazımdır. Lakin bu iş çox az görülür. Bu gün televiziya kanalları bunun üçün heç bir şey etmirlər. Və əksinə, bu telekanallar insanların haradasa kənarda mənəviyyat axtarmaları üçün əllərindən gələni edirlər.

Həm Avropa ölkələrində və həm də ki, bütün dünyada bu məsələnin fundamentallığının ciddiliyi tam şəkildə başa düşülür. Bu səbəbdən də dini maarifçilik üçün hər cür şərait yaradılır. Belə ki, belə maarifçilik işi aparılanda heç təhlükə də olmur. Və bizdə yaranmış belə vəziyyətdə də mən düşünürəm ki, xüsusilə baş vermiş hadisələr göstərdi ki, hələ Sovet İttifaqı dövranından qalmış institutlar baş vermiş proseslərə reaksiya verməyə çatdırmırlar, əhalinin başa düşdüyü dildə danışmırlar, vəziyyətə təsir etmirlər.
Ölkədə dini maarifçilik ədəbiyyatı ya praktiki olaraq yoxdur, ya da ki, həddən artıq azdır. Yaxşı, onda bu halda əhali ona lazım olan bilgilərə haradan qaynaqlansın? Azərbaycan mütləq fundamental İslam maarifçiliyi mərkəzlərinin tədqiqatına, belə mərkəzlərin təsis edilməsinə və inkişaf etdirilməsinə başlamalıdır. Çünki, əgər biz bu istiqamətdə insanlar üçün təhsil almağa və inkişaf etməyə imkanlar yaratmasaq, onda əhali öz suallarına cavabları həmişə kənarda tapmağa çalışacaqdır.

- Siz ölkənin müxtəlif bölgələrində olursunuz. Bəs bu bölgələrin hansı birini radikal fikirlərə daha çox meylli kimi qiymətləndirirsiniz?


- Əvvəla, mən düşünmürəm ki, ölkənin hansısa bölgələrini bu baxımdan xüsusi qeyd etmək mümkündür. Çünki, Bakıdan başlayıb və ölkənin bəzi bölgələrində qurtaranadək bütün bu hallar hələlik yalnız marginal səviyyədə mövcuddur. Lakin, nə zamansa bunların marginal qrup şəklində olmaqdan çıxıb sistemli tendensiyaya qədər böyüməsi təhlükəsi vardır. Bəs nə etmək lazımdır? Mən düşünürəm ki, indi ən əsas məsələ düzgün koordinasiya işi aparılmadadır.
Təəssüf ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) hətta son hadisələrdən sonra da bu yöndə hər-hansı bir fəallıq nümayiş etdirmədi. Adama elə gəlirdi ki, təhlil üçün, araşdırmaq üçün, bu istiqamətdə mütəxəssislər arasında fikir mübadiləsi aparmaq üçün təcili addımların atılmasının zəruriliyi göz qabağındadır. Amma xeyr, biz bütün bunları sezmədik. Əksinə, Dövlət Komitəsi yenə də həmin o prinsiplə hərəkət etmişdir ki, guya onlar hər şeyi və nə etmək lazım olduğunu bilirlər, lakin müxtəlif arzuolunmaz hadisələr baş verəndən sonra hərəkət etməyə başlayırlar.
Mən düşünürəm ki, DQİDK bu məsələlərə yanaşmanı köklü şəkildə dəyişməlidir. Bu Komitə mütləq vətəndaş cəmiyyəti ilə, və o cümlədən də bu sahədəki mütəxəssislərlə məsləhətləşmələr aparmalıdır. Bütün dünyada məhz belə hərəkət edilir. Və komitə bu işi görməyəndə isə o, mahiyyət etibarilə ölkədə gedən proseslərin inkişafından geri qalır. Çünki, Komitə öz ideyalarını təşviq edə bilmir və ümumiyyətlə, nə istədiyini cəmiyyətə təqdim etməkdən məhrum olur.
Məsələn, məscid xaricində namaz qılmağın qadağan olunması ilə bağlı hadisə, hələ də inanclı insanlar üçün sona qədər başadüşülən olmamışdır. Bəs görəsən bu qadağan həqiqi səbəbləri nə olmuşdur? Dövlət Komitəsi isə nə dini ictimaiyyətlə, nə də ki, mütəxəssislərlə hər hansı bir dialoq aparmadan bu cür fövqəladə addımlara əl atmışdır. Bu - əlverişsiz vəziyyətdir. Mən düşünürəm ki, bu - elə bu cür məsələlərdə professionallığın olmamasının təzahürüdür.
Din, onunla yumşaq şəkildə işləməyin zəruri olduğu bir sahədir. Əks halda bu ifratçılığa gətirib çıxarır.

- Siz necə düşünürsünüz, keçən əsrin 90-cı illərinin əvvəlləri ilə müqayisədə ölkədə bu istiqamətdə vəziyyət dəyişmişdirmi? Axı o zaman, SSRİ-nin dağılması ilə onillər boyu qadağa altında olan dinin dirçəlişi baş verdi. Və məhz o zaman sərhədlər açıldı və ölkəyə İrandan və digər dövlətlərdən əcnəbilərin axını başladı. Və o zaman, yerli sakinlərdə bir din aclığı var idi. Siz necə düşünürsünüz, o zaman bu yönümdə olan vəziyyət daha çətin idimi?


- Mən fikirləşirəm ki, prinsipcə vəziyyət bir o qədər də dəyişməmişdir. Belə ki, biz bu gün elə o zaman edilən səhvləri müşahidə etməkdəyik. Gəlin hələ sovet dövranından qalma institutların, misal üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyətini nəzərdən keçirək. Bu institut praktiki olaraq cəmiyyətdən dala qalmış və bir növ atavizmə çevrilmişdir. Faktiki olaraq, QMİ-nin əhali arasında heç bir nüfuzu yoxdur, bu idarə proseslərə təsir etmir, heç cürə hadisələri qabaqlaya bilmir. Və əlbəttə ki, inanclı insanların mənəvi vəziyyətinin daşıyıcısı olmaqdan tam uzaqdır. Mən düşünürəm ki, bütün problemlər buna dirənir.
İnsanlarda sovet vaxtlarından qalmış institutlara inam yoxdur. DQİDK isə, təəssüflər olsun ki, öz işini əsas etibarilə inanclı insanlar üçün normal şəraitin yaradılmasında yox, repressiv inzibati tədbirlərin tətbiq edilməsində görür. Ona görə də, mən hesab edirəm ki, bu gün Azərbaycanda dini sahənin uğurlu inkişafı üçün son illər ərzində yaranmış bütün potensialdan istifadə olunmur.

- Bəs Azərbaycandakı müxtəlif millətlərin nümayəndələri olan müsəlmanlar arasında qarşıdurma müşahidə edilirmi?


- Mən düşünmürəm ki, bu hal Azərbaycan üçün xarakterikdir, səciyyəvidir. Xoşbəxtlikdən, ölkəmizdə nə etnik zəmində, nə də ki, dini zəmində hər hansı bir qarşıdurma hallarını biz müşahidə etmirik. Amma, hansısa radikal ekstremistlərin müxtəlif etnik və milli qrupların hissləri ilə oynaması halları istisna edilmir. Bəli, bu istisna olunmur. Ona görə də, çox ciddi iş aparılmalıdır ki, bu da əfsuslar olsun ki, aparılmır.
Mən arzulayardım ki, DQİDK, onu getdikcə daha çox sovet dövrünün orqanlarına oxşadan öz metodologiyalarından uzaqlaşsın. Çünki, bu metodologiyalar daha açıq, daha çevik və mütəxəssis ictimaiyyəti ilə məsləhətləşmələrə hazır olmalıdır.


- Jurnalistlər çox tez-tez müxtəlif dini qurumların və dövlət güc idarələrinin rəhbərlərinə Azərbaycan ərazisindən radikal məzmunlu qeyri-qanuni dini ədəbiyyatın keçirilməsinin qarşısının alınmasının zəruriliyi ilə bağlı suallar verirlər. Əgər nəzərə alsaq ki, qlobalizasiya dövründə problemsiz şəkildə hər hansı bir şeyi internetdən götürmək, sonra isə bu məlumatları printerdə çap edərək yaymaq mümkündür, Siz bu məsələni nə dərəcədə aktual sayırsınız?


- Mən düşünürəm ki, bu - müxtəlif səpkili radikal məzmunlu ədəbiyyatla mübarizə üçün çox qeyri-effektiv bir metoddur. Bu problemlə mübarizə aparmaq əvəzinə insanlara normal ədəbiyyat vermək zəruridir. İnsanlara fundamental, klassik bilgilər verməyəndə, onlar hər bir halda bu bilgini kənardan tapacaqdır. Buna görə də mən düşünürəm ki, qadağalarla məsələni həll etmək olmaz. Özü də ki, belə metod sonda bu və ya digər formada senzuraya gətirib çıxarır. Və belə yanaşma dini istiqamətdə inkişafa kömək etmir.
Mənə belə gəlir ki, bu halda enerjini məhz Azərbaycan dilində normal ədəbiyyatın yaradılmasına yönəltmək daha yaxşıdır.

- Düşünürəm ki, düzgün maariflənmə deyəndə Siz həm də məktəbdə xüsusi dərslərin tətbiqini də nəzərdə tutursunuz…
- Mən məktəbdə məcburi məşğələlərin əleyhinəyəm. Mənim nəzərimcə, maksimum şəkildə bunu fakultətif formada etmək olar. Beləliklə, mən maariflənmə dedikdə, məktəbdə məcburi maariflənməni nəzərdə tutmuram. Çünki, bu da həmçinin mənfi nəticələrə gətirib çıxara bilər. Özü də ki, bu halda kimin, necə və nəyi tədris edəcəyi elə əvvəlcədən bir o qədər də aydın deyildir.
Burada əsas etibarilə söhbət ondan gedir ki, məhz cəmiyyət daxilində əhali arasında normal maarifləndirmə işinə cavabdeh olan müvafiq mexanizmlər yaranmalıdır. Əfsuslar olsun ki, hal-hazırda olan institutlar bununla məşğul olmurlar. Bu qurumlar daha çox başqa işlərlə məşğuldurlar. Və əlbəttə ki, bu məsələyə lazımi diqqət yetirilməyəndə boşluq və vakuum yaranır. Və bu da sonda arzuedilməz nəticələrə gətirib çıxarır.

- Bu gün daha çox gənc İslam dəyərlərinə can atır, cavan qızlar başlarını bağlayırlar. Bununla əlaqədar olaraq, bəzi ictimai və siyasi xadimlər, bir sıra politoloqlar bir dünyəvi dövlət olan Azərbaycanın islamlaşması baxımından bunun ölkəyə təhlükə verə bilməsindən əndişələndiklərini, çəkindiklərini dilə gətirirlər. Bu fikri Sizdəmi bölüşürsünüz?


- Mən düşünürəm ki, ciddi siyasətçilər və politoloqlar bundan narahat olmurlar. Belə ki, bu gün göstərilmiş istiqamət üzrə mövcud olan inkişafa baxmayaraq, Azərbaycan hətta bu görüntü üzrə də Parisə uduzur. Yəni, Fransa paytaxtında siz Bakıdan daha çox dindarlıq, daha çox İslami atributlara rast gələ bilərsiniz. Ona görə də, bu istiqamətdə hansısa xüsusi bir narahatçılığı mən görmürəm. Bir də ki, heç bu məsələdə narahatçılıq da yoxdu axı…Əksinə, narahatçılıq insanlara həqiqi din təqdim edilməməsində və İslamın inkişafı qarşısında maneələrin yaradılmasındadır. Və bu zaman, mahiyyət etibarilə elə alınır ki, biz öz vətəndaşlarımızı öz əllərimizlə müxtəlif çeşidli ekstremist və radikal dairələrin təsiri dairəsinə tərəf itələyirik.

Mən onu nəzərdə tuturam ki, inkişaf etmiş ölkələr dinin inkişafı üçün normal şərait yaradırlar. Və bu şəraiti yaratmaqla məşğul olmayanların isə radikalizm və ekstremizm problemləri vardır. Mənəviyyatsız yaşamaq mümkün deyildir.

  • Yazılıb
  • da (də) 2008 Sep 13